BAKI, 12 aprel — Sputnik. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində (KİV) apardığı monitorinqin nəticələrini açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov öncə prezidentliyə namizədlər haqqında məlumat verib. Daha sonra isə o, bildirib ki, əsas məqsədləri KİV-lərdə gedən təbliğat xarakterli materialların təhlilini aparmaq olub. Monitorinq aparılmış təhlillər göstərir ki, KİV-lər bu kampaniyada iştirak etməkdə maraqlı olublar.
Daha sonra MŞ sədri namizədlərin seçki kompaniyasının aparıdlığı KİV-lərin adı açıqlayıb: "KİV-lər bütün namizdlərə bərabər yanaşıblar. Heç bir mətbu orqan hansısa prezidentliyə namizədi aşağılamayıb. Namizədlərin tərəfsizliyi qorunub. Bu isə ötən illərə baxdıqda müsbət bir addımdır. Monitorinq zamanı bəzi KİV-lərdə gizli siyasi təşviqat aparılıb. Ümumilikdə prezident seçkiləri zamanı KIV-lərdə 1051 material yayımlanıb. Onların 11-i mənfi məlumatdır ki, bunlar da hesabatda qeyd olunub. Seçkiqabağı namizədlərlə bağlı cəmi 11 mənfi material yayımlanıb. TV kanallarda heç bir namizədə qarşı mənfi material yayımlanmayıb".
MŞ sədri əlavə edib ki, Mətbuat Şurasında prezident seçkiləri ilə əlaqədar "qaynar xətt" fəaliyyət göstərib: "Səsvermə zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının "qaynar xətt"inə 1 müraciət daxil olub. "İnter.az telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb. Paytaxtda və ölkənin müxtəlif bölgələrindəki seçki məntəqələrində olan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar".
Təşkil olunan mətbuat konfransında KİV rəhbərləri, jurnalistlər iştirak ediblər.