Azərbaycan Qərbin bir sıra enerjidaşıyıcıları layihələrində fəal iştirakçıdır. Bu, Bakının siyasi çəkisini artırır. Lakin artıq Qərbə “xilaskar Sem dayı” kimi baxanların sayı kəskin şəkildə azalıb. Daha çox müxalifət partiyaları Qərbə inteqrasiya kursunu müdafiə edir, ABŞ və Avropa ölkələri ilə müttəfiq münasibətləri qurmağa çalışırlar. Lakin 25 illik cəhdlərə baxmayaraq, Qərb Azərbaycan müxalifəti ilə yaxından əməkdaşlıq etməyi heç bir zaman qarşısına məqsəd qoymadı.
Azərbaycan regiondakı geostrateji mövqeyinə baxmayaraq, hələ də ABŞ-ın xarici siyasətində prioritet deyil. Doğrudur, ABŞ-ın burada maraqları var və bunları mövcud hakimiyyətin vasitəsilə də təmin edirlər. Ona görə də ABŞ Azərbaycanda sabitliyin pozulmasında hələlik maraqlı deyil və birmənalı şəkildə iqtidarı müdafiə edir.
İllər öncə Qərb müxalifətə açıq mesaj vermişdi – ifrat radikallıqdan əl çəkin və hakimiyyətin bəzi qollarında təmsil olunun. Müxalifətin iddiaları buna imkan vermədi. 2005-ci ilin parlament seçkiləri zamanı Qərb müxalifətdən seçkilərin nəticələri ilə bağlı radikal münasibət bəsləməmək və parlamentdə təmsil olunmaq tələb edirdi. Müxalifətin iddiaları buna imkan vermədi. Müxalifət heç zaman çevik qərar qəbul edə bilməyib və bu gün də edə bilmir.
Bu gün düşdüyü ağır duruma görə müxalifət Qərbi və xalqı günahlandırır. Xalqı günahlandırmaq absurddur. Son 25 ilin mübarizənin səmərəsiz olması proseslərə mənfi təsir göstərib. Ənənəvi şüar və taktika ilə keyfiyyət dəyişikliyinə nail olmaq son dərəcə çətindir. Son illər keçirilən etiraz aksiyaları, tədbirlər proses yarada bilməyib. Xalq konkret hədəflər uğrunda mübarizə aparmaq istəyir. Kimlərinsə iqtidardan getməsini arzulamaq siyasi proseslərdə fəal iştirak etməyən insanlar üçün maraqlı deyil. Sıravi vətəndaş son dərəcə sadə suallara cavab tapmaq istəyir — hakimiyyət dəyişikliyi mənim həyatımda nələrə səbəb olacaq? Müxalifətin tənqiddən başqa yük yerində nə var? Bu suallara cavab tapılmır. İslahatlar zərfi mövcuddurmu? Digər tərəfdən, xalqı qələbəyə aparan passionarların zəifliyi ümumi nəticəyə mənfi təsir göstərir.
Müxalifət yalnız ara-sıra mitinqlər keçirtməklə işini yekunlaşdırır. Müxalifətin sonsuza qədər icazəsiz aksiyalar keçirmək taktikası artıq lazımi effekt vermir. Etiraz aksiyalarının məzmununda da müəyyən dəyişikliklər olmalı, konkret hədəflər müəyyən edilməlidir. Aksiyaların şüarları müxalifətin istəyini açıq şəkildə ifadə etməlidir. Müxalifət isə yalnız tənqid etməklə işini bitmiş hesab edir.
Bu gün müxalifət sistemli mübarizə apara bilmir. Sistemli mübarizə nədir? Mövsümi mitinqlər keçirtmək? Bəyanatlar vermək? Beynəlxalq əlaqələr bu, yaxud digər səbəbdən iflasa uğrayırsa kimi müqəssir kim bilinməlidir?
Müxalifət 2000-də öz liderini – Elçibəyi itirəndən sonra nokauta düşdü və hələ də özünə gələ bilmir. İqtidar üçün belə vəziyyət 2003-də yarandı. Müxalifətdən fərqli olaraq, hakimiyyət komandanı qoruya bildi.
2009-cu il 18 martda keçirilən refendumla eyni şəxsin prezident seçkilərində iştirakına olan məhdudiyyəti ləğv edildi. İqtidar texnoloqları, ən azı 3 gediş öncəni düşünə bilmişdi.
Siyasətin bir qaydası var — məğlubları sevmirlər. Məğlublar qaliblərin yanında olacaqlar. Komanda yenə ən azı öz qrup maraqlarına görə birləşə bildi. Müxalifət isə heç bir halda, heç bir şərtlərlə birləşə bilmir. Komandanın Elçibəy ranqında lideri yoxdur. Birləşdirici sima yoxdur. Nə Etibar Məmmədovun AMİP sədrliyindən getməsi, nə İsa Qəmbərin başqanlıqdan getməsi bu partiyaları xilas edə bilmədi. Etibar Məmmədovsuz AMİP, İsa Qəmbərsiz Müsavat sudan kənarda yaşayan balığı xatırlatdı. Nə NİDA, nə digərləri boşluğu doldura bilmədi. İntellektual kəsimin rəğbət bəslədiyi İlqar Məmmədovun həbsdə olması REAL-ı iflic elədi, halbuki bu təşkilat lider ətrafında formalaşmamışdı. Müxalifətdə hər kəsin qəbul etdiyi lider mövcud deyil.
Heydər Əliyevdən sonra hakim komanda yeni liderini seçdi. Bu gün də bəllidir ki, iqtidarı müdafiə edənlər fors-major vəziyyətdə, yaxud sabit situasiyada kimə dəstək vermək lazımdır. Bəs müxalifətdə necədir vəziyyət? Bu düşərgədə strategiya yoxdur. Sistemli və ardıcıl mübarizə olmadıqda belə olur. Birləşdirici bir liderin mövcud olmaması müxalifət üçün ciddi problemə çevrildi. Artıq müxalifət partiyalarının sıravi üzvləri anlayırlar ki, belə davam edə bilməz. 25 il eyni partiyanın sədri olan və hər dəfə məğlub olan sədrlərlə uğur əldə etmək imkansızdır. Bu baxımdan, yeni sədr seçkiləri ideyası daha da aktuallaşıb…