CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Kəpənək kimi süz, arı kimi sanc"

© AP Photo / Chris PizzelloMəhəmməd Əli
Məhəmməd Əli - Sputnik Azərbaycan
Abunə olmaq
Əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu Məhəmməd Əli 1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub

BAKI, 17 yanvar — Sputnik. Bu gün əfsanəvi boksçu Məhəmməd Əlinin doğum günüdür.

WBC–nin prezidenti Maurusio Süleyman - Sputnik Azərbaycan
İDMAN
Məhəmməd Əlinin qızıl medalını qazanmaq istəyənlər üçün fürsət

Məhəmməd Əli boks tarixçiləri, idman ekspertləri, keçmiş və indiki boksçular, boks azarkeşləri tərəfindən "Bütün Zamanların Ən Böyük Boksçusu" olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş əfsanəvi peşəkar ABŞ boksçusu idi. O, həmçinin insan hüquqlarının mühafizəçisi, ABŞ- da yaradılmış ilk İslam təşkilatının liderlərindən idi. 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olub. TIME jurnalının açıqladığı "Tarixin Ən Dahi 100 Şəxsiyyəti" arasında adı olan yeganə idmançı idi. Məhəmməd Əli ESPN tərəfindən idman tarixinin ən yaxşı idmançısı seçilmişdi. O, bu siyahıda Mykl Cordan (Michael Jordan), Lans Armstronq (Lance Armstrong),Tayger Vuds (Tiger Woods), Dieqo Maradona (Diego Maradona) və Vayn Qretski (Wayne Gretzky) kimi əfsanəvi idmançıları geridə qoyub.

Məhəmməd Əlinin ən məşhur deyimlərindən biri bu idi ki, "əsla mənə yaxşı olduğumu söyləməyin, çünki mən ən yaxşıların yaxşısıyam".
1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu, 1974-1978-ci illərdə WBC, 1967, 1974-1978, 1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu titulunu qazanmışdı.

Əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu Məhəmməd Əli 1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. Kleyin atası reklam sahəsində çalışıb, anası isə evdar qadın olub.

Metodist kilsəsinin üzvü olan olan atası öz həyat yoldaşına oğullarını anasının istəyinə görə yetişdirməyə — Baptist kilsəsinə aparmağa icazə verirdi.

Məhəmməd Əli - Sputnik Azərbaycan
Məhəmməd Əlinin oğlu: “Əgər atam həyatda olsaydı Donald Trampın...”

Kasius 12 yaşında olarkən onun velosipedini oğrayırlar. Tez tədbir görmək qərarına gələn kiçik Kley cəld polis idarəsinə yollanır. O, polis zabiti, eyni zamanda boks müəllimi olan Joy Martinə müraciət edərək, xuliqanın dərhal həbs edilərək, yaxşıca əzişdirilməsini tələb edir. Polis zabiti ona bunu edə bilmək üçün əvvəlcə bu işi bacarmağın lazım olduğunu bildirir. Artıq növbəti gün Kasius Martinin boks zalında məşq edirdi. Beləliklə, boksla məşğul olmağa başlayan Kley 1960-cı ildə Romada keçirilən Olimpiya oyunlarında ilk böyük qələbəsini qazanır. Burada o, turnirin qızıl medallarına layiq görülür.
1961-ci ildə Kasius dövrün məşhur "nokautçu" boksçusu Lamar Klarkla üz-üzə gəlir. O, Klarkı ikinci raundda nokauta göndərir.

1962-ci ildə Sonni Benkslə görüşdə Kley həyatında ilk dəfə nokdauna düşür. Dördüncü raundda isə Kley rəqibini nokauta
göndərir.

1960-63-cü illərdə gənc boksçu keçirdiyi bütün 19 görüşü tam qələbə ilə başa vurub ki, bunlardan 15-i nokautla başa çatıb.
1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra Kley İslamı qəbul edir. Artıq Kasius Kley yoxdur, əvəzinə Məhəmməd Əli vardır. O, həmçinin, Aliya Məhəmmədin rəhbərlik etdiyi təşkilata üzv olur.

Həmin dövrdə bu təşkilat qara dərili müsəlmanların təşkilatı hesab olunurdu. Təşkilatın rəhbəri Aliya Məhəmməd təşkilata yeni üzv seçilən boksçuya Malkolm X-in razılığından sonra Kasius X adını verir. 1964-cü il mart ayının 6-da Malkolm X onu özü ilə birlikdə Birləşmiş Millətlər Təşkilatına dörd günlük səfərə aparır. Həmin gecə Aliya Məhəmməd Kasiusun adının dəyişdiyini və bundan sonra onun Məhəmməd olduğunu radiodan bəyan edir.

Dünya şöhrətli mərhum boksçu Məhəmməd Əli məsciddə namaz qılır. 5 iyun 1991-ci il - Sputnik Azərbaycan
Məhəmməd Əlinin Orlando terroru ilə nə kimi əlaqəsi var?!

İlk dövrlərdə Kasiusu Məhəmməd kimi yalnız bir neçə jurnalist qəbul edirdi. Belə ki, bu ad onun sözügedən təşkilatdan olduğuna işarə idi. Gənc boksçunun bu təşkilata üzv olması bir sıra dairələri də bərk narahat edirdi. Onlar təşkilatın digər üzvləri kimi Əlini də separatçı hesab edir və ondan şübhələnirdilər. Müsahibələrinin birində Əli ağ və qara dərili insanların inteqrasiyası fikrini tənqid edərək, ağlarla birlikdə yaşamaq istəmədiyini bildirmişdi. Əli öz fikrində israr edirdi. Onun fikrincə, ağdərili insanların qaraları görən gözü yox idi. 1975-ci ildə Aliya Məhəmmədin vəfatından sonra Əli əsas islam cərəyanı olan sünni islama mənsub olduğunu bildirir.

1965-ci ilin noyabrında Əli Floyd Pattersonla titulunu müdafiə etmək üçün ikinci dəfə döyüşür. Əli bu döyüşdə xüsusi səylə rəqibinə zərbələr endirirdi, çünki döyüşdən əvvəl Patterson onu yeni adı — Əli adı ilə çağırmaqdan imtina etmiş və onu Aliya Məhəmmədin rəhbərlik etdiyi təşkilata üzv olduğuna görə qınamışdı.

1967-ci ildə Əli ABŞ ordusunda hərbi xidmətə çağırılır. Bu zaman ABŞ Vyetnam ilə müharibəyə girişmişdi. Əli orduda xidmət etməkdən imtina edir. O, özünü könüllü imtinaçı adlandırırdı. Əli ABŞ-ın başlatdığı müharibənin müqəddəs Quranın təlimlərinə zidd olduğunu elan edirdi. "Biz Allah və onun peyğəmbəri tərəfindən bildirilməyən heç bir müharibədə iştirak etməməliyik. Biz xristian və Allahın varlığını inkar edənlərin əli altında vuruşmamalıyıq. Mənim Vyetnam Konqresi ilə heç bir problemim yoxdur. Onlar məni heç vaxt təhqiredici formada "qara zənci" çağırmayıblar. Bu ədalətsiz bir müharibədir" — deyə Əli açıq şəkildə bildirirdi. Bundan sonra ABŞ-ın Boks Federasiyası onun bütün titullarını əldən alaraq, Əlini boksdan uzaqlaşdırır. Daha sonra isə Əliyə külli miqdarda pul cəzası kəsilir və ömürlük azadlıqdan məhrum edilir.

Amerikalı boksçu Məhəmməd Əlinin dəfn mərasimi - Sputnik Azərbaycan
Məhəmməd Əli dəfn edilib

Əlinin hərbi xidmətdən boyun qaçırması ilə bağlı məhkəmə işi ölkənin Ali Məhkəməsinə göndərildiyi zaman Əlini dəstəkləyənlərin və müharibə əleyhinə səslərini ucaldanların sayı günbəgün artırdı. Əli ictimaiyyətin hörmət və ehtiramını qazanırdı, dinindən və irqindən asılı olmayaraq, hər kəs ona hörmət edirdi, tarixdə heç kəs insanlar tərəfindən bu qədər hörmətə layiq görülməmişdi. Axı, o, öz prinsiplərinə sədaqət nümayiş etdirmiş və əqidəsindən dönməmişdi.
1970-ci ildə Əliyə yenidən rinqə qayıtmağa icazə verilir. Bu işdə ona Corcia ştatınından olan senator köməklik edir. Belə ki, o zaman Corcia ştatı ABŞ-da boks lisenziyası olmadan döyüşlərin keçirildiyi yeganə ştat idi.

1971-ci il martın 8-də Əli və Co Freyzer arasında "Əsrin döyüşü" adlandırılan döyüş baş tutur. Döyüş Freyzerin qələbəsi ilə başa çatır. Bu iki təcrübəli və məğlubedilməz döyüşçü ağır çəkili boksçuların çempion kəmərinin müdafiəsi uğrunda üz-üzə gəlirlər. Bu, Əlinin ilk məğlubiyyəti olur.

1973-cü ilin martında Əli karyerasında hakimlərin mübahisəli qərarından sonra ikinci dəfə Kenon Nortona məğlub olur.
1974-cü ilin yanvarında Əli daha əvvəl məğlub olduğu Co Freyzerlə ikinci dəfə rinqdə üz-üzə gəlir və onu məğlub edir.
Elə həmin ilin oktyabr ayında Əli məğlubedilməz Corc Formanı məğlub edərək, ikiqat dünya çempionu tituluna sahib çıxır. Bu döyüş "Cəngəllikdə guppultu" adı ilə boks tarixinin qızıl səhifəsinə çevrilir.

1975-ci ilin martında Əlinin Çak Vepnerlə mübarizəsi və karyerası ərzində dördüncü dəfə nokdauna düşməsi Rokki filminin ssenarisinin "əsasını qoyur". Belə ki, görüşün 9-cu raundunadək müdafiə olunaraq zərbələr "yeyən" və 9-cu raