BAKI, 16 mart — Sputnik. Rusiya Hərbi Kəşfiyyatının keçmiş zabiti Sergey Skripalın zəhərlənməsi beynəlxalq qalmaqala çevrilib. Xatırladaq ki, Sergey Skripal qızı ilə London restoranlarının birində nahar zamanı zəhərlənib, hər ikisinin vəziyyəti kritikdir.
Rusiya ordusunun polkovniki olan Skripal Böyük Britaniyanın xeyrinə casusluğa görə 2004-cü ildə həbs edilmişdi. O, dövlətə xəyanətdə ittiham edilib. İddia edilir ki, Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) ona Qərbdə işləmiş rus agentlərinin ifşa edilməsi müqabilində pul ödəyib.
İstintaqın nəticələrinə görə, Skripal Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa hələ 1995-ci ildə cəlb edilib. Rusiya siyasi dairələrinin iddialarına görə, hətta işdən çıxarılandan sonra da sabiq kəşfiyyatçı məxfi məlumatları Qərb kəşfiyyatına ötürməkdə davam edib.
Skripal öz günahını etiraf edib. Bütün rütbələrindən məhrum edilməklə o, 13 il müddətinə azadlıqdan məhrum olunub. Lakin 2010-cu ildə Skripal Avstriya aeroportunda həyata keçirilən casusların genişmiqyaslı mübadiləsinin iştirakçısı olub. O, ABŞ-da saxlanılmış 4 Rusiya agenti ilə dəyişdirilib. Skripala Böyük Britaniyaya köçməyə icazə veriblər.
Sergey Skripal və onun qızının Londonda zəhərlənməsi Fransa, Almaniya, ABŞ və Böyük Britaniyanın təhlükəsizliyini hədələyir. Bu haqda dörd ölkənin liderlərinin birgə bəyanatında deyilir. "Bu, bizim hamımız üçün təhlükədir. Biz — Fransa, Almaniya, Birləşmiş Ştatlar və Böyük Britaniyanın liderləri Sergey Skripal və onun qızına qarşı edilmiş hücumu pisləyirik", — bəyanatın mətnində deyilir.
Ölkə liderləri Rusiyanı Skripal işi üzrə yaranmış bütün suallara cavab verməyə çağırıblar. Britaniya XİN başçısı Boris Conson bu sui-qəsdin arxasında Rusiyanın dayandığı sübut ediləcəyi təqdirdə, bu ölkədə keçiriləcək Futbol üzrə Dünya Çempionatından imtina ediləcəyini, bu addımın cavabsız qalmayacağını açıqlayıb.
Britaniya hökumətinin başçısı Tereza Mey Rusiya əleyhinə məxfi tədbirlərin görüləcəyini deyib. Mey atılacaq addımların "düşmənçilik münasibəti sərgiləyən bir dövlətin növbəti təhlükələrinə qarşı yönəldiyini" söyləyib. Bir müddət öncə baş nazir Tereza Mey "Skripal işi" ilə bağlı 23 rusiyalı diplomatın ölkədən çıxarılacağını, buna görə onlara bir həftə vaxt verildiyini bildirib.
Mey sanksiyalarla bağlı qanunvericiliyə düzəlişlər təklif edəcəyini, hadisə barədə BMT və NATO-da məsələ qaldıracağını da əlavə edib. Eyni zamanda Rusiya ilə yüksək səviyyəli müqavilələr ləğv edilərək xarici işlər naziri Sergey Lavrovun Londona dəvəti geri götürülüb. Britaniyalı nazirlər və yüksək vəzifəli məmurlar da Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına getməyəcəklərini açıqlayıblar.
Rusiyaya məxsus dövlət aktivlərinin ölkənin təhlükəsizliyinə qarşı istifadəsi sübut olunarsa, London bu aktivləri donduracağını, rusların gömrük yoxlamalarını gücləndirəcəyini bildirib. İngiltərə ilə yanaşı Fransa və Almaniya rəhbərləri də Kremli ciddi tənqid ediblər.
Rəsmi Moskva casusların öldürülməsi ilə bağlı ittihamı qəbul etməyib. Kreml rəsmiləri qətllərdə rus kəşfiyyatının suçlanmasını gülünc iddia adlandırıb.
SSRİ dövründə ABŞ-la SSRİ arasında uzun müddət davam edən "soyuq müharibə" indi də Avropa ilə Rusiya arasında davam edir. ABŞ və aparıcı Avropa dövlətləri Rusiyaya qarşı hücuma keçib. Yaşanan olaylar Qərb ölkələrini Moskvaya qarşı ciddi tədbir görməyə məcbur edib.
Böyük Britaniya 146 diplomatdan 23-nü ölkədən xaric edib və dövlət adamlarının Rusiyaya gedişinə qadağa qoyub. Qərb-Rusiya gərginliyi bir sıra kənar dövlətlərin də maraqlarına ziddir. Çünki dünyanın bir çox ölkəsi birbaşa və dolayı yolla ya Qərbə, ya da Rusiyaya bağlıdır.
Yəni çox xoşagəlməz vəziyyətdir. Araşdırmaçılar hesab edirlər ki, ABŞ Rusiya ilə Böyük Britaniya münasibətlərində yaşanan böhrandan xüsusilə yararlanmağa çalışacaq. Skripal olayı isə Londonun sərt ritorikası üçün fürsət yaradır. Ümumiyyətlə, son hadisə Rusiya əleyhinə çıxış edən qüvvələrin və siyasi dairələrin də işinə yaraya bilər.
Britaniya rəsmiləri cinayət maliyyə qanunvericiliyi çərçivəsində rusların aktivlərini müsadirə etmək səlahiyyətinə malikdir. Təbii ki, bu addımları Moskva cavabsız qoymayacaq. Bununla da, Rusiyanın Qərblə münasibətləri daha da gərginləşəcək…