CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qulaqcıq taxanlar, mütləq diqqət edin!

Abunə olmaq
Səssiz bir otaqda qulaqcıq ilə musiqi dinləyərkən səs şiddəti, əsasən, normal qəbul edilə biləcək səviyyədə, təxminən 70 destibel (db) olmalıdır

BAKI, 22 yanvar — Sputnik. Son dövrlər insanlar qulaqcıqdan istifadədən asılı vəziyyətə düşüblər desək, yəqin ki, yanılmarıq.

Hər gün küçədə, avtobusda, metroda, iş yerində qulaqlarına bu vasitəni taxmış, yüksək səslə musiqi dinləyən şəxslərlə qarşılaşırıq. Ən acınacaqlısı isə, bu halın uşaqlar və yeniyetmələr arasında da geniş vüsət almasıdır. Qulaqcıqdan istifadə edən həmin şəxslər ətraf aləmdən təcrid olunmuş kimi görünürlər, gözlərindəki ifadə isə tamamilə donuq və qeyri-müəyyəndir. Bir anlıq adama elə gəlir ki, səninlə onlar arasında sanki bir uçurum var, ya da sən başqa aləmdə yaşayırsan, onlarınsa öz dünyası var. Üstəlik musiqiyə o qədər yüksək səs verirlər ki, ətrafdakılar da eşidir. Və adamım ağlına dərhal bir sual gəlir – “Bunun qulağı batmır belə yüksək səsdən?”.

Смартфон iPhone X - Sputnik Azərbaycan
Cəmi 10 ilə bütün dünyanı fəth edən internet telefon

Bəs görəsən qulaqcıqdan istifadənin insan sağlamlığına, psixologiyasına nə kimi mənfi təsiri var? Ümumiyyətlə, qulaqcıqdan istifadə zamanı hansı detallara diqqət etməliyik? Sputnik Azərbaycan bildirir ki, ailem.az-da bu və digər suallara  qulaq, burun, boğaz həkimi Cavid İsmayılov və psixoloq Narınc Rüstəmova aydınlıq gətiriblər.

Kar ola bilərsiniz…

Mütəxəssis bildirib ki, qulaqcıqla musiqi dinləyənlər diqqətli olmalıdırlar, çünki kar ola bilərlər: “Silah səsi, ya da bir partlayış nəticəsində ani və qısa müddətli şiddətli səslərdə olduğu kimi, yüksək səslərə də uzun müddətli məruz qalmaq qalıcı eşitmə itkisinə yol açır. Yüksək səsdən sonra qulaqda olan uğultu, cingilti eşitmə sinirində hüceyrələrin zədələndiyinə bir işarədir. Həmçinin qulaqcıq taxaraq yüksək səslə musiqi dinləyərkən bu cihazlar erkən yaşlarda eşitmə itkisi üçün bir risk faktorudur”.

Qulaqcıqda səs şiddəti 70 destibel olmalıdır

C.İsmayilov deyir ki, səssiz bir otaqda qulaqcıq ilə musiqi dinləyərkən səs şiddəti, əsasən, normal qəbul edilə bilər bir səviyyədə, təxminən 70 destibel (db) olmalıdır: “Müqayisə üçün deyim ki, insan danışığı, təxminən, 40 db, küçə səsləri isə, təxminən, 70 db şiddətindədir. Ancaq səs-küylü bir mühitdə ətrafdakı səsləri basdırmaq üçün musiqinin səsi artırıldıqda dinləyicinin qulaqları üçün təhlükə yaranır. Araşdırmalar göstərir ki, 85 db şiddətindəki səslərə 8 saatdan çox məruz qalmaq olmaz. Bu müddətlər 88 db üçün 4 saat, 91 db üçün 2 saat və 100 db üçün 15 dəqiqədir. Səs şiddəti artdıqca dinləmə müddəti azalmalıdır. Qeyd edim ki, musiqi dinləmə cihazlarının səs şiddəti 125 db-ə qədər yüksələ bilir. Bundan əlavə istifadəçilərin dörddə birində yüksək səsdə dinlənən musiqi sonrası eşitmələrində keçici olaraq 5-10 db şiddətində zəiflik müşahidə edilir.

