BAKI, 26 fevral — Sputnik. "İlin əvvəlindən əsas məqsədimiz hazırlıqları maksimum keyfiyyətlə başa vurub, qarşıdan gələn yarışlarda uğurla çıxış etməkdir. Bu turnirdə iştirak da hazırlığımızın tərkib hissəsidir. Turnirə qədər isə Qazaxıstan və Türkmənistan yığmaları ilə birgə iki təlim-məşq toplanışı keçmişik. Komandalarımız Avropa çempionatına qədər də daha bir neçə təlim-məşq toplanışına qatılacaq".
Sputnik Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Güləş Federasiyasının Birinci vitse-prezidenti Firdovsi Umudov Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnirdə Azərbaycan yığma komandasının iştirakı haqqında açıqlama verərkən deyib.
Birinci vitse-prezident Dünya kuboku haqqında bunları bildirib: "Bu turnirin yekunlarına görə həm Dünya Kuboku, həm də bütün komandalar üzrə Avropa çempionatına yollanacaq heyəti müəyyənləşdirəcəyik. Turnirin bizim üçün əhəmiyyəti həm də ondan ibarətdir ki, çatışmazlıqları görürük.
Burada da müəyyən fərdi səhvlər oldu. Düşünürəm ki, növbəti yarışlara qədər bu çatışmazlıqları aradan qaldırmaq üçün vaxtımız var. Ancaq ümumi nəticə onu deməyə əsas verir ki, biz düzgün yoldayıq".
Keçirilən yarışda güləşçilərimizdən Qalib Əliyev, Taleh Məmmədov, Elvin Mürsəliyev, Həsən Əliyev, Orxan Nuriyev və İslam Abbasov Ermənistan təmsilçiləri ilə qarşılaşıb. İdmançılarımız bu görüşlərin beşini qələbə ilə başa vurmağı bacarıb.
Firdovsi Umudov işğalçı ölkənin idmançıları ilə mübarizədə idmançılarımızın əzmkarlığının hər bir azərbaycanlıda qürur hissi yaratdığını bildirib: "İdmanı siyasətdən uzaq tutmaq istəsək də, bəzən milli məsələlərdə buna göz yummaq lazım gəlir. Hansı idman növü olursa-olsun, idmançılarımızın erməni rəqibləri ilə qarşılaşmada meydanı başıuca tərk etmələri hər bir Azərbaycan vətəndaşını sevindirir və qürurlandırır".
"Bu gün idmançılarımız öz əzmkarlıqları ilə rəqiblərinə qalib gəlib. Bu turnir artıq başa çatdı. Yarışda udmaq da var, uduzmaq da. Qələbə də artıq geridə qaldı. Bir məsələ var ki, Xocalı soyqırımının ildönümü ərəfəsində bizim erməni rəqiblərimizə uduzmağa mənəvi haqqımız yox idi. Bu qalibiyyət üçün güləşçilərimizə təşəkkür edirəm. Bu gün işğalçı Ermənistan müvəqqəti olaraq bizim torpaqlarımıza sahiblənir. Əminik ki, cənab Ali Baş Komandanın başçılığı altında tezliklə haqq-ədalət öz yerini tapacaq və biz əzəli torpaqlarımıza əbədi sahib olacağıq", — o deyib.