BAKI, 17 aprel — Sputnik. Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan bu dəfə baş nazir postuna seçildi. Yenə də faktiki olaraq ölkə rəhbəri postuna sahibləndir.
Buna etiraz olaraq ölkədə güc strukturları ilə müxalifət arasında qarşıdurma davam edir. Etirazlara rəhbərlik edən müxalifət lideri Nikol Paşinyan ölkə əhalisinə müraciət edib və hamını mitinqlərə səsləyib.
Xatırladaq ki, sabiq prezident Serj Sarqsyanın baş nazir postuna namizəd göstərilməsinə etiraz olaraq aksiyalar başlayıb. Nikol Paşinyanın tərəfdarları bir neçə saat ərzində Yerevanın bütün mərkəzi küçələrini bağlayıblar. Paytaxt metrosu da qismən işini dayandırıb.
Müxalifət lideri digər şəhər və rayonların əhalisini dövlət yollarını bağlamağa və aksiyanı genişləndirməyə çağırıb. Ermənistan Baş Prokurorluğu isə ölkədə baş verən aksiyalar və toqquşmalarla bağlı cinayət işi başladıb. Əsas təşkilatçı kimi parlamentin müxalifətdən olan deputatı Nikol Paşinyanın adı çəkilir.
Qeyd edək ki, polislə kütləvi toqquşma zamanı onlarla insan xəsarət alıb. Ən azı 46 nəfər xəstəxanaya müraciət edib. Onlardan 6 nəfərinin polis işçisi olduğu bildirilir. Bir polis işçisinin reanimasiyada olduğu qeyd edilir.
Yerevanda nə baş verir?
Ermənistanda prezident üsul-idarəsi parlament üsul-idarəsinə keçsə də, siyasi sistem dəyişmədi. Yəni Serj Sarqsyan baş nazir seçildi və onun səlahiyyətləri prezidentin səlahiyyətlərindən daha çox olacaq. Çünki Ermənistanda 2015-ci ildə konstitusiyaya dəyişiklik edilən zaman prezidentin səlahiyyətləri azaldılaraq baş nazirə verildi.
Bununla, əslində, S.Sarqsyan baş nazir postunu özü üçün hazırlayırdı. Baş nazirin səlahiyyətləri prezidentin səlahiyyətlərindən çox olduğundan, yenə də ölkədə söz sahibi Serj Sarqsyan olacaq və ölkə onun yürütdüyü siyasət əsasında idarə olunacaq.
Prezidentin Təhlükəsizlik Şurasının iclaslarında iştirak hüququ yoxdur. Belə olan halda, yeni prezident sadəcə simvolik bir xarakter daşıyacaq. Ona görə də, Ermənistanda hakimiyyət dəyişikliyini söyləmək yanlışdır.
Nəzərə alsaq ki, söhbət qonşulardan və eyni müstəvidə olan dövlətlərdən gedir, Yerevanda baş verənlərin Azərbaycana təsiri imkanını da təhlil etməliyik. Belə ki, Cənubi Qafqaz ölkələri eyni beynəlxalq siyasi-iqtisadi münasibətlər sisteminə daxildir. Lakin Ermənistanda baş verən proseslərin Azərbaycana təsirinin mütləq şəkildə olacağını düşünmək yanlış olardı.
Ermənistandakı son hadisələrin Qarabağ danışıqlarına da təsiri olacaq. Ümumiyyətlə, ötən ilin aprel hadisələrindən sonra Ermənistanın Dağlıq Qarabağ siyasəti daha da kəskinləşib. Sarqsyan hərbi işğalı yenidən davam etdirmək istəyir. Ermənilər isə artıq savaşda ölmək istəmirlər. Sarqsyan özü də anlayır ki, onun Qarabağla bağlı siyasəti iflasa uğrayıb. Lakin onun başqa yolu da qalmayıb və odur ki, Sarqsyan erməni cəmiyyətini özünün girovuna çevirir.
Burada bir amilə də diqqət çəkək. Ermənistanda proporsional seçki sisteminin mövcudluğu demokratiyanın təntənəsinə səbəb olmadı. Ermənistanın Qərblə münasibətlərində də ciddi problemlər var. Azərbaycanda isə Qərbin enerji maraqları var, bu mənafelər müəyyən mənada Qərbin maraqları ilə üst-üstə düşür.
Ümumilikdə, baş verənlərə Qərb – Rusiya qarşıdurması müstəvisində də yanaşmaq olar. Belə ki, Ermənistandakı proseslər hər hansı bir formada MDB məkanına təsir göstərə bilər. Unutmaq olmaz ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Mərkəzi Asiyanın beş ölkəsi adından ABŞ prezidenti Donald Trampdan regionda təhlükəsizliyin qorunmasına diqqət ayırmasını xahiş edib. Ukrayna və Moldova artıq Qərbin təsirinə düşməkdədir.
Belə vəziyyətdə Rusiya Cənubi Qafqazdakı proseslərə daha çox diqqət ayırmağa məcburdur. Ehtimallara görə, Ermənistan Cənubi Qafqazda yeni müharibəni alovlandıra bilər. Yerevanın bütün bölgə üçün təhlükəyə çevrilməsi istisna deyil. Hər bir halda, Ermənistanda baş qaldıran etirazların qısa zamanda basdırılacağı şübhəsizdir…