BAKI, 28 aprel — Sputnik. “Azərbaycan Qran-Prisi Formula 1 təqviminə çox gözəl əlavədir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu 2018 Formula 1 Azərbaycan Qran-Prisində jurnalistlərə açıqlamasında “Sky News” televiziyasının əməkdaşı Krayk Slater deyib.
O qeyd edib ki, Azərbaycanda Formula 1 yarışına rəng qatan özünəməxsusluq mövcuddur: "Bu da həm Formula 1, həm də azarkeşlər üçün çox maraqlıdır. Mən Azərbaycana dördüncü dəfədir gəlirəm. Bundan öncə də burada keçirilən bir çox mötəbər idman yarışlarında iştirak etmişəm. Azərbaycan idman tədbirlərinin keçirilməsində peşəkarlıq nümayiş etdirir. Buradakı təşkilatçılar kifayət qədər peşəkarlaşıblar. Bakıda gəzərkən təhlükəsizliyimizdən tam əminik. Çünki burada təhlükəsizlik tam təmin olunur. Ona görə də Azərbaycan Qran Prisinə gəlmək həm fanatlar, həm də pilotlar üçün maraqlıdır. Azərbaycan Qran-Prisi hər il daha çox inkişaf edir”.
Azərbaycan mədəniyyəti ilə yaxından maraqlandığını deyən qonaq ölkəmizin bir çox tarixi və mədəni abidlərini ziyarət etdiyini vurğulayıb. O, UNESCO-nun mədəni irs siyahısına daxil olan abidələrə malik ölkədə Formula 1 yarışının keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Azərbaycanın milli geyimini geyinməklə mesaj vermək istəyirəm ki, Bakıya Formula1 yarışına gələn insanlar burada həm də zəngin mədəniyyət görəcəklər. Azərbaycan Qran-Prisinin də özəlliyi budur. Burada insanlar bütün qonaqlara dostcasına yanaşırlar. Bakıda olmaqdan çox məmnunam”.