Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şuşa dumanı

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidŞuşa, arxiv şəkli
Şuşa, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan Şuşanın işğalının növbəti ildönümündə oxuculara Natiq Məmmədlinin "Şuşa dumanı" hekayəsini təqdim edir

“Anam deyirdi, ayaqlarım sızıldayır, duman gələcək. Gəlirdi də…” 

Hikmət Sabiroğlunun “Qarabağ söhbətləri”ndən 

“Yalançısan, yalançı! Bəs deyirdin ayağım ağrıyanda yağış yağır. Hanı, yağmadı ki. Heç vaxt yağmır da. Sənin nə yalançı ayaqların varmış”, — Amil həkim evdən çıxaçıxda beş yaşına dünən adlamış toppuş nəvəsinin ağzını marçıldada-marçıldada elədiyi giley-güzarın qabağında deməyə düz-əmməli söz tapmadı. Həmişəki kimi başını sığallayıb alnından öpdü, əyilib qulağına, “Ə, saa qurban olum” pıçıldadı. Qonum-qonşunun yığışdığı xudmani ad günündə eləcə dizlərini ovuşdura-ovuşdura qalmışdı, zoqqultudan masanın altında ayaqlarını qoymağa yer tapmırdı, barı durub gəzişməyə imkan olsaydı, sızıltıları bekara səngiyərdi. Axı hara gedəsən: nəzir-niyazla tapdığın, gözünün ağı-qarası nəvənin beş yaşı ola, tifil sevincindən özünü qoymağa yer tapmaya, neçə ildən sonra bu qədər dost-tanışı bir yerdə görəsən, axırda da qayıdasan, "siz oturun, mən gəzişib gəlirəm", heç olan iş deyildi. Məclis də ki nə məclis — elə bil hamı sözü bir yerə qoyub ömürləri boyu məşq elədikləri bir pərdəli komediyanı növbəti dəfə oynayırdı, hərə bir cürə artistlik edirdi, təki uşağın könlü xoş olsun. Uşaq neyləsin axı, bu qaçhaqaç dünyasına mayın 7-də göz açıb, sabahsa Şuşanın gedən günüdü… Loxması boğazında kilidlənən məğlub şəhərin sakinlərinin əllərindən nə gəlirdi artistlikdən savayı… 

© SputnikNatiq Məmmədli
Natiq Məmmədli - Sputnik Azərbaycan
Natiq Məmmədli

“Ay doxtur, halın yaman qarışıqdı, nooluf sən Allah?”.

“Ayaqlarımı qoymağa yer tapammıram. Sızıldıyır yenə. Bu nə dərddi düşmüşəm bilmirəm”.   

“Rematizmadı dana, nə olasıdı ki? Rütubət olan təki göynədir. Bakının da başına dönüm, təmiz adamları kimi təmiz havası da hələm-hələm ələ düşmür”.

“Ə, heylə danışmayın. Doxturla doxturlux eləmək istəyirsiniz, heləmi?”

“Qalada olanda anamın da ayaqları zoqquldayırdı. Elə dədəm rəhmətliyin də. Bu azar bizdə nəsillikcədi, deyəsən. Sabah yağış yağacaq, nə bilim duman gələcək, bizim ayaqlarımız göynəməliydi”. 

Şuşadan olan məcburi köçkün ailəsi öz oğlunu Moskvaya göndərir - Sputnik Azərbaycan
VİDEO
Şuşadan olan məcburi köçkün ailəsi öz oğlunu Moskvaya göndərir

“Baba, sabah yağış yağacaq?” — Amil həkimin toppuş nəvəsi əlindəki oyuncaq tankı yerə qoyub sevincək dilləndi — “duman da gələcək, heləmi? Mən heç duman görməmişəm…”

“Ayə, Bakıda duman nə qayırır? Duman Şuşada olurdu de: kor duman, dalınca da sızqa yağış. Pah! Duman deyirəm e saa, tay tozanax yox!”