Kofe. Arxiv şəkli - Sputnik Azərbaycan
Kofe içərək kar ola bilərsiniz

Yüksək səsə daimi məruz qalmaq qulaqda eşitmə sinirində ciddi problemlər yaradır və bu, geri dönüşümü olmayan eşitmə zəifliyinə gətirib çıxarır. Odur ki, çalışın qulaqcıqdan orta səs səviyyəsində, gündə 1-2 saatdan çox istifadə etməyəsiniz”.

Xəstəliyin ilk əlamətləri…

Həkimin sözlərinə görə, yüksək səs nəticəsində əmələ gələn zədə iç qulaq tipində yavaş-yavaş eşitmə itkisi yaradır: “Zaman keçdikcə problemlər ortaya çıxır və bunu bildiyiniz vaxt isə hər şey çox gec ola bilər. Uğultu və cingilti xəstəliyin ilkin əlamətlərindəndir. Bir də onu qeyd edim ki, qulaqcıqdan tək tərəfli istifadə də təhlükəlidir. Bəzən qulaqcığın bir tayı hər hansı dosta verilir, bu zaman istər-istəməz səs şiddətini də yüksəltmək məcburiyyətində olurlar və bu da hər ikisinin qulağında ciddi problemlər yaradır”.

Qulaqcıqdan istifadə insanı laqeyd edir…

Məsələnin psixoloji məqamlarına aydınlıq gətirən psixoloq Narınc Rüstəmova qulaqcıqdan istifadənin hazırda bütün uşaqlar və gənclər arasında geniş yayıldığını təəssüflə qeyd edir. Onun sözlərinə görə, qulaqcıqdan bu cür geniş istifadə etmək onların psixologiyasına mənfi təsir göstərir: “Belə uşaqlar cəmiyyətdən təcrid olunurlar. Uşaq qulağına qulaqcıq taxan zaman ətraf mühitdən təcrid olunmağa başlayır. O, kənar söhbətləri eşitmir, dinləmir. Yalnız qulaqcıqda olan musiqiyə və ya hansısa bir məlumata qulaq asır”.

Qulaqlıq - Sputnik Azərbaycan
Bu qulaqlıqla tərcüməçiyə ehtiyacınız olmayacaq

Psixoloq vurğulayır ki, qulaqcıqlardan istifadə, ümumiyyətlə, insanı cəmiyyətə qarşı laqeyd edir. O, ətraf hadisələrə qarşı etinasız olur. Bu zaman ailə daxilində, məktəbdə, cəmiyyətdə problemlər yaratmağa başlayır: “Biz müşahidə etmişik ki, hətta şizofren olan uşaqlar xəstəliyin ilk mərhələlərində qulaqcıqdan istifadə etməyə başlayırlar. Çünki onlar bu vasitə ilə ətrafdan uzaqlaşaraq daha rahat olurlar. Kənar səslər eşitmirlər, səs-küydən, valideynlərinin narazılığından daha uzaq olmaq istəyirlər və zaman keçdikcə daxili nitqi artırırlar. Daxili nitq isə insanın öz-özü ilə, içindəki səslə danışmasıdır. Bu zaman insanda öz-özünə danışmaq vərdişi formalaşır. Bu, adi hallarda da olur, amma qulaqcıqdan istifadə edən yeniyetmə uşaqlarda daha çox rast gəlinir. Uşaq başlayır öz-özünə danışmağa və zaman keçdikcə bu, yüksək səslə danışığa keçid edir. Hətta o, güzgü ilə, otaqda oturduğu yerdə danışmağa başlayır, hansısa bir hadisəni nəql edir, aqressiyasını bildirir, söyüş söyür və sair”.

Valideyn bilməlidir ki, onun övladı tənhadır…

N.Rüstəmova qeyd edib ki, valideynlər uşaqlarda qulaqcıqdan istifadəni ciddi şəkildə nəzarətdə saxlamalıdırlar: “Ünsiyyət problemi olan uşaqlar qulaqcığa daha çox meyl edirlər. Uşaq qulaqcığı qulağına qoyduğu an valideyn bilməlidir ki, onun övladı yalnızdır, özünü tənha hiss edir, dostları yoxdur. O, özünü qulaq asdığı musiqilərlə, baxdığı hansısa video görüntülərlə ovutmağa çalışır. Bu hallarda valideynlər övladlarının sosiallaşmasına, onların özlərinə dost tapmasına kömək etməlidir”.

Xəbər lenti
0