BAKI, 21 fevral — Sputnik. Tarixin bütün dövrlərində sənət mühiti qruplara bölünüb. O məşhur replikanı bir az ümumiləşdirsək, belə deyə bilərik: “Bu sənət ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də vacib”.
Hal-hazırda ciddi sənətlə məşğul olan, işinin peşəkarı sayılan istedadlı adamlar ümumi gedişatdan narazıdır. O səbəbdən ki, meydanı qeyri-ciddi sənətlə məşğul olan, qeyri-peşəkar və istedadsız adamlar tutub. Bu problem həm ədəbiyyatda, həm musiqidə, həm də kinoda var. Problemdən rəssamlıq və teatr kimi incəsənət sahələri özünü qoruya bilib. Çünki bu sahələr gündəm tələb edən sahələr deyil, şouya, publikaya işləmir.
Peşəkar müğənnilər narazıdırlar ki, niyə qeyri-peşəkar ifaçıların bayağı mahnıları milyonlardan ibarət auditoriyalara çata bilir, amma əsl sənət məhsullarına, keyfiyyətli musiqi nümunələrinə tələbat yoxdur və bu mahnıların ifaçılarına dəyər verilmir? İstedadlı şairlər, yazıçılar, dramaturqlar da meydanı istedadsızların tutmasından, onların reklam gücünə tanınmalarından narahatdırlar. İşinin ustası olan rejissorlar, aktyorlar, aktrisalar da kino və serial sektorunun uçurumda olmasından gileylidirlər ki, niyə professionallara şərait yaradılmır və nəticədə bu cür yararsız məhsullar ortaya çıxır?
Əlbəttə, sənət adamlarının bu giley-güzarlarına qarşı çıxmaq olmaz. Ümumiyyətlə, sənət adamlarına qarşı çıxmaq olmaz. Adı üstündə, onlar sənət adamlarıdır. Onların etirazı da bir növ sənətdir. Lakin mən bu dəyərli şəxsiyyətlərin üzülmələrini istəmirəm. Ona görə də bu barədə bir-iki fikrimi acizanə bölüşmək və onları az da olsa, təsəlli etmək niyyətindəyəm.
Romalı filosof Seneka deyirdi ki, "sənət təbiəti təqlid etməkdən qeyri bir şey deyil". Min səkkiz yüz il sonra fransız yazıçı Onore de Balzak romalı filosof Senekaya sillə kimi cavab verdi: "Əsl sənət təbiəti təqlid etmək deyil, ifadə etməkdir".
Əvvəldə bəhs etdiyim qruplaşma da bu idi. Sənət mühiti həmişə bu iki qrupa ayrılıb: təbiəti təqlid edənlər və təbiəti ifadə edənlər. Təbiəti təqlid edənlərin məhsulları müəyyən müddətlik konservləşdirilmiş qida məhsulları kimidir. Son istifadə müddətləri bitincə atılacaq və bir də xatırlanmayacaq. Təbiəti ifadə edənlərin məhsulları isə getdikcə daha da dəyər qazanan tarixi abidələr kimidir. Onlar dünya və bəşər durduqca yaşayacaq, nəsildən nəslə ötürüləcək.
Bu gün kimlərin daha çox tanınmasından, kimlərin daha çox sevilməsindən və kimlərin daha çox qazanmasından asılı olmayaraq, tarix hər kəsə layiq olduğu yeri verəcək. Təbiəti təqlid edənlərin bu tarixdə yeri yoxdur. Çünki onlar bugünkü mühitin parodiyaçılarıdır.
Hər-şey açıq-aydın ortada deyilmi? Bir boylanıb cəmiyyətin halına baxın, bir də həmin cəmiyyətin gündəmində olan sənət nümunələrinə. Nə qədər də bir-birinə uyğun gəlirlər, elə deyil? Çünki gündəmdə olanlar mühitin — insanların indiki maddi, zehni və mənəvi halını təqlid edirlər. Bu hal isə həm maddi, həm zehni, həm də mənəvi yoxsulluq halıdır. Cəmiyyətin böyük qismi bu halda olduğu üçün, özlərini kimdə tapırlarsa, ona baxırlar, onu dinləyirlər, onu sevirlər.
Digər kəsim isə, hansı ki, ciddi sənətin auditoriyasında əyləşən insanlardan ibarətdir, onlar tarixin elçiləridir. Təbiəti ifadə edən sənət adamlarının yazdığı tarixi gələcəyə o elçilər ötürəcək. Buna görə də, əziz və hörmətli sənətkarlar, zamandan və məkandan küsməyin, inciməyin, qaçmayın. Siz də küssəniz, incisəniz, qaçsanız, kim qalacaq? Buraxın, indi sizi görməsinlər, indi sizi sevməsinlər, indi sizi lap daşlasınlar, əgər siz özünüzdən və sənətinizdən arxayınsınızsa, deməli, gələcəyin ən müqəddəs kürsüləri sizin üçün hazırlanmaqdadır. Hə, kiminsə istəyi məhz görünmək, sevilməkdirsə və kimsə daşlanmaqdan qorxursa, həmin kəslər haqqında danışmağa dəyməz. Çünki onlar həm sənəti, həm də meydanı çoxdan tərk ediblər. Mübarizədən imtina ilə ömürdən imtina arasında heç bir fərq yoxdur.
Bizim indi heykəllər ucaltdığımız dahilər öz dövrlərinin sənət meydanında tək olmayıblar. Onlarla birlikdə o qədər təqlidçilər meydan sulayıb ki! Amma bizə kim gəlib çatıb? Tarixin seçdikləri. Bizdən də gələcəyə seçilənlər qalacaq. Bu gün şöhrətin zirvəsində olan təqlidçilər elə tarixin bugünkü qatlarında batıb qalacaqlar. Gələcək mərtəbələrə yüksəlmək üçün onlara heç bir nərdivan sunulmayacaq.
Təbiniz rəvan, zehniniz açıq, gücünüz bol olsun, sənətkarlar! Dünya həmişə sizə ev sahibliyi etdiyi üçün qürur duyacaq! Siz nəyin qəmini çəkirsiz? Siz çoxdan qalibsiz!