“Uşağın könlünü niyə qırırsan? Qadası, bunlara baş qoşma, babanın ayaqları zoqquldayır, sabah mütləq duman olacaq, hələ dalınca bir yağış yağsın ki… Pah! Yağış deyirəm e saa…” Amil həkim dünən dediyi sözləri yadına salanda ayaqlarının ağrısı kəsmişdi, amma heç nədən uşağın yanında əməllicə pərt olmuşdu. Doğrudan da duman harda qaldı görəsən?.. Heç olmasa çoban aldadan yağış ataydı…

Belə götürəndə, yaxşı ki yağmadı, bu gün Yeni Yasamalda Əliqulu müəllimin ortancıl oğlu Mehmanın — “Memi”nin üçüdü axı. Özü də Şuşanın gedən günü, yas yasa qarışıb. Bir yağışımız çatmırdı, camaatı ələm-yesir eləsin. Şuşanın yas məclisləri ağır olur: ağır olur da sözdü, lap yüz yaşında adamın hüzründə də yeddi gün otururlar, mağarın da günü bir ətək pul, o biri xərc-xəsarətləri də öz yerində. Bakılılar üçdən sonra mağarı yığırlar. Çox vaxt elə üçlə yeddini birləşdirirlər, ağdamlılar da qaçqınlıqda adət-ənənəyə əl gəzdirdilər, üçlə yeddinin arasında mağarı götürdülər. İmkanlı adamlar qabağa düşüb belə elədilər ki, kasıb-kusub zora düşməsin. Düz də elədilər. Amma Şuşa… Heç kim adətdən qırağa çıxmağa ürək eləmirdi. Şuşa qəliz yerdi — belə məsələdə qabağa düşmək çətindi. O Şuşada da, Bakının Şuşasında da. Bu vurhavurda bir yağışımız əskik idi… 

Şuşanın işğalı - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanın işğal altında olan mirvarisi — Şuşa

Amil həkim mağarın qabağında Əliqulu müəllimi görəndə dodaqları səyridi, üçcə günün içində insan yumaq kimi yumula bilərmiş, bala dağının acısına çiyin gərək idi tablaşsın. O, tük basmış sifətinin içində ərimiş gözlərini başsağlığı verənlərin üzünə zilləyib durmuşdu, hamı eyni sözü deyirdi, möcüzə olmayacaqdı ki. Mağarın qabağında beli bükülmüş ağsaç bir kişi Əliqulu müəllimi saxlayıb dayanmadan nəsə danışırdı, heç şübhəsiz ürək-dirək verirdi, dil-ağız eləyirdi. Aralanıb getməyə tələsmirdi. Öyüd-nəsihət o qədər çəkdi ki, axırda həkim öz ürəyində qocaya əsəbləşdi: “Zalım oğlu, ehsanını yedin, sürüş də burdan. İncitmə də yazığı!”. Kişi çəkilən kimi Əliqulu müəllimə yaxınlaşıb hamının dediyi sözləri dedi. O, işığı azalan, çuxura düşmüş gözlərini həkimin sifətində gəzdirib, əlini çiyninə qoydu. “Doxtur, tanıyırsanmı o adamı”, soruşdu. “Yox, müəllim”. “Xankəndindəndi. Bu yazığın oğlunu maşın vurub öldürüb — özü də o biri oğlunun toyu günü”. Ay dünya, yazıq Əliqulu müəllimdən də dərdliymiş ki. Mən də ürəyimdə yamanlayırdım onu…

“Doxtur, gözlərində nətəər də kədər var”, — Rəfael kişi həkimin qabağına çay qoyub bir xeyli üzünə baxdı, nəsə deyəcəyini gözləmədən çıxıb getdi. (“Ay pir olmuş, oturmuşam cavan oğlunun dərdindən beli bükülən atanın böyründə, gözlərimdə nə olasıdı ki… “ — həkim ürəyində pıçıldadı). Şuşanın yas məclislərində dildə hamı çox söz danışa bilərdi, bir-birlərinə toxtaxtlıq verə, hətta köhnə şakərlərinə xilaf çıxmayıb baməzə, duzlu-məzəli söhbətlər də edə bilərdilər, ölənlə ölmək olmaz ki. Amma Şuşa camaatı əsas sözlərini heç vaxt dillərinə gətirməyib, eləcə ürəklərində pıçıldayardılar. Bunu bir özləri eşidərdi, bir də Allahları! 

