BAKI, 19 mart — Sputnik. Normalda belədir ki, cəmiyyətdə hər hansı bir problem meydana çıxırsa, mətbuat həmin nöqsanı ictimailəşdirir, müvafiq dövlət qurumunu bununla bağlı məlumatlandırır və həmin qurum da həm yardımçı olduğu üçün KİV-ə təşəkkür edir, həm də sözügedən problemin həllinə səfərbər olur. Belə zəncirvari fəaliyyət sayəsində cəmiyyət üçün faydalı nəticə meydana çıxır. Üstəlik jurnalist və məmurlar da boşuna maaş almış olmurlar.
Amma bizdə təcrübə və qayda necədir? Vətəndaş sıxıntı yaşadığı hansısa məsələ barədə KİV-ə üz tutur, KİV o problemi mövzuya çevirir və yönəldir aidiyyatı dövlət qurumunun üstünə ki, "filankəs müəllim, bu haqda nə deyə bilərsiniz?" Təbii ki, filankəs müəllim də heç sualı sonadək dinləmədən qətiyyətlə həmin iddianı təkzib edir. Əgər jurnalist dərhal sağollaşıb dəstəyi asmaz və azacıq dirəşərsə, filankəs müəllim şikayətçi vətəndaşın adının açıqlanmasını tələb edir. Qulağını çəkmək üçün.
Nəticədə reallığımıza uyğun olaraq, nə jurnalist şikayətçinin kimliyini açıqlayır, nə də filankəs müəllim məsələni daha da dərinləşdirir. Tərəflər sülh şəraitində məsələni bağlayırlar. Qaldırılan problem də zamanla mətbuatın maraq dairəsindən çıxaraq, vətəndaşın çiynində, məmurunsa vicdanında yük kimi qalır.
Ötən həftə Sputnik Azərbaycan-da maraqlı və kifayət qədər suallar doğuran bir məsələ qaldırıldı. Belə ki, texniki pasportla Əhmədə, baş etibarnamə ilə Məmmədə məxsus olan, Gülməmmədin isə sadəcə sürmək sürmək hüququ olduğu avtomobillə törədilən qayda pozuntularının cəriməsi kimin adına gəlir və ya gəlməlidir?
Adəti üzrə sualı, birbaşa dəxli olan qurum – Dövlət Yol Polisi İdarəsi deyil, ekspertlər cavablandırmışdılar. Tam əminliyim var ki, sual əvvəlcə hörmətli Kamran Əliyevə və Vaqif Əsədova ünvanlanıb, amma onların qəbuluna düşmək mümkün olmayıb. Nəticədə jurnalist, ən azından yol-nəqliyyat məsələlərindən anlayışı olan mütəxəssislərə müraciət etməli olub ki, heç olmasa vətəndaşları düşündürən sual cavabsız qalmasın.
Beləliklə, ekspertlərin mövcud qanunvericiliyə əsasən verdikləri cavablardan məlum olub ki, sən demə, bal və pul cəriməsi Gülməmmədin adına yazılırmış. Hətta ekspertlərdən biri sərt şəkildə "yazılmalıdır da!" deyib.
"Bəlkə də yüz minlərlə insan var ki, etibarnamə ilə avtomobil idarə edirlər. Mülkiyyətçinin avtomobildən xəbəri yoxdur. Sadəcə avtomobil adınadır, amma faktiki olaraq maşını etibarnamə ilə sürən insan idarə edir. Ona görə ən doğru qərar cərimələrin sonuncu etibarnamə ilə idarə edən şəxsə getməsidir" – deyə o vurğulayıb.
Ağlabatan arqumentdir və haqsız da deyil. Lakin mən bir anlıq özümü qoyuram Gülməmmədin yerinə. Özüm də saf adamam, insanlara inanıram, ayrıca qanun-filandan o qədər də məlumatlı deyiləm.
Tanışım Məmməd isə biclik-giclik bilən adamdır. Mənə təklif edir ki, "gəl sənə avtomobili idarə etmək üçün etibarnamə verim, nə vaxt ehtiyacın olsa, götür sür". Təklifini qəbul edirəm, üstəlik mənə etibar etdiyi üçün şükranlığımı dilə gətirirəm.
Aydın məsələdir ki, həftə səkkiz, mən doqquz Məmmədə maşın üçün ağız açası deyiləm, adamın işi-gücü var. İndi etibarnamə verib deyə avtomobildən dədə malım kimi istifadə edəsi deyiləm ki. Ayda-iki ayda bir dəfə 1-2 saatlıq götürürəm və özgə malı olduğu üçün çox ehtiyatla idarə edib, sonra qaytarıb özünə verirəm.
Qaqam Məmməd isə şəhərdə bir qırmızı işıq, magistralda bir radar buraxmır, hamısına öz imzasını atır. Altda qalanın canı çıxsın. Çünki cərimələrin mənim adıma yazılacağından, öz sürücülük vəsiqəsinin tər-təmiz qalacağından xəbərdardır. Üstəlik bəllidir ki, mənim əlimdəki etibarnamə avtomobili satmaq, bağışlamaq, dəyişdirmək hüququ vermir, sadəcə sürə bilərəm, o da Məmməddən fürsət düşərsə.
İndi əziz DYP-də oturanlar və orada oturmasa belə, mövcud durumun ədalətli olduğunu iddia edənlər, mən neyləməliyəm? İş işdən keçəndən sonra agah oluram ki, adımda 500 manat cərimə və 20 bal var, sürücülük vəsiqəm əldən gedir. O zaman nə etməliyəm? Deyək ki, Məmmədin yaxasından yapışıb pul cəriməsini ödətdirdim, bəs bal cəriməsi? O balları kimə "yedizdirim"?
Yazının əvvəlindəki 3 kiçik abzası xatırlayırsınız, yəqin. Bu fakt üzrə də müvafiq qurumların hörmətli müəllimlərinə müraciət edilsə, heç şübhəsiz, yaranmış müəmmalı vəziyyətdən bir çıxış yolu tapmağa çalışmaq əvəzinə, işin üstünü elə ustalıqla malalayacaqlar ki, mətbuat bir daha bu məsələyə qayıtmayacaq…