BAKI, 27 mart — Sputnik. Moskvanın Nikulin rayonunun məhkəməsi bu gün Şakro Molodoy ləqəbli qanuni oğru Zaxari Kalaşovla bağlı ilkin qərarını açıqlayıb. Onunla birlikdə müttəhimlər kürsüsünə 11 nəfər oturub. Onlar külli miqdarda pul tələb etməkdə ittiham olunublar.
Məhkəminin hakimi Konstantin Dubkov, ittihamın birinci hissəsi ilə bağlı qərarını elan edib. Məhkəmənin mətbuat xidmətinin verdiyi məlumata görə, ittiham aktı üzrə yekun qərarın verilməsi 2-3 gün çəkəcək.
Dövlət ittihamçısı Kalaşovun tələbetmə ittihamı ilə bağlı iki epizod üzrə təqsirli bilinməsini, onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini və 700 min rubl dəyərində cərimə olunmasını tələb edib.
Onun yaxın tərəfdaşı Andrey Koçuykova qarşı isə cəzasını ciddi rejimli koloniyada çəkməklə 9,5 il müddətinə azadlıqdan məhrum edilməsi və 500 min rubl dəyərində cərimə olunması tələb edilib.
Digər 10 nəfərlə bağlı prokuror 7,5 ildən 9,5 ilədək azadlıqdan məhrumetmə cəzası və müxtəlif məbləğlərlə cərimə istəyib.
Ümumilikdə zorakılıq yolu ilə pul tələb etmə ittihamı üzrə 14 nəfər məsuliyyətə cəlb edilib. İki adamın adı məhkəməyə ölümündən sonra düşüb (onlar atışma zamanı öldürülüblər). Şakro və İtalyan ləqəbli qanuni oğrular da daxil olmaqla təqsirləndirilən 11 nəfər 2016-ci ildən istintaq təcridxanasında saxlanılırlar. Təqsirli bilinənlərdən RF DİN Xüsusi Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, Koçuykovun özəl mühafizə şirkətində işləyən polkovnik Yevgeni Surjikov ev dustağı olub.
Tələbetmə ittihamı üzrə günahlandırılanlar iki epizod üzrə iki qrupa bölünürlər — bir hissənin zərərçəkmiş tərəfi Elements restoranının sahibi Janna Kim, digər hissəninki isə sahibkar Lev Qaramovdur. İstintaqın rəyinə əsasən ittiham olunan şəxsləri Şakro Molodoya tabe olmaları birləşdirir.
FTX və DİN Kalaşovu 13 iyul 2016-cı ildə, o, səhər yeməyinə hazırlaşarkən həbs edib. Onun çoxsaylı mühafizəçilərini ehmalca üzü üstə yerə yıxaraq avtoritetin qoluna qandal vurmuşdular. Əməliyyatçılardan biri bu zaman Şakrodan maraqla soruşmuşdu ki, o, cinayətkar aləmdə hansı mövqeni tutur və özünü qanuni oğru sayırmı? "Kamera qarşısında heç nə danışmayacağam, siz burada oyun çıxarırsız. Şou qurmaq lazım deyil. Kameranı söndürün, danışaq" — deyə saxlanılan şəxs bildirib.
Qızılı mebelli, şərab kolleksiyalı, hovuzları və idman zalları olan qərargahını "Lefertovo" istintaq təcridxanasındakı kamera ilə dəyişəndən dərhal sonra Şakroya qarşı külli miqdarda vəsait tələbetmə ittihamı irəli sürülüb. İstintaqın versiyasına görə, bundan təqribən yarım il əvvəl ona dizayner Fatimə Misikova müraciət edib. Misikova Moskva restoranlarından birinin sahibinin ona dizayn-layihəyə görə xidmət haqqını ödəməkdən imtina etdiyi barədə şikayətlənib. Şakro söz verib ki, dizaynerə pulunu almaqda kömək edəcək.
2015-ci ilin dekabrında Moskvanın mərkəzində yerləşən Elements restoranına bir neçə maşınla 20-yə yaxın silahlı adam gəlib. Onlar restoranın giriş və çıxılarını bağlayıblar, müəssisənin sahibi Janna Kimdən 8 milyon rubl tələb ediblər.
Əməliyyata istintaqın rəyinə görə, İtalyan ləqəbli Andrey Koçuykov rəhbərlik edib. Lakin Janna Kim özünü itirməyib: dərhal həyəcan siqnalı düyməsini basıb, həmçinin vəkil tanışı, sabiq "KQB" əməkdaşı Eduard Budantsevi çağırıb. Tezliklə hadisə yerinə özəl dəstək qrupu gəlib. Dava düşüb və atışma baş verib.