 “Deyirəm ay doxtur, bu çayçı Rəfael olmasaydı, neyləyərdik” — Əliqulu müəllim mağarın qapısından aralıda yekə samovara baxa-baxa pıçıldadı: “Allah dadına yetsin, heç bilmədim hardan xəbər tutub gəlib”.

“Sağ olsun”, — həkimi gözləmədən yanındakılardan kimsə dilləndi: “Bizim məclislərimiz onsuz olarmı heç”. 

Вертолет Ми-8, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Şuşaya çata bilməyən 44 azərbaycanlı...

“Bilirsən də doxtur, Pirşağıdakı Şuşa qəbiristanlığı dolub daha”, — qabaq-qənşər oturmuş kişi çaydan bir qurtum alıb sözə başladı: “Bələdiyyə uzun bir səngər qazdırıb, burdan o tərəfə keçmək olmaz. Dedik etməyin, eləməyin a kişilər, hələ bizə çox yer lazım olacaq orda…” 

(“Atam öləndə qırx gün qəbiristanlığa gedib-gəldim — ustalar qəbirin üstünü götürürdülər. Şuşadakı Mirzə Həsən qəbiristanlığını deyirəm, qardaşlar, hamımıza yer vardı orda”, — həkimin içinin pıçıltısı məclisdəkilərin ürəyində eyni vaxtda səsləndi, amma heç kim dillənmədi).

“Ləyaxlı oğlan idi, Allah bütün cavan gedənlərimizə irəhmət eləsin. Haqq dünyasında olanlarımızın ruhuna bir salavat zikr eliyək”, — Amil həkim uzun fasilədən sonra səsini çıxaran mollaya sarı çevrildi, başının üstündə qırmızı xalçanın düz ortasında “Memi”nin gülə-gülə şəkli asılmışdı. (“Ay Əliqulu müəllim, bu gədənin düz-əmməli şəklini tapmadınızmı böyütdürəsiniz?! Allah sənə insaf versin, niyə gülə-gülə ürəyimizi dağlayırsan?!”).

“Ay kişilər, vallah salavat çevirməkdən əllərim qabar olub. Ə, bu boyda da yas olar? Əliqulu müəllim, sən Allah incimə e, keçən həftədə əmimi tapşırdıq axı”, — yan tərəfdən kimsə dil-ağız eləməyə başladı.

“Allah rəhmət eləsin, başa düşürəm, a bala”.

“Müəllim, Allah saa səbr versin, möhkəm ol, əşi. “Memi” canlara dəyən oğlan idi. Sən Allah, həştatıncı ildə Stepanakertdə basketbol məsələsi yadınıza gəlirmi?”.

“Pay! Ə, heylə şeyi yaddan çıxarmaq olar?” 

Şuşa, arxiv şəkli - Sputnik Azərbaycan
Şuşanın işğalından 26 il keçir

“80-cı ilin dekabrında vilayət birinciliyində Şuşa komandasının oyununu deyirəm e…”

“Ə, hə dana, mən də onu deyirəm”.

“Komandanı Saleh müəllim hazırlamışdı: Sulduz oynayırdı, Xaqan oynayırdı, hamıdan yaxşı “Memi” oynadı. Elə-belə deyil e, vilayətin tarixində birinciliyi şuşalılar götürdü”.

“Sən öl, mən də ordaydım. Nətəər çığırmışdımsa, üç gün səsim batdı. Qabağa çıxdıq, özü də dörd top fərqiylə. Hələ görəydiniz, vilayət idman komitəsinin sədri varıydı ha, dığanın adı yadımdan çıxdı, axırıncı dəqiqələrdə hirsindən zülüm-zülüm ağlayırdı…”

(“Heyf o günlərdən…”, — camaat Yasin oxuyurmuş kimi dodaqlarının altında pıçıldadı).

Ermənini ağladan Memi döyüşdə ölməmişdi, Qarabağın odunda-alovunda gülləyə can verməyən pəhləvan Donetskdə çayda çiməndə canını tapşırmışdı. Nə gülməli ölüm idi, heç Memiyə yaraşmırdı. Əlində avtomat səngərdə keşik çəkdiyi vaxtlarda qulağına pıçıldasaydılar, çayda boğulacaqsan, adamı hoydu-hoyduya götürərdi. Meyitini gətirənlər bircə kəlmə dedilər: "çimməyə getmişdi bədbəxt, çaya girən kimi batdı". “Dağ uşağı hardan bilsin, üzmək nədi”, — şuşalılar pıçıldadı. Torpaq davasında uduzanların çörək davasında da bəxtləri gətirmədi, bir ömürdə iki məğlubiyyət, bir ömürdə iki ölüm… 

Amil həkim Əliqulu müəllimin düz yanında otursa da, bayaqdan bəri ürək eləyib üzünə baxa bilməmişdi. Ölü yiyəsinin üzünə baxmaq mollaya Fatihə üçün işarə eləmək kimi bir şey idi. Həkim ürəyində qubar bağlamış köhnə xatirələrin çözələnməsini, hərənin bir tərəfdən ipucu verə-verə o illəri, onların olan illərin tozunu almasını istəmirdi. Qaçqınçılığın qərib gecələrində o illərin qaramatına azmı tuş gəlmişdi? Azmı olmuşdu, yuxuda it görən kimi ayılıb, özünü güc-bəla hamama salıb hönkür-hönkür ağlamağı? Anasının sözləriydi — 92-ci ilin fevralının axır günlərində birdən-birə qapımıza xeyli it gəlmişdi. Deyir, yəqin Malıbəylinin, Xocalının itləriymiş… Qapımıza gələn itlər hürüşə-hürüşə də çıxıb getdilər, amma sonra betərini elədilər, ulaşa-ulaşa yuxularımıza doluşdular və bir də heç yana getmədilər… İndi qaysaq bağlamayan yaraya təzədən neştər uzatmağın nə mənası var, qardaşlar, o babalar öldü e, başınıza dönüm. 

Ayaqları yenidən zoqquldamağa başladı — "Lənət şeytana, bu nə vaxtın ağrısıdı, camaat fikir eləyəndə ürəyini tutur, mən ayağımı. Kimə desən, adama gülər vallah. Nə dünən yağış yağdı, nə bu gün, sabah da yağmayacaq. Heç duman da gəlməyəcək. Bəs bu nə şoqərib ağrıdı, yapışıb oynaqlarıma əl çəkmək bilmir". Həkim masanın altında dizlərini ovuşduranda Əliqulu müəllimin ayağına toxundu: 

Xırmandalı kənd sakini Əmirəli Yaqubov - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Şuşa qərargahının əmanəti bir azərbaycanlının əlindəymiş...

— Yenədəmi ağrıyır?

— Müəllim, açıb ağardılası dərd deyil, vallah. Bu gün uşağın yanında da xəcil elədi məni, nəvəmi deyirəm. Yekə-yekə axşamdan dedim ki, səhər yağış yağacaq. Yağış nədi, heç duman da gəlmədi…

— Bəlkə duman bizim dağlara gəlir, ay doxtur?

— Tay o dağlardan bizə nə, başına dönüm… Gör neçə kilometr o tərəfdə qoyub gəlmişik.

— Heylə demə, ay doxtur. Bilirəm, Qaladan düşmək adama çöçün gəlir. O gün Yeni Yasamala bekara duman gəlmişdi, bilirsən nə qədər adam zəng elədi, açmadım telefonu. Tək başsağlığı üçün aramırdılar. Bilirəm nə istədiklərini. Şuşalılar duman görəndə bir-birlərini axtarırlar…

— Nə deyirəm, ay müəllim, təki bu ələm dumanla getsin. Məni üzrlü say, sən Allah bu, çox namərd ağrıdı, durub gəzişməsəm, əl çəkən deyil. Bir az gəzişim, qayıdıram.

— Ay doxtur, gedəni qaytarmayacaqsan ki, işində ol. Allah şəfanı versin.

