Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 2 fevral — Sputnik. Tariximizi yaşatmaq üçün dövlət qurumları tərəfindən bir çox işlər görülür. Həmçinin, bəzi fərdi şəxslər də tariximizin qorunması, gələcək nəsillərə ötürülməsi üçün əlindən gələni edirlər. Hətta muzey açanlar belə, var.
Eynən Masallı rayonunun Xırmandalı kənd sakini Əmirəli Yaqubov kimi. O, şəxsi təşəbbüsü ilə Xırmandalı Kənd Mədəniyyət Evində muzey yaradıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə həmsöhbət olan Əmirəli Yaqubov bu muzeyi 15 il əvvəl açdığını deyir: "25 ildən çoxdur ki, Xırmandalı Mədəniyyət Evində bədii rəhbər vəzifəsində çalışıram. 15 il bundan qabaq ulu öndər Heydər Əliyevin "Milli dəyərlərimizi toplamaq və qorumaq lazımdır" sözlərini rəhbər tutaraq kəndimizin tarixini araşdırmağa və o gündən maddi-mədəni nümunələri toplamağa başladım".
Həmsöhbətimiz yaratdığı muzeydə qorunan eksponatlar haqqında da qısa məlumat verir: "Muzeyimizdə olan eksponatlar, əsasən qədimi məişət və təsərrüfat əşyalarıdır. Hazırda muzeyimizdə ümumilikdə 800-ə yaxın eksponat var. Fotostendlərdə Böyük Vətən Müharibəsində iştirak edən həmkəndlilərimiz, 1-ci Qarabağ savaşı zamanı şəhid olan oğullarımız haqqında məlumat, onların medalları da yer alıb. Bundan əlavə, fotolarda kəndimizin adlı-sanlı ağsaqqalları, alimləri və Böyük Vətən Müharibəsi vaxtı kəndin idarəçiliyi ilə məşğul olan nənələrimizin fotoları da sərgilənir".
Muzey sahibi bu işə böyük marağı olduğundan muzeydəki eksponatları kəndi qapı-qapı gəzərək topladığını bildirir: "Gördüyünüz bu eksponatları öz vəsaitim hesabına əldə etmişəm. Eksponatların çoxunu evdə saxlayıram, çünki bura balaca bir otaqdır və eksponatların hamısı bura yerləşmir. Təəssüf ki, evdə olanlar da qalıb sıradan çıxır, korlanır və korroziyaya uğrayır".
Ə.Yaqubov muzeydəki ən qədim eksponatın V əsrə aid olduğunu qeyd edir: "Burada XVII və XIX əsrlərə aid "dayandoldurum" tüfəngləri var ki, bunları da kəndimizdən tapmışam. Eksponatların arasında ən qədimi V-VI əsrlərə aid, daşdan hazırlanmış məişət əşyasıdır. Böyüklərimizdən eşitdiyimə əsasən, o vaxt nənələrimiz bu daşın içərisində ərzaqları əzirmişlər".
O, muzeydə qorunan ən dəyərli eksponatın Azərbaycan bayrağı olduğunu vurğulayır: "Bu bayraq digərlərindən fərqlənir. Çünki bu, vaxtılə Şuşa şəhərinin qərargahında saxlanılan bayraqdır. Bu bayraq 1992-ci ildə Şuşa şəhəri işğal edilərkən oradakı bir zabitimiz tərəfindən ermənilərin əlinə keçməsin deyə götürülüb".
"Zabit bayrağı özü ilə bərabər gətirib. Təxminən 5 il bundan əvvəl bu bayraq mənə bir tanışım tərəfindən hədiyyə edildi. Tanışıma isə həmin o zabit tərəfindən verilmişdi. O vaxtdan bəri bu bayrağı mən göz bəbəyim kimi qoruyub saxlayıram. Ən böyük arzumdur ki, tezliklə Şuşamız işğaldan azad edilsin və mən bu bayrağı aparıb əvvəlki yerinə təhvil verim", — müsahibimiz arzusunu dilə gətirir.
Əmirəli Yaqubov muzeyi təkcə tarixi əhəmiyyəti olduğu üçün deyil, həm də kəndin azyaşlı və gənc sakinlərində vətənpərvərlik ruhunun artırılması üçün yaratdığını deyir. Lakin muzeyi saxlamaq, eksponatları qorumaq məsələsində müəyyən çətinliklərlə üzləşdiyini də dilə gətirir: "Hazırda muzey şəraiti olmayan bir binada fəaliyyət göstərir. Ötən əsrdə tikilən bu binada kəndimizin Mədəniyyət Evi yerləşir. Elektrik cərəyanı kəsilib, hazırkı şərait ürəkaçan deyil. Bu da muzeydə qorunan eksponatlara pis təsir göstərir".
"Aidiyyatı qurumlardan xahişim odur ki, yaratdığım bu muzey üçün təzə bina inşa etsinlər. Yeni bina tikilsə, məndə olan bütün maddi-mədəni nümunələri həmin binaya daşıyar, orada sərgiləyərəm. Orada xalqa, cavanlara təhvil verərəm ki, bu ideyaları onlar davam etdirsinlər, qorusunlar", — o vurğulayır.