CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhaliyə xəbərdarlıq: Olacaqlardan dolayı çox üzgünük

© Sputnik / Irade JELILYataqxana sakinləri
Yataqxana sakinləri - Sputnik Azərbaycan
Abunə olmaq
Törətdiyin əmələ görə üzrxahlıq etmirsənsə, deməli kifayət qədər peşəkar azərbaycanlı deyilsən

BAKI, 19 fevral — Sputnik. Ümumən, bizim üzr istəməyi bacarmayan, ya da özünə sığışdırmayan fərdlərdən ibarət bir cəmiyyətimiz var. Sürücü piyadanın üstünü isladar, heç nə olmamış kimi yoluna davam edər. Piyada piyadanın ayağını tapdayıb keçər, dönüb geri də baxmaz. Bu, ona "atar", o, bunu "satar", bu biri o birinin bağının meyvəsini çırpışdırar, o biri bu birinin haqqına girər və bütün bunları etməmək lazım olduğu bir yana, etdiyinin qarşılığı olaraq elementar üzrxahlıq nümayiş etdirməz.

Bakı şəhərindən bir görünüş - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxt əhalisi üçün 17 fevral zarafatı

Əslində, üzr istəməyi bacarmamaq mədəniyyətsizlik əlaməti olmaqla yanaşı, həm də işbilməzliyin göstəricisidir. Məsələn, törətdiyin (yaxud buna hazırlaşdığın) əmələ görə üzgün olduğunu nümayiş etdirmirsənsə, deməli kifayət qədər peşəkar azərbaycanlı deyilsən. Axı, ölkəmizdə qətiyyətlə üzr istəyib, öncədən özünü sığortalayıb, sonra üzr istədiklərinin başına nə gələcəyini vecinə də almadan bildiyini etmək təcrübəsi var.

Götürək elə biri bizim "Azərsu" Anarı. Nə qədər demək olar, ay eloğlu, bu xəbərdarlığını ikicə gün əvvəl elə, sonra ürəyin istəyən qədər üzr istə. Camaatı olacaqlardan vaxtında xəbərdar etsən, vallah, üzr istəməyə də ehtiyac qalmaz, bunu səndən tələb edən nanəcib olar.

("Fevralın 15-i gün ərzində Bakı şəhərinin Təbriz küçəsi boyunca ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abunəçilərdən üzr istəyir".

15.02.2018, saat 10.00)

"Azəriqaz" İbrahim isə, adamın üstündə Allah var, mənzillərə verilən təbii qazın kəsiləcəyi barədə xəbərdarlığını yuxarıdakı həmkarından fərqli olaraq bir neçə saat qabaq edir. O da bu cür humanistliyinin özünəmükafatı olaraq heç kimdən üzr-filan istəmir.

("Oktyabrın 27-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonu, Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. "Azəriqaz" İstehsalat Birliyi yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir".

26.10.2017, saat 23:35)

Belə baxanda, heç "Azərişıq" Tanriverdinin də üzr istəmək kimi bir vərdişi yoxdur. Yoldaş Mustafayev nə İbrahim Kərbəlayev kimi 5-6 saat qabaqcadan xəbərdarlıq edir, nə də su borusunun kranını bağlaya-bağlaya xəbərdarlıq statusu yazan Anar Cəbrayıllı kimi dilucu da olsa, halımıza acıdığını ifadə edir. Mərdi-mərdanə bildiyini edir, sonra da deyir ki, "xəbəriniz olsun ha, işığınız kəsilib".

("Binənin Sovxoz yaşayış massivində 10 KV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq 27 dekabr 2017-ci il tarixində saat 10.00-dan 15.00-a qədər Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq".

27.12.2017, saat 10:18)

Üzr istəyirəm, az qala, AYDA Anarı (Avtomobil Yolları Dövlət Agentliyi) diqqətdən qaçırmışdım. Onun da özünəməxsus üslubu var. Bu qardaş sanki, nə olursa olsun, üzr istəməyəcəyinə dair kiminləsə mərcə girib. Məsələn, hər gün hansısa küçə-prospekt bağlanmalı, tıxaclar şəhəri bürüməli və vətəndaş günlərlə zülm çəkməlidir. Bunun qarşılığında cənab Nəcəflidən hər hansı təəssüf ifadəsi eşitmişikmi? Eşitməmişik! Ya da aylarla bir küçəni eşələyib asfaltladıqdan sonra bəlli olur ki, ustanın laqundası torpağın altında qalıb. Ya Allah, küçəni təzədən sökürük. Və AYDA heç "ay daaa" peşmançılığını da özünə rəva görmür.

Badamdar qəsəbəsinə doğru gedən yolun bir tərəfi təmir işləri üçün bağlanıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üç aylıq yol təmirindən sonra baxıblar ki, kanalizasiya xətləri "yaddan çıxıb"

Hər bir halda unudulmamalıdır ki, üzr istəməyi bacaran adam, ən azından qarşısındakıların ürəyindən keçən təsirli sözlərin müəyyən qismini zərərsizləşdirə bilir (əlinlə yandırdığın tonqalın üstünə su çiləmək kimi) və az-maz mərhəmət sahibi kimi görünür. Allah xasiyyətimizi kəsməsin, onsuz da əqrəb kimi qarşımıza çıxan hər kəsə ziyan vurmadan yaşaya bilmirik. Heç olmasa, imitasiya edək, guya ki, belə olmasını istəməzdik, amma indi bir işdir də oldu.

Bu taktika uzun illərin sınağından çıxıb və artıq öz faydalılığını sübuta yetirib. İnanmırsınızsa, Hacıbala müəllim örnəyini xatırlayın. Hörmətli BŞİH başçısı illərdir paytaxtın dörd bir tərəfini hasarlayır, qazır, söküb-tikir. Lakin onun adı gələndə gözlərimiz qəzəbdən bərəlmək əvəzinə, təbəssümdən dodağımız qaçır. Niyə? Çünki adam hara gedirsə, göz yaşları ilə qələmə alınmış "Müvəqqəti narahatlığa görə üzr istəyirik" plakatını yanında daşıyır. Düz 17 ildir…

Xəbər lenti
0