Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 19 aprel — Sputnik. Güzəştli şərtlərlə satışa çıxarılacaq mənzilləri səbirsizliklə gözləyən vətəndaşların intizarına bir neçə gün öncə son qoyuldu. Belə ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən sözügedən evlərin may ayının əvvəlindən etibarən satışa çıxarılacağı barədə xəbər verildi.
Agentliyin rəsmi saytında güzəştli evlərə sahib olmağın şərtləri də qeyd olundu. Bildirildi ki, həmin mənzillər əvvəlcə şəhid və milli qəhrəman ailələrinə, məcburi köçkünlərə, azı 5 illik təcrübəsi olan müəllimlərə, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslərə, idman sahəsində xüsusi xidmətləri olan vətəndaşlara satılacaq.
Maraqlıdır, güzəştli evlərə tətbiq edilən şərtlər illərdir mənzil sahibi ola bilməyən vətəndaşları nə dərəcədə qane edir? Ümumiyyətlə şərtlərdən razıdırlar? Sputnik Azərbaycan bu suala cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri araında sorğu keçirib. Nəticələri təqdim edirik.
Orxan Səlimov: "Təqribi olaraq, mənzil bazarı ilə güzəştli evlərin qiymətləri eynidir. Sadəcə faiz dərəcəsi və ilkin ödənişi azaldıb, müddəti çoxaldıblar. Nəticə olaraq, toplananların yerini dəyişdikdə cəm dəyişmir".
Könül İbrahim: "Qiymətlər bazar qiyməti ilə eynidir. Bundan əlavə, güzəştli evlərin verilməsi nəzərdə tutulan siyahı ilə razı deyiləm. O zaman sosial layihə olardı ki, hər kəsin yararlana, bu evlərdən almaq hüququ olardı. Ayrı-seçkilik olmazdı. Mən də, yoldaşım da jurnalistik, ölkəyə faydalı insanlar olduğumuzu düşünürəm. Güzəştli ev almaq haqqımızdır, deyə düşünürəm. Təəssüflər olsun ki, jurnalistlərə güzəştli evlər verilmir".
Dilqəm Əhməd: "Şərtlər məni qəti qane etmir".
Elyar İslam: "Təsəvvür edin, filologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi olaraq mənzil almaq üçün müraciət etmişəm. Əgər ala bilsəm, 66 yaşına kimi həmin mənzilin pulunu ödəməli olacağam. Təbii, o yaşa qədər yaşaya bilsəm".
Elvin Səlimov: "Orada sadəcə şərtlər var, heç bir güzəşt yoxdur".
Bəsti İsrafilova: "Yox, qane etmir. Bu, doğru deyil".
Aybəniz Gözəlova: "Belə də şərtlər olar?! Güzəştli sözünün sadəcə adı var. Elə şərtlər qoyulub ki, evi olanlar həmin evlərdən ala biləcək. Heç olmasa, layihənin adını dəyişsinlər".
Qumral Abbasova: "Layihəni çox bəyənirəm. Anam müraciət edib. Bir müəllimə kimi inanıram ki, ona mənzil almaq qismət olacaq. Əla layihədir".
Cəlal Turabov: "Mənim ailə üzvüm müraciət edib. Şərtlər qane edir. Bundan da asan nə şərtlər olmalı idi?".