BAKI, 13 aprel — Sputnik. Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatına dair bəyanat yayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bəyanatda bildirilir:
"2018-ci il fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsində əks etdirilən hüququndan istifadə edib Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etmişdir. Mərkəzi Seçki Komissiyası 2018-ci il 6 fevral tarixli Qərarı ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti seçkilərini 2018-ci il aprelin 11-nə təyin etmişdir.
Seçkilərin hazırlanıb keçirilməsi qanunvericiliyin və beynəlxalq normaların tələblərinə uyğun və keyfiyyətlə aparılaraq 11 siyasi partiyanın və digər seçki subyektlərinin azad və müstəqil davranışı üçün hər cür imkanlar yaradılmışdır. Mövcud ədalətli mübarizə mühitindən və bərabər imkanlardan heç bir maneə olmadan istifadə edən qeydə alınmış namizədlərin hamısı seçki prosesindən tamamilə razı qaldıqlarını bəyan edərək böyük səs çoxluğu ilə seçilən namizədi təbrik etmişlər.
Vətəndaşların öz konstitusion hüquqlarından tam və maneəsiz istifadə etmələri üçün bütün zəruri addımlar vaxtında və keyfiyyətlə atılaraq, seçicilərin azad və sərbəst seçim imkanları tam təmin edilmişdir. Azad və sərbəst fəaliyyətləri üçün hər cür şərait yaradılan 51 xarici KİV-in 118 nümayəndəsi, habelə 59 ölkəni, 61 beynəlxalq təşkilatı təmsil edən 894 nəfər xarici müşahidəçinin də daxil olduğu 60 minə yaxın geniş müşahidəçi ordusunun mütləq əksəriyyəti ümumilikdə seçkiləri azad, ədalətli və şəffaf kimi qiymətləndirərək seçki prosesində ciddi irəliləyişlərin olduğunu qeyd etmişlər.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının çoxsaylı müşahidəçiləri də ayrı-ayrılıqda həmin mövqeni açıq şəkildə bəyan etmişlər.
Eyni zamanda, obyektivlik, qərəzsizlik, balanslılıq və peşəkarlıq kimi prinsiplərin pozulması açıq müşahidə edilən bu hesabat özündə əks etdirdiyi çoxsaylı daxili ziddiyyətlərlə də diqqəti cəlb edir. Beləliklə də seçkilərdə iştirak edən namizədlərdən hamısının prosesdən razı qalması, qanun pozuntularına dair heç bir şikayət və müraciətin olmaması, yüksək seçici fəallığı tamamilə diqqətdən kənarda saxlanılaraq süni saxtakarlıq mühitinin yaradılmasına cəhd edilir. İddia edilən pozuntuların kimin ziyanına edilməsini də anlamaq çox çətindir.
Qeyd edilənlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatının tərtibi zamanı bu təşkilatların müşahidəçilərinə missiya rəhbərliyi tərəfindən siyasi məqsəd daşıyan bu və ya digər təzyiqlərin göstərilməsi şübhəsini doğurmaya bilməz. Bu gün də demək olar ki, bütün ölkə üzrə missiyanın nümayəndələri yerlərdə ayrı-ayrı insanlarla görüşüb onlardan seçkilərlə bağlı yalnız neqativ faktların təqdim edilməsini xahiş edirlər, bu da onların hesabatlarının kifayət qədər əsassız olduğuna dəlalət edir.
Fikrimizcə, belə yanaşma missiyanın obyektivliyinə və qərəzsizliyinə ciddi kölgə salmaqla yanaşı, missiyanın rəhbərliyinə daxil olan bəzi şəxslərin, xüsusilə də missiya rəhbərinin müavini Ştefan Krauzenin qərəzli antiazərbaycan fəaliyyəti, habelə Azərbaycan dövlətinə, hakimiyyətinə və seçkilərdə namizədlərdən biri olmuş fəaliyyətdə olan ölkə Prezidentinə qarşı daimi aşkar mənfi mövqedə olmasına dair mövcud ictimai fikrə sanballı əsaslar yaradır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təkidi ilə belə bir şəxsin missiyada məsul vəzifəyə təyin edilməsi onun yaxından iştirakı ilə hazırlanacaq hesabatın qeyri-obyektiv olmasını öncədən xəbər vermişdir.
