BAKI, 10 noy — Sputnik. Azərbaycanlı yazar və aktyor, 2012-ci ildə keçirilən "Gənclərin teatr festivalı"nın qalibi Elçin Aslangil İstanbulun Şişli ərazisində yerləşən "Şöhret Tiyatrosu"ndan təklif alıb. Bu haqda Sputnik-ə aktyorun özü məlumat verib.
"Şöhrət Tiyatrosunun rəhbərliyi orada işləmək üçün məni dəvət etdi. Mən də dəvəti qəbul etdim. Azərbaycan teatrlarından fərqlənən bir teatrda işləmək mənim üçün maraqlıdır", — o deyib.
Aktyor Azərbaycan teatrları ilə Türkiyədə fəaliyyət göstərən teatrların fərqlərinə də aydınlıq gətirib: "Biz işin çox çürüyünü çıxarıb, daha dərinə gedirik, onlarsa sadəcə üzdən rahat işləyirlər. Biz səhnəyə çıxan kimi (əsl aktyorlardan söhbət gedir — E. A.) tamaşaçıya fikir vermədən, öz obrazımıza aludə oluruq, onlarsa tamaşaçını, sanki güdürlər və məhz onlar üçün oynayırlar".
"Bundan başqa, bizdə psixoloji, dərin, obrazlar daha çox sevilir və bu tip obrazları canlandıran oyunçulara xüsusi rəğbət var. Türkiyədə isə bəsit və komediyaya daha çox önəm verilir. Amma qarşılarına keçib nəsə psixoloji bir obrazı canlandırsan, məst olurlar və o aktyora əsl sənətçi, qeyri-adi istedada malik bir insan kimi baxırlar", — aktyor vurğulayıb.
E. Aslangil bildirib ki, Türkiyədə kiçik teatrlar və dram kursları çoxdur: "Türkiyə xalqı teatrı çox sevir. Burada bu sahəyə maraq çoxdur. Türkiyədə Azərbaycan teatrlarından fərqli olaraq dövlət teatrlarında əmək haqqı yüksəkdir. Özəl teatrlarda isə rəqəmlər dəyişir, aktyorların aktyor sənəti ilə bağlı fərdi kurslar açmaq imkanları olduğu üçün, burada əmək haqqı qismən aşağıdır".
"Türkiyədə teatr aktyorunun əmək haqqı 500 dollardan (təxminən 850 manat) başlayır, 1800 dollara (təxminən 3000 manat) qədər artır. Bu, onun işlədiyi teatrdan asılıdır", — müsahibimiz qeyd edib.
O, "Türkiyədə Azərbaycan tamaşalarından səhnələşdirməyi planlaşdırırsınızmı?" sualına isə belə cavab verib: "Hələlik belə fikrim yoxdur. Öz yazdığım bir neçə pyes var, onları səhnələşdirməyi düşünürük. Artıq "Palyaçonun günlüyü" pyesim barədə teatr rəhbərliyi ilə danışmışam, onlar da pyesi səhnələşdirməyə razı olublar. Pyes psixoloji, hərəkətli bir əsərdir. İnsanların günlük yaşamından bəhs edir".
Gənc aktyor peşəkar aktyorlarla çalışdığını da əlavə edib: "Salih və Yener Yüksek kimi peşəkarlarla çalışıram. Bu, məni sevindirir və işimdən məmnunam".