BAKI, 21 noyabr — Sputnik. ABŞ-ın dərdi Suriyaya demokratiya gətirmək deyil. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdəki çıxışı zamanı deyib.
Ərdoğan Vaşinqtonun dərdinin əslində başqa olduğunu bildirib: “İŞİD terrorçularını təmizlədiyinizi deyirsiniz, amma silah dolu TIR-lar hələ də Suriyaya gedir. Bu, hələ də niyə davam edir? Siz hansı ölkəyə qarşı silahlanırsınız? Dərdiniz başqadır. Nəyin nə olduğunu yaxşı bilirik. Ona görə də lazımı addımları atacağıq. Heç kim bu ssenarilərin qarşısında Türkiyənin əli-qolu bağlı oturmasını gözləməsin".
"Suriyada Əsəd rejimi hələ də yerində qalır. Onda bu qədər qan niyə tökülüb? Demək ki, məsələ terrorla mübarizə, demokratiyanın bərpası, məzlumların hüquqlarının qorunması deyil. Biz qonşularımıza qarşı bu cür həmlələrə biganə qalmayacağıq” — prezident əlavə edib.