Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Müşfiqi təhqir etməyin uğuru...

© Photo : PUBLIC DOMAINMikayıl Müşfiq
Mikayıl Müşfiq - Sputnik Azərbaycan
Abunə olmaq
O, həmin Müşfiqdir ki, tarix onun daş heykəlinin də yıxılmasına icazə vermədi

BAKI, 15 mart — Sputnik. Qidaya ac olan kəsin qarnı, şöhrətə ac olan kəsin nitqi quruldayırmış. Bunu son dönəm mühitimizdə şöhrət xətrinə ağzına gələni danışan və ya yazan kəslərin çıxışlarından öyrəndik.

İnsanlar - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bəs deyilmi onların ölüsünü də ələ salmağınız?

Gündəm yazılarını sevmirəm. Mümkün qədər gündəm yazılarından qaçıram. Bir müddət sonra əhəmiyyəti itəcək yazı sənət nümunəsi sayılmır, bilavasitə tarixi önəm də daşımır. Bu yazıda da gündəm haqqında yazmaqdan yayınacağam. Yəni mövzumuz kiminsə Mikayıl Müşfiqi təhqir etməsi deyil, ümumilikdə müasir Azərbaycanın ədəbi mühitində ard-arda tarixi şəxsiyyətlərin təhqir obyektinə çevrilməsidir.

Zənn etməyin ki, kimlərisə bütləşdirməyin və mühafizəkar davranışların tərəfdarıyam. Əsla! Bir fərd kimi istər keçmişdə, istərsə də müasir dövrdə mənim də sevdiyim, pərəstiş etdiyim sənət adamları var. Onlar haqqında tənqidi yazılar görsəm, uzağı, həmin adamları sevməyimə səbəb olan bir neçə arqument gətirərəm. Hər kəs sənətə və sənətkara münasibətdə azaddır, amma heç kəsin sənəti və sənətkarı təhqir etmək ixtiyarı yoxdur.

Bir dönəm Bəxtiyar Vahabzadə təhqir obyektinə çevrilmişdi və bir qrup müasir yazar onun ünvanına "bayağı şair", "cahil adam" və indi yazmaq istəmədiyim başqa ifadələr işlədir, "istedadsızlığının dibi görünmür" deyə fikir yürüdürdü. Bəlkə də Bəxtiyar Vahabzadə onlara görə istedadsız adamdır. Bəlkə elə həyatdakı hər şey kimi istedad da nisbi anlayışdır.

Lakin mənə görə "Atılmışlar" poemasını yazan adam istedadsız ola bilməz. Şəxsiyyəti müzakirə olunursa, burda söhbəti uzatmağa ehtiyac yoxdur. Sənət şəxsiyyətdən milyon arşın uzaqda dayanan anlayışdır. Məsələn, mənim Səməd Vurğuna şəxsiyyət kimi hansı münasibəti bəsləməyimdən asılı olmayaraq, məncə o, sənətkar kimi ədəbiyyatımızın ən nəhəng söz adamlarından biridir.

Bəzən bu şəxsiyyətlərin müdafiəsinə qalxanda Hacı Zeynalabidin Tağıyev və Baba Pünhan haqqında yazılarımı əsas gətirib məni də eyni məsələdə ittiham edirlər. Lakin nəzərinizə çatdırım ki, mən Hacı Zeynalabidin Tağıyev haqqında yox, Hüseyn Ərəblinski haqqında yazıb, onun taleyində Hacı Zeynalabidin Tağıyevin mənfi rolunu tarixi əsaslarla göstərmişəm. Baba Pünhan haqqında isə əsla təhqir işlətməmişəm, yaradıcılığını da bir yazıya sığacaq qədər beytləri ilə təhlil etməyə çalışmışam.

Дым из двуствольного охотничьего ружья - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
On səkkiz dəqiqəlik böyük faciə

Gələk Mikayıl Müşfiqə… Mikayıl Müşfiq yaradıcılığını təhlil etmək fikrim yoxdur. Ölümündən 80 il keçməsinə rəğmən, hələ də adı çəkilirsə, şeirləri sevilirsə, demək ki, ona lazım olan qiyməti tarix özü verib. O, həmin Müşfiqdir ki, tarix onun daş heykəlinin də yıxılmasına icazə vermədi. İndi Mikayıl Müşfiqi şair hesab etməyənlər düşünsünlər, ölümlərindən 80 il sonra şeirləri oxunacaqmı, seviləcəkmi, qorunacaqmı, adları şair kimi çəkiləcəkmi?

Zənn edirlər ki, Mikayıl Müşfiq yaradıcılığı ilə deyil, nakam taleyinə görə sevilir. Bəs Mikayıl Müşfiq niyə nakam tale yaşadı? Heç şübhəsiz, yaradıcılığına görə. Sovet rejimini özünün "Kəndli və ilan" poemasında təsvir edən şair 37-nin repressiyasına qurban gedəcəkdi, əlbəttə. Tara qadağa qoyan nəhəng ittifaqa qarşı durub "Oxu, tar!" deyə hayqırdığı üçün güllələndi. İndi öz dövrünün haqsızlıqlarına bir cümləlik etiraz şüarı olmayanlar nə haqla Müşfiqə "mənasız adam" deyirlər?

Mikayıl Müşfiqin sovet rejiminin tələblərinə uyğun şeirlər yazdığını əsas gətirib yaltaqlığına işarə edirlər. Şairin vəzifəsi həm də öz mühitini təsvir etmək deyilmi? 30 illik ömrünün böyük qismi sovet sosializminə təsadüf edən şairin fəhlə sinifinə şeir yazması qəbahətdirmi?

Müşfiqin hay qızlarına, Sevan çöllərinə, Ermənistan-Azərbaycan dostluğuna həsr etdiyi şeirlərlə onu vətən xaini çıxarmağa çalışanlar, gərək Azərbaycan mədəniyyətinin böyük bir qismini silib atsınlar. Nəsiminin "Erməni" rədifli qəzəli var. Sayat Nova həm ermənicə, həm azərbaycanca şeirlər yazırdı. Cəfər Cabbarlı "1905-ci ildə" əsərində Ermənistan-Azərbaycan xalqlarının dostluğundan bəhs edir.

Səhnə - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Xalqın şairi" kimdir?

21-ci əsrin əvvəllərində Azərbaycan sənət adamları ilə Ermənistan sənət adamlarının sıx əməkdaşlığı vardı. Sovet dövründə çəkilən kinolarımızda erməni aktyorları rol alıblar. İndi bu boyda mədəni irsin tamamını vətən xainiliyi deyib silməliyik? Yoxsa təkcə Müşfiqmi nankor çıxdı? Dövr dəyişilir, tələblər dövrə uyğunlaşır və uyğunlaşacaq da.

Məsələ isə Mikayıl Müşfiqdə və digər şəxsiyyətlərdə deyil. Məsələ azad ola bilməyən, azad yaradıcılıqla məşğul ola bilməyən, ümumiyyətlə, nəsə yaratmağı bacarmayan adamların uğursuzluğundadır. Müşfiq şeirləri ilə eşqin, ölümü ilə mübarizənin simvoluna çevrilmiş adamdır. Öz uğurundan arxayın olan adam 80 il əvvəl güllələnmiş bu şairi niyə təhqir edə bilər? Çünki o, sənəti ilə deyil, yalnız Müşfiqi təhqir etməklə şöhrət qazanacağından arxayındır.

Xəbər lenti
0