BAKI, 15 mart — Sputnik. Moskva rəsmi Londonun addımlarına analoji cavab olaraq Britaniya diplomatlarını ölkədən çıxaracaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. Lavrov bu addımın nə vaxt atılacağına qısaca belə cavab verib: "Tezliklə".
Bu gün Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, Rusiya "Skripal işi" üzrə Londonla danışıqlara başlamağa ümid edib. Lakin bütün sorğulara "cəhdlər əbəsdir" cavabını alıblar. O, qeyd edib ki, Moskva cavab tədbirləri görür və yaxında müvafiq qərar qəbul edəcək.
Rusiya XİN-in rəsmiləri Londonun addımlarını "informasiya-siyasi şousu" kimi qiymətləndirib və Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsi ilə bağlı Moskvanın günahlandırılmasını "tamamilə ağılsızlıq" adlandırıblar.
Xatırladaq ki, bu il martın 4-də 2010-cu ildə Moskva və Vaşiqton kəşfiyyatçıları arasında casusluqda günahlandırıldığı üçün Birləşmiş Krallıqdan sığınacaq almış Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberidə huşsuz vəziyyətdə tapılıblar. Britaniya tərəfinin məlumatına görə, onlar Rusiya istehsalı olan "Noviçok" adlı əsəb-iflic qazı vasitəsilə zəhərləniblər.
Britaniyanın baş naziri Tereza Mey Rusiya tərəfinə ultimatum verərək 24 saat ərzində bu insidentlə bağlı izahat tələb edib. Bu ultimatumun müddəti martın 14-də Moskva vaxtı ilə saat 03:00-də (Bakı vaxtı ilə 04:00-da) başa çatıb. Nəticədə Britaniya hökuməti Rusiyanın 23 diplomatını casusluqda günahlandıraraq ölkədən çıxartmağa, Rusiya ilə ikitərəfli əlaqələri kəsməyə qərar verib. Üstəlik, Lavrovun Britaniyaya rəsmi səfər dəvətini də ləğv edib.
Moskva isə zəhərlənmədə əlinin olduğuna dair iddiaları təkzib edib. Lavrov bu ittihamı cəfəngiyyat adlandırıb. O qeyd edib ki, Rusiya məsələ ilə bağlı araşdırma tələb etsə də, London buna etiraz edib. Sergey Lavrov Skripalın "zəhərlənmə şousu"nun Böyük Britaniya səlahiyyətlilərinin Brexit vədlərinin yerinə yetirilməməsini ört-basdır etmək üçün ortaya atdığını qeyd edib.