Hesabatda göstərilən iradlar bir çox hallarda özü-özünü təkzib edir. Belə ki, hesabatda qeyd edilir ki, “seçki administrasiyası bütün səviyyələrdə olduqca yaxşı təşkil və təmin olunmuş, seçkiləri effektiv hazırlamışdır”. Eyni zamanda, bunun ardınca deyilir ki, “seçki günü beynəlxalq müşahidəçilər icrası mütləq olan prosedurların geniş miqyasda nəzərə alınmamasının” şahidi olmuşlar. Hesabatda olan bu cür uyğunsuzluqlar ən azı sual doğurmaya bilməz.
Missiyanın “seçki günü beynəlxalq müşahidəçilər şəffaflığın olmaması kimi pozuntu faktları haqqında məlumat vermişlər” iradı ümumilikdə qəbuledilməzdir. Mərkəzi Seçki Komissiyası bildirir ki, Azərbaycanda bütün seçki məntəqələri şəffaf qutularla təmin edilmiş, o cümlədən 1000 seçki məntəqəsində seçkilərin “online” qaydada izlənilməsi üçün veb-kameralar quraşdırılmışdır. Bu isə seçkilərin şəffaflığının təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir.
Sözügedən hesabatda vurğulanır ki, “digər namizədlər vəzifədə olan Prezidentə qarşı birbaşa əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər”. Bu cümlədə “onu tənqid etmək” ifadəsi təəccüb doğurmaya bilməz. Birincisi, heç bir prezident seçkiləri kampaniyasının tələbləri bu və ya digər namizədin şəxsi tənqidini nəzərdə tuta bilməz. Tənqid namizədin yalnız və yalnız seçkiqabağı platformasına yönəldilə bilər. İkincisi, açıq televiziya efiri məkanında namizədlər arasında aparılan debatlar birmənalı nümayiş etdirir ki, ölkədə yürüdülən həm daxili, həm də xarici siyasət namizədlər tərəfindən öz baxışlarına uyğun olaraq tənqidi təhlil edilmişdir və namizədlərdən biri, ümumiyyətlə, Azərbaycan dövlətinin öz suverenliyindən imtina etməsi çağırışları ilə çıxış etmişdir. Belə bir vəziyyətdə hesabatın “bu seçkilərdə həqiqi rəqabət olmamışdır” ifadəsi başadüşülməzdir və qəbulolunmazdır.
Hesabatda 58 175 yerli müşahidəçinin qeydiyyata alındığı və onlardan 4 041 nəfərin QHT-lər tərəfindən akkreditasiya olunduğu göstərilir. Ardınca iddia olunur ki, hökumət və seçki administrasiyası tərəfindən yaradılan maneələr vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini məhdudlaşdırır. Əgər vətəndaş cəmiyyətinin əsas təsisatları olan QHT-lər 4 mindən çox müşahidəçi ilə təmsil olunursa, burada hansısa məhdudiyyətdən danışmaq yersizdir. Mərkəzi Seçki Komissiyasında təəccüb doğurur ki, nədənsə, seçkilərin müşahidəsindən bəhs ediləndə, bu sahədə yalnız bir qurumun – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin adı çəkilir.
Hesabatda iddia olunur ki, ictimai-siyasi həyatda qadınların iştirakını artırmaq üçün tədbirlər görülmür. Halbuki son illər bu istiqamətdə xeyli irəliləyiş baş vermişdir. Seçki komissiyalarında qadınlar kifayət qədər geniş təmsil olunmuşlar. Bundan başqa, məsələn, 87 rayon və şəhər icra hakimiyyətinin 1-də başçı, 75-də (86,2 faiz) isə başçının müavini qadındır. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvləri arasında qadınların sayı əvvəlki seçkilərlə müqayisədə 8,9 faiz artaraq 35 faizə, sədrlər arasında isə 12,4 faiz artaraq 30 faizə çatmışdır.
