BAKI, 10 may — Sputnik. Rəsmi məlumata görə AYB-nin (Azərbaycan Yazıçılar Birliyinin) 1500-dən artıq üzvü var. Qeyri-rəsmi məlumata yox, müşahidəyə əsasən azacıq mübaliğə ilə deyə bilərəm ki, ölkədə qələm tutub yazı yaza bilən hər kəs Yazıçılar Birliyinin üzvüdür. Təkcə məhz sənət üçün, ədəbiyyat üçün yazı yazan yazıçılardan başqa yazı yazmağı bacaran kimi görüblərsə, bu birliyə üzv ediblər.
Azca araşdırma aparan hər kəs görə bilər ki, bu birliyin yüzlərlə üzvündən ən yaxşı halda yüz nəfəri sənətə, ədəbiyyata xidmət edir. Digərlərinin isə nəyə görə, hansı bacarığına, hansı əməyinə görə bu birliyə üzv olması barədə heç bir dəlil-sübut yoxdur. Əhali arasında sorğu da keçirilsə, ən yaxşı halda elə həmin yüz nəfəri tanıyarlar. Digərlərinin yazıçı olmasından heç birliyin sədri yazıçı Anarın da xəbəri yoxdur.
Bəs yazıçıların birliyi adı altında hərf tanıyan, cümlə qura bilən hər kəsi yazıçı adı ilə bu birliyə salmaqda məqsəd nədir? Birliyə üzv olan hər kəs üzvlük haqqı ödəyir. Üstəlik, üzvlərin sayı çoxaldıqca dövlət tərəfindən birliyə ayrılan məbləğ də çoxalır və bu da birliyin rəhbər vəzifəsində çalışanlara sərf edir.
84 ildir ki, fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin son otuz ildə yetirib xalqa təqdim elədiyi, tanıtdığı bir yazıçı belə, yoxdur. Hal-hazırda tanınan, oxunan və sevilən ədəbiyyat adamlarının əksəriyyəti də AYB-nin üzvü deyil. Onların bir qismi vaxtı ilə üzv olub, sonradan imtina ediblər, bir qismi də mənim kimi, əvvəlcədən birliyin yararsızlığını dərk edərək heç vaxt üzv olmayıblar.
Üstəlik, hal-hazırda Azərbaycan Yazıçılar Birliyində 84 illik tarixin əsl diktatura dönəmi yaşanır. Rəsul Rza 1 il, Mehdi Hüseyn 7 il, Süleyman Rəhimov 6 il (fasilələrlə), Səməd Vurğun 6 il (fasilələrlə), Mirzə İbrahimov 21 il (fasilələrlə), İsmayıl Şıxlı 1 il bu birliyin sədri vəzifəsini tutublar. Yazıçı Anar isə 31 ildir ki, (1987-ci ildən) fasiləsiz olaraq bu birliyin sədri vəzifəsində çalışır. Rəhbərliyində dəyişiklik olmayan birliyin fəaliyyətində hansı yenilikdən, nailiyyətdən söhbət gedə bilər ki?
Yaxşı olmazdımı Azərbaycan Yazıçılar Birliyində məhz nasirlər, şairlər, dramaturqlar, tənqidçilər, tərcüməçilər birləşsin? Onlar hər il, heç olmasa, bir müəllifin kitabını çap edib, onun təbliğatı ilə məşğul olsunlar və bu birlik həmin yazıçının məktəbinə çevrilsin.
Yaxşı olmazdımı, birliyin fərdi təqaüdlər verən fondu olsun? Bu fond hər il, heç olmasa, bir müəllifə təqaüd ayırsın. Bu təqaüd ilbəil neçə-neçə yazıçının maddi şəraitini yaxşılaşdırsın və bu müəlliflər yeni əsərlər yazmağa daha çox vaxt ayırsınlar.
Yaxşı olmazdımı, AYB dünya miqyaslı ədəbiyyat müsabiqələri təşkil etsin və məhz bu ölkənin bütün dünya ədəbiyyatına mükafat töhfəsi olsun? "Nobel" kimi, "Buker" kimi, "Pulitser" kimi bizdən də mükafat almağı arzulayan dünya ədibləri olsun.
Bütün bunlar bir yana. Gənc ədiblərin nəsrə, şeirə qaçdığı bir vaxtda, gənc dramaturqların az qala tapılmadığı zamanda AYB gənc dramaturqların yetişməsi üçün niyə heç bir addım atmır? Birlik dramaturgiya dərnəkləri, seminarları, festivalları təşkil etməli, teatrlarla əməkdaşlıq qurub ölkəyə və xalqa yeni dramaturqlar təqdim etməlidir.
Bütün bunlara nail olmaq üçün AYB kökündən dəyişilməlidir. İstedadı olmayan, ədəbiyyat adına fəaliyyət göstərməyən adamlar birlikdən kənarlaşdırılmalıdır. Bu yolda ilk addım birliyə qəbul üçün üzvlük haqqının ləğvi olmalıdır. Birlik, əsasən dövlət tərəfindən, qismən isə sənətin inkişafına dəstək olmaq istəyən şəxslər tərəfindən maliyələşməlidir.
Ən əsası isə, birlik həm də özünün gəlir yerini formalaşdırmalıdır. Kitab nəşrini, satışını, tərcüməsini, yerli müəlliflərin əsərlərinin xarici dillərə tərcümə olunmasını və xarici ökələrdə satışını həm sənətə xidmətə, həm də gəlir yerinə çevirə bilməlidir və beləcə ayaqda durmağı bacarmalıdır.
İndiki halda isə AYB-nin fəaliyyəti başdan ayağa ayıbdır. Adi üzvlük haqqından ötəri yazı yaza bilən hər kəsi birliyə üzv etmək bütün yazıçılara təhqirdir. İnsanların da bu birliyə üzvlük vəsiqəsi almağı bir uğur hesab etməsi, bunu bir titul kimi qəbul etməsi lap dəhşətdir.
Yazıçı boyunduruq quludursa, etiraz etməyi bacarmırsa, hakimiyyət eşqi ilə yaşayırsa, işğalçıdırsa, burda ədəbiyyatın adı keçə bilməz. Axı ədəbiyyat və ümumilikdə sənət həqiqətləri bədii dildə göstərmək üçün yaranıb. 31 il bir kürsüdə oturmaq və bu kürsünün 31 illik sahibinə mədhiyyələr yazmaq yazıçı əxlaqına sığışan iş deyil. Belə birlik AYB abreviaturası ilə yox, ən yaxşı halda ayıb sözü ilə tanına bilər.