BAKI, 22 aprel — Sputnik. "Qozəştən" (farsca "keçmək") feilindən əmələ gəlmiş GÜZƏŞT sözünün Azərbaycan dilinin izahlı lüğətlərində müxtəlif mənaları yer alır. Məsələn:
— Başqasının xeyrinə olaraq bir şeydən və ya öz fikrindən əl çəkməyə razılaşma, əl çəkmə;
— Alış-verişdə qiyməti aşağı salma;
— Nəyinsə xatirinə bağışlama, əfv etmə;
— Başqasının səhvinin üstündən keçmək və s.
Və bir də güzəşt bağlayıcıları var. Tabeli mürəkkəb cümlənin tərkibində işlənən bağlayıcılar: "hərçənd", "hərçənd ki". Məsələn: Hərçənd ki, filankəsin heç bir savadı, qabiliyyəti yoxdur, o, yenə də yüksək vəzifə iddiasındadır.
Sözümüzün canı vəzifə-filan iddiası deyil. Biz daha çox son günlər camaatı heyrətə salan bu GÜZƏŞT sözünün özünə "takılmışık". Baxmayaraq ki (bu da güzəşt bağlayıcısıdır), güzəşt ifadəsi indiyədək leksikonumuzda heç vaxt təəccübə səbəb olmayıb, əksinə mərhəmət hissini, böyüklük əlamətini ehtiva edib, bu dəfə mənzərə tamam fərqlidir.
Yəni, hazırda insanlar harada GÜZƏŞT sözünə rast gəlirlərsə, aşağısına sosial şəbəkədə HEYRƏT hissini ifadə edən "smaylik" buraxmaqdan özlərini saxlaya bilmirlər. Təbii ki, dilimizdə və yanaşmamızdakı bu 180 dərəcəlik dəyişim səbəbsiz deyil.
Bəlli olduğu kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), əvvəlcə sosial olaraq gözlənilən, sonradan güzəştli deyə elan edilən mənzillərin satışa çıxarılacağı tarixi və şərtləri açıqladı. Tarixlə işimiz yoxdur, amma ki, şərtlər… bir az qafaları qarışdırdı.
Bu şərtlər açıqlanar-açıqlanmaz camaatın gözünü kəlləsinə çıxaran ilk "güzəşt" o oldu ki, sən demə, paytaxt sakinlərinin "şəhər" deyə adlandırdıqları ərazilərdən xeyli uzaqda (Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında) yerləşən Yasamal Yaşayış Kompleksində (YYK) "güzəştli mənzillərin" 1 kvadratmetrinin qiyməti 950 manatdır. Yəni, şəhərə YYK-dan daha yaxın olan Yeni Yasamalın özündə həmin qiymətə (bəlkə də daha ucuz) istədiyin mənzili ala bilərsən. Həm də kimsənin güzəştini, minnətini götürmədən.
Kimlərin həmin mənzillərə sahib ola biləcəyinə gəlincə: Şəhid və milli qəhrəman ailələri, məcburi köçkünlər, azı 5 illik təcrübəsi olan müəllimlər, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər, idman sahəsində xüsusi xidmətləri olan vətəndaşlar. Deməli, bizim qonşuluğumuzda 15 ildir kirayədə yaşayan Həmzəyevlər ailəsi həsrətlə gözlədikləri həmin "güzəştdən" yararlana bilmək üçün neynəməlidir:
Ya içlərindən kimisə ön cəbhəyə göndərməli, ya saxta məcburi köçkün vəsiqəsi almalı, ya arayışda özlərini "Daş karxanasında müəllim" və "Evdar professor qadın" kimi qələmə verməli, ya da küçə-bacada 5-6 nəfəri vurub şil-küt edərək yerli polis bölməsinin verdiyi "Qaydasız döyüş üzrə idman ustası" xasiyyətnaməsini MİDA-ya təqdim etməlidir. Əks halda, gerçək güzəşt olunacaq kateqoriyaya aid olsa belə (burda da güzəşt bağlayıcısı köməyimizə gəlir), Həmzəyevlərə YYK-nın bloklarında müvəqqəti gecələmək güzəşti də şamil edilmir.
(MİDA deyir ki, vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən OLUNMUŞDUR). Tutalım, Həmzəyevlər sadalanan kriteriyalardan hər hansı birinə uyğun gəldi. Bu 5 nəfərlik ailənin yerləşməsi üçün, heç olmasa 2 otaqlı bir mənzil lazımdır. YYK-da da həmin ortabab mənzilin qiyməti, təxminən 50 min manatdır.
Yoldaş Həmzəyev o mənzili kredit yolu ilə ala bilmək üçün qohum-əqrəbadan minimum 5 min manat borc tapıb (o da tapa bilsə) ilkin ödəniş etməli və 30 il ərzində hər ay 200-250 manat kredit ödəməlidir. Qohumların 5 minini də, inşallah oğlu böyüyər, işləyər, qazanar, qaytarar.
Yuxarıda GÜZƏŞT sözünün mənalarından danışırdıq axı. İndi bu ifadənin YYK-dakı şərtlərlə nə dərəcədə uyğunluğu var, bunu MİDA düşünsün. Bizim bildiyimiz isə odur ki, izahlı lüğətdə yer almasa belə, millətimizin yaşatdığı dəyərlər sistemində daha bir anlamı var GÜZƏŞT sözünün: İtirəcəyin böyük bir şey yoxdursa, hər şeyə rəğmən, heç bir ŞƏRT qoşmadan böyüklüyünü göstər!