Hesabatda ölkədə tənqidi mətbu orqanların və mediada plüralizmin olmadığı bildirilir. Mərkəzi Seçki Komissiyası hesab edir ki, bu iddia özlüyündə əsassızdır. Çünki ümumən sivil dünyada hər hansı media qurumu qarşısında qoyulan əsas tələb onun mütləq qaydada dövlət institutlarını tənqid etməsi, bəzən də bu tənqidin diffamasiya doğuracaq səviyyəyə çatması deyil, medianın öz siyasi tərəfsizliyini qorumasıdır. Mərkəzi Seçki Komissiyası qeyd edir ki, Azərbaycanda hazırda 500-dən çox gündəlik, həftəlik və aylıq nəşr olunan mətbu orqan, 5 minədək internet informasiya resursu mövcuddur. Onların arasında hakimiyyətin daxili və xarici siyasətini, dövlət başçısını və iqtidar təmsilçilərini sərt tənqid edən media qurumları kifayət qədərdir. Ölkə əhalisinin 80 faizə qədəri internetdən istifadə edir, 3 milyonadək insan sosial şəbəkə istifadəçisidir. Mərkəzi Seçki Komissiyasının apardığı müşahidələrə görə, seçkiqabağı dövrdə və seçki günü həm mediada, həm də xüsusən sosial şəbəkələrdə kifayət qədər tənqidi və bəzi hallarda hətta etikadankənar materiallar yayılmışdır. Sənəddəki “11 televiziya kanalı ölkədə siyasi məlumatların əsas mənbəyi olaraq qalır. Bu yayım şirkətlərinin sahiblik strukturları şəffaf deyildir” iradı missiyanın səlahiyyətlərini aşır. Şirkətlərdən hər biri hüquqi şəxs kimi müvafiq dövlət qurumları tərəfindən qeydə alınmışdır, vergi ödəyicisi olaraq çıxış edir və bütün məlumatlar həmin dövlət qurumlarının açıq mənbələrində yerləşdirilmişdir.
Hesabatda göstərilir ki, “diffamasiyanın həbs ilə cəzalandırılan cinayət əməli olması və prezidentin diffamasiyasına görə əlavə cəzaların mövcudluğu faktı siyasi təşviqat kampaniyası üçün əsas olan ifadə azadlığını daha da məhdudlaşdırır”. Avropa Şurasının 42 üzv dövlətində diffamasiya cinayət hesab edilir və bu dövlətlərdən 39-da bu cinayətə görə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Buna baxmayaraq, diffamasiya ATƏT üzvü olan ölkələrin böyük əksəriyyəti ilə bağlı seçki hesabatlarında siyasi təşviqat kampaniyasını məhdudlaşdıran hal kimi qiymətləndirilməmişdir. Bu səbəbdən Azərbaycanla bağlı belə qiymətləndirmə aparılması selektiv və ikili yanaşmanın təzahürüdür. O da qeyd edilməlidir ki, uzun illərdir Azərbaycan məhkəmələri təcrübədə diffamasiya ilə əlaqədar azadlıqdan məhrumetmə ilə bağlı cəza tətbiq etmirlər. Təəssüflər olsun ki, müşahidə missiyası bu halı araşdırmadan irad bildirmişdir.
Mərkəzi Seçki Komissiyasında ən çox təəssüf hissi doğuran məqam odur ki, xarici müşahidəçilərin təqribən 40 faizini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının 360 müşahidəçisi (onlardan 270-i ATƏT DTİHB-nin müşahidəçiləri olmaqla) bu seçkilərdə ənənəvi olaraq yeganə təkzibolunmaz və son hakim funksiyasını təkbaşına mənimsəmişdir. Sözügedən müşahidə missiyasının hesabatında “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidəçiləri” terminindən yox, birbaşa “beynəlxalq müşahidəçilər” terminindən istifadə edilir ki, bu da 59 ölkəni və çoxsaylı beynəlxalq təşkilatları təmsil edən xarici müşahidəçilərə ən azı hörmətsizliyin və təkəbbürlüyün aşkar sübutudur.
Mərkəzi Seçki Komissiyası adıçəkilən sübutsuz, ziddiyyətlərlə dolu qərəzli hesabatın tam təhlilini məqsəd kimi qoymur və ümid edir ki, Azərbaycan Respublikasında 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının yekun hesabatında yuxarıda göstərilən və digər çoxsaylı uyğunsuzluqlar aradan qaldırılacaq. Əks halda Mərkəzi Seçki Komissiyası böyük təəssüf hissi ilə nümayəndələri sözügedən missiyanın tam əksəriyyətini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlığın dayandırılması məcburiyyəti qarşısında qalacaq".
Bəyanatı MSK sədri Məzahir Pənahov, MSK sədrinin müavini Natiq Məmmədov, MSK katibi Arifə Muxtarova, MSK katibi Mikayıl Rəhimov, MSK-nın üzvləri Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhramanlı Etibar Quliyev, İlkin Şahbazov imzalayıblar.