BAKI, 27 fevral — Sputnik. Ölkənin film və serial sahəsində ardı-arası kəsilməyən biabırçılıqlar davam etməkdədir. Daha da pisi odur ki, bu mənfi davamiyyət zəifləməkdənsə, şiddətlənməkdədir.
Əvvəlcə, sosial şəbəkələrdə məsxərə obyektinə çevrilərək sürətlə paylaşılan kadrlara rast gəldim. İlk izlədiyimdə bunu zarafat kimi qəbul etdim. Elə düşündüm ki, bu kadrlar ölkədəki ümumi serial sektorunu tənqid etmək üçün çəkilmiş komediyadır. Dramaturgiya anlayışı olmayan ssenaristlərin, süni, qeyri-peşəkar aktyor və aktrisaların, istedadsız rejissorların bu kadrlarla parodiya olunduğunu zənn etdim. Daha sonra anladım ki, məsələ ciddi imiş. Bu kadrlar Azərbaycanın televiziya məkanında əməlli-başlı serial adı ilə yayımlanıbmış.
Həmin kadrların Lider TV-də yayımlanan dram janrında çəkilmiş "Ümid yeri" serialından seçmə kadrlar olduğunu gördüm. Serialın artıq 20-yə yaxın bölümü yayımlanıb. Görünür ki, bu vaxta qədər telekanal rəhbərliyindən, Milli Televiziya və Radio Şurasından heç kəs bu məsələyə müdaxilə etməyib.
Sənət anlayışı olan tamaşaçı kütləsi istər zarafatyana paylaşımlarla, istər ciddi iradlarla serialı tənqid etsələr də, serialın quruluşçu rejissoru (titrlarda belə təqdim olunur) tamaşaçılara nömrəsini verib məhəllə tipli davalara dəvət edir. Özbaşınalığın bundan o tərəfi varmı, görəsən?
Ümumiyyətlə, yerli film və serial sektorunda hal-hazırda fəaliyyət göstərən şəxslərin böyük qismi qeyri-peşəkarlardan, sadəcə sənətin şöhrət tərəfinə həvəslənib, əlindəki müəyyən imkanlarla özünü sektora dürtməyə çalışan istedadsızlardan ibarətdir. Son on ildə yayımlanan film və serial ssenaristlərinin neçəsi dramaturgiyanın nə olduğunu bilir, görəsən?
Məlumunuzdur ki, dramaturgiya teatr əsərlərindən başlayır. Yaxşı film və serial ssenarisi yazmaq üçün, əvvəlcə, yaxşı pyes yazmağı, dialoqlar üzərində hadisə qurmağı bacarmaq lazımdır. Əgər pyes yazmaq bir ssenarist üçün şərt deyilsə belə, ssenaristin pyes mütaliəsi kifayət qədər zəngin olmalıdır ki, yazdığı ssenari keyfiyyətli olsun. Dindirsən, Henrik İbsenin bir pyesini oxumayanlar, Valter Benjaminin dramaturgiya haqqında bir cümləsini belə bilməyənlər serial və film titrlarında "ssenari müəllifi" deyə təqdim olunurlar.
Aktyor və aktrisa seçimlərindən danışmağa dəyməz. Müasir yerli film və seriallarda rol alanların əksəriyyəti sənətə yeddi köynək uzaq adamlardır. Onların aktyor oyunundan, səhnə danışığından, emosional yaddaşdan xəbərləri yoxdur. İzləyəndə bəzi simalar tanış gəlir, hansı ki, onlardan bəziləri həqiqətən Mədəniyyət və İncəsənət Universitetində təhsil alsalar da, tələbə vaxtlarını universitetin bufetində məhəllə tipli qeybətlər etməklə keçirirdilər. İndi onlar dost-aşna dairəsindən kimsə sponsor tapıb və hansısa vasitələrlə efirə çıxıb deyə, bir dəstə avaranı da kütləyə aktyor kimi sırıyırlar.
Bir neçə il bundan əvvələ qədər eyni vəziyyət Türkiyədə də baş verirdi. Sonralar dövlətin bu sahəyə nəzarəti sayəsində problem aradan qaldırıldı. Nazirlik qəti tapşırıq verdi ki, aktyorluq təhsili olmayan, aktyorluq üzrə ən azı üç aylıq kurs keçməyən heç bir şəxs serial və filmlərdə rol ala bilməz. Nəticədə, həm bu sahədə təhsil verən müəyyən kurslar yarandı, həm də istedadı olanlar özlərini daha da inkişaf etdirib sonra təcrübə qazanmağa başladılar.
"Ümid yeri" serialının ardınca "Güləhməd" filmi ilə bağlı biabırçılıq mediaya manşet oldu. Keyfiyyətsiz və senzurasız film ilk nümayişdən sonra kinoteatrdan yığışdırıldı. Rejissorun açıqlaması isə lap dəhşətli idi. Həmin açıqlamadan ölkədəki film sektorunun vəziyyəti olduqca aydın görünürdü.
Adını rejissor, ssenarist, prodüser, aktyor, aktrisa və başqa cür qoyan şəxslər əməlli-başlı qəpik-quruş davasına çıxıb, sənəti öz əllərində dilənçi qurşağına çevirərək gah gileylənir, gah da yalvarırlar. Olmaz! Mədəniyyəti bu qədər ucuzlaşdırmaq, xalqı bu qədər ələ salmaq olmaz!
Bu ölkədə Mədəniyyət və Turizm Nazirliyi varmı? Var! Bu nazirliyin nəzdində olan onlarla digər qurumlar varmı? Var! Milli Məclisin Mədəniyyət komitəsi varmı? Var! Milli Televiziya və Radio Şurası varmı? Var! Hər bir telekanalın öz bədii şurası varmı? Var! Onlarla digər müxtəlif nəzarət komissiyaları varmı? Var! "Azərbaycanfilm" kinostudiyası varmı? Var! Bəs hanı bu adı var olanların işi? Nəyə yarayır bu təmtəraqlı adlar?
Turizmin inkişafından pafosla danışırıq! Ölkəyə gələn turistlər qaldığı hoteldə açıb bir yerli telekanalı izləyərsə, kinoteatra gedib bir filmə baxarsa, qonağı olduğu ölkənin mədəniyyəti ilə tanış olmaq istəyərsə, nəyi görəcək? Brextin, Artaudun, Qratovskinin, Piskatorun, Tarkovskinin, Fellininin vətənindən gələnlər öz ölkələrinə bizim "Ümid yeri"ndən xəbər aparacaqlar, yoxsa "Güləhməd"dən?