"Mənə arxadan zərbə vurdular, sonra yerə uzatdılar və döyməyə başladılar. Təcili qərar qəbul etmək lazım idi, necə ki, məni belə öyrədiblər" — deyə sonralar Budantsev məhkəmədə deyib. Keçmiş xüsusi xidmət əməkdaşı tabel silahı olan "Beretta" ilə atəş açıb. Qaranlıqda bir neçə dəqiqə ətrafa atəş qığılcımları səpələnib və bundan sonra İtanyanın komandası ölüləri və yaralıları meydanda qoyaraq geri çəkilib.
Atışmanı çağırışdan sonra hadisə yerinə gələn 3 polis əməkdaşı müşahidə edib, amma onlar münaqişəyə girişməyə risk etməyiblər. İki ildən sonra onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə 2 ildən 4 ilədək həbs cəzası alıblar.
İtalyan və onun əlbir olduğu 11 nəfər atışmadan dərhal sonra istntaq təcridxanasına düşüblər. Onlarla bağlı tələbetmə maddəsi ilə ittiham elan edilib. Bununla belə, təxminən yarım ildən sonra İstintaq Komitəsinin əməkdaşı həbs müddətinin uzadılması üçün məhkəməyə ərizə vermədiyi üçün Koçuykov azadlığa çıxmalı olub. Lakin o, cəmi bir neçə dəqiqə azadlığa çıxa bilib. Təcridxananın darvazasında onu FTX-nın əməkdaşları qarşılayıb və geriyə, dəmir barmaqlıqlar arasına qaytarıb.
Bundan bir neçə gün sonra, 2016-cı ilin 19 iyununda FTX RF İstintaq Komitəsinin (RİK) Moskva Baş İstintaq İdarəsinin sədr müavini, ədliyyə general-mayoru Denis Nikandrovu, RİK xüsusi təhlükəsizlik idarəsinin rəisi Mixail Maksimenkonu və onun müavini Aleksandr Lamonovu saxlayıb. Onlar Koçuykovun istintaq təcridxanasından azad edilməsi və ona qarşı ittihamın yüngülləşdirilməsi üçün Kalaşovdan 500 min avro rüşvət almaqda günahlandırılıblar. İstintaq zamanı məlum olub ki, zabitlərə 500 min dollar verilib. Bunu Şakro özü yox, onun ətrafındakı biznesmenlərdən biri edib. Hazırda RİK-in yüksək vəzifəli əməkdaşları nəzarət altında saxlanılırlar.
Sabiq güc strukturlarının əməkdaşı Budantsevə qarşı "İki və daha artıq şəxslərin öldürülməsi" maddəsi ilə cinayət işi açılıb. Sonra bu maddə az ağır maddə ilə — "Zəruri özünü müdafiə həddini aşmaq" maddəsi ilə əvəz edilib. Hazırda o, ev dustağıdır.
Şakro Molodoyun həbsindən sonra KİV yazırdı ki, onunla bağlı RF CM-nin 210-cu maddəsi (Cinayətkar qrup təşkil etmə) ilə ittiham irəli sürüləcək. Onun vəkili Aleksandr Qofşteyn təsdiqləmişdi ki, müvəkkilinin cinayət işinin materiallarında o, "Rusiya cinayətkar qrupunun lideri" kimi qeyd edilib.
"Bu, nə isə yeni hüquq termindir, RF CM-nin 210-cu maddəsinin 4-cü hissəsində cinayətkar dəstə təşkil etmiş şəxsdən söhbət gedir ki, bu da cinayət ierarxiyasında ən yüksək mövqedir" — deyə Qofşteyn bildirib. Onun sözlərinə görə, cinayətkar qrup təşkil etmiş şəxslə cinayətkar qrupun lideri faktiki olaraq sinonim sözlərdir. Amma nədənsə, Kalaşovu məhz lider adlandırmağa üstünlük veriblər.
Bu maddə ilə Kalaşovu ömürlük həbs cəzası gözləyir. Bu cinayət işi Rusiyanın məhkəmə praktikasında presedent sayıla bilər. Lakin istintaq yekunda tələbetmə ittihamı ilə məhdudlaşmaq qərarına gəlib.
Tbilisi əsilli Zaxari Kalaşov qanuni oğru statusunu gəncliyində alıb. O, 1990-cı ildə Moskvaya gəlib və rəsmən restoran biznesi ilə məşğul olub. Bir neçə il sonra İspaniyaya gedib və yerli polis Rusiya mafiozunun ovuna çıxana qədər orada yaşayıb. O, təhlükəni hiss edən anda Birləşmiş Ərəb Əmirliklərinə qaçıb. Orada isə onu tezliklə yaxalayaraq ekstradisiya ediblər.
Çirkli pulların yuyulması və cinayətkar qrup təşkil etməyə görə ispan məhkəməsi Kalaşovu 9 illik həbs cəzasına məhkum edib. Şakro Molodoy 2014-cü ildə azadlığa çıxıb. Prokurorluğun məlumatına görə, o, 2013-cü ildə öldürülmüş, Ded Xasan ləqəbi ilə məşhur olan qanuni oğru Aslan Usoyanın cinayətkar qrupuna rəhbərlik edib. Şakro Molodoy cinayətkar qruplaşmaya rəhbərlik edib və onun iştirakçılarının koordinasiyası ilə məşğul olub. Bununla yanaşı, dövlət ittihamçısının fikrincə, Kalaşov qruplaşma üzvlərinin maliyyələşdirilməsi üçün "obşak" saxlayırmış. Əgər Kalaşov günahını etiraf eləsə, onun kriminal dünyadakı mövqeyi güclü şəkildə sarsılacaq. Prokuror ona cəzasını ciddi rejimli koloniyada çəkməklə 10 il iş istəyib. Müttəhim ittiham edildiyi cinayətdə iştirakını etiraf etməkdən boyun qaçırır.
Qeyd edək ki, Şakro Molodoyun adı Azərbaycan oxucusu arasında 18 avqust 2016-cı il tarixində azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) İstanbulun Barbarossa bulvarında öldürülməsindən sonra populyarlaşmağa başlayıb. Lənkəranskinin yaxın dostu və şəriki, çeçen kriminal avtoriteti, "Avropa obşakı"nın nəzarətçisi, Şeyx Həmzət ləqəbli Həmzət Qastəmirovu Şakro Molodoyla maliyyə bağları birləşdirir.
Şeyx Həmzət təkcə "Avropa obşakı"na nəzarət etmir, həm də Rusiya mafiyasının "xaç atası" Zaxari Kalaşovun işlərini idarə edir.
İlk dəfə "Avropa obşakı"nın Şeyx Həmzətin nəzarətinə keçməsi barədə qərar Şakro tərəfindən Ermənistanda keçirilən "sxodka"da verilib.
Avropa təsərrüfatının idarəçiliyinin çeçenə verilməsinə zərurəti Şakro Moskvadakı "Elements" restoranının sahibindən zorla pul tələb etmək ittihamı ilə saxlanıldıqdan sonra hiss edib.
Şakronun təsərrüfatı balaca deyil — Avropada bukmeyker kontorları, Las-Veqasda kazino, Belçikada almazın cilalanması üzrə zərgərlik evi, Rusiyanın iri neft şirkətlərinin səhmlərində pay və s. və i.
Yeri gəlmişkən, Şeyx Həmzət və Şakro birlikdə Belçika zərgərlik evinin səhmlərinin 50%-nin sahibidirlər. Bunlarla yanaşı, onlar MDB ölkələrindən gedən bütün Avropa zərgərlərini himayə edirlər.
Şakro Molodoy Rövşən Lənkəranskiyə xüsusi rəğbəti ilə seçilib. Şakro Molodoy Moskvanın mərkəzində yerləşən Roçdelskoy küçəsindəki Elements adlı Koreya restoranında iki nəfərin öldüyü qırğının təşkilində şübhəli bilinərək həbs edilərkən, KİV hüquq-mühafizə orqanlarının Şakronun izinə düşməsində Rövşən Lənkəranskinin "zəhmətinin" olması versiyasını irəli sürmüşdü.
Lakin Canıyevin yaxınlarının dediyinə görə, bu hadisədən bir il əvvəl Kalaşov Rövşən Lənkəranskini öz qanadı altına alıbmış. Şakro Lənkəranskinin "qanuni oğru" titulunun əlindən alındığı barədə ağzından söz qaçıranlara şəxsi iradını bildiribmiş.
Xatırladaq ki, Rusiyanın cinayət aləminin lideri Zaxari Kalaşovdan sonra "oğru tacı"na əsas iddiaçılardan biri də, 22 illik həbs həyatından sonra ötən il oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa çıxmış Lotu Quli ləqəbli Nadir Səlifovdur.