BAKI, 10 mart — Sputnik. Səudiyyə Ərəbistan kralı Salman İraqa dünyanın ən böyük stadionunu hədiyyə edir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, İraqda 135 min nəfərlik stadionun inşasına başlanılıb.
Bu, Dünya Kubokunda iştirak edəcək Səudiyyə Ərəbistanının Rusiyaya gedə bilməyən İraqa çox böyük jesti hesab edilir.
Xatırladaq ki, son zamanlar futbola investisiyalar qoyan Səudiyyə Ərəbistanı dünyada tanınan ingilis hakim Mark Clattenburqu ölkəyə gətirməyə nail olmuşdu. Hakim matçlardan birində azan oxunan zaman oyunu saxlaması ilə gündəmə gəlmişdi.
Xatırladaq ki, İraq ilə Səudiyyə Ərəbistanı 28 fevralda dostluq görüşü keçirib. Kral Salman oyunda məğlub olacaqları təqdirdə İraqda stadion tikdirəcəyinə söz vermişdi. Oyunda İraq 4-1 hesabı ilə qazandığına görə, Kral Salman inşaat işlərinə başlayır.