 “Doxtur, nə tez durdun?”, — mağarın qapısından azca aralıda samovarının yanında dayanıb siqaret tüstülədən çayçı Rəfael dilləndi və cavab gözləmədən də, “tay sən nə təər doxtur oldun e, ayaqlarınla bacara bilmirsən”, dedi. Amil həkim başını bulayıb gülümsədi, Rəfaelin baməzəliyinə yaxşı bələd idi, nə olsun, şərdən-şərə çay paylayır, sözünün qabağına nə söz deyəcəkdi ki. 

Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Bu tamaşanı Şuşada oynayacağıq"

Şuşa çayçısıyla söz güləşdirmək hər yoldan ötənin hünəri idimi? Bilən bilir, xanlıq paytaxtı olmuşdu Şuşa, elə adamlarının başında da xanlığın havası qalmışdı. Cibində bir manat yox, əynində “dvuxportnu” kostyum, boğazda qalstuk, dil də maşallah bir metr. Rəfaelə söz çatdırmaq olardı?

— Ay doxtur, sən Allah bir o ağaca sarı bax — çayçı dilləndi — nə görürsən orda?

— Nə görəcəm, ay başına dönüm, ağacdı dana.

— Ağacı demirəm, doxtur, onun üstündəki sərçələri deyirəm. Lap bizimkilərə oxşayır, heləmi?

— Ə, sən Allah başlama.

— Sazaxlı qışda Qalada bir biz qalırdıq, bir də sərçələr. Biz gəldik, sərçələr qaldı…

— Allah səndən razı olsun, Rəfael, belə şeylərin çox fikrini çəkmə, ürəyinə xal düşər.

— Heyf… heyf ki, dumandan qabaq sənin ayaqların kimi mənimkilər də ağrımır. Muğayat ol ondan, elə-belə şey deyil, Qala ağrısıdı, Qala!

— Ə, sən Allah yaxşı…

(“Qalada bir biz qalırdıq, bir də sərçələr” —, niyə sarı simə vurursan, ay çayçı Rəfael, elə bilirsən, mənim gönüm qalındı, heç zad qanmıram, yadıma heç zad düşmür. “Qar ayaqlamaq” söhbəti vardı, yay axşamlarında pencəklə gəzib, gecələr yorğana bürünüb yatmağa nə vardı. Hünərin var, qışda gəl Şuşaya, sazağında, qarında burnunun ucu göynəsin, qulaqların qızarsın, qar ayaqla… İlk donduran aylarda şəhərdə bir biz qalırdıq, bir də sərçələr. Bunları niyə yadıma salırsan, ay Rəfael, insafın yoxdumu? Biz gəldik, sərçələr qaldı…”)

Gün boyu uzanan sızıltı hava qaralanda daha dözülməz olurdu, bu dəfə ağrılar aşağıdan yuxarı bütün bədənini, oynaqlarının yaladıqca düşüncələrini də süstləşdirirdi. Dilini dişinə tutub dayanmışdı, özünə söz vermişdi ki, bir də uşağın yanında əllərini dizlərinə sürtməyəcək, lap dünya yerindən oynasa belə. Toppuş nəvəsi oyuncaq avtomatını silkələyə-silkələyə hara gəldi şığıyır, “düşmən” axtarır, “atəş” açırdı, sevimli seriallarının başlamasına dəqiqələr qaldığından qadınlar televizorun qabağında yerlərini rahatlamaqdaydılar. Gözləri “düşmən” axtaran nəvəsiylə hava proqnozunu deyən mini yubkalı qızın arasında səyriyirdi. Yadına saldı ki, Bakıya sığındıqları bunca illərdə Şuşanın havasıyla maraqlanmağı heç vaxt ağlından keçirməyib. “Bəlkə, duman bizim dağlara gəlir”, — neçənci dəfəydi Əliqulu müəllimin sözləri yadına düşürdü. Tay bəlkə niyə, başına dönüm! Duman doğrudan bizim dağlara gəlirmiş… Dalınca da yağış yağacaymış… Yağış deyirəm e saa! Hava proqnozu qurtarar-qurtarmaz pencəyinin qoltuq cibindəki telefonunda mesaj səsi cingildədi. Əliqulu müəllim idi, ikicə kəmlə söz yazmışdı: “ayaqlarından öpürəm…”

Xəbər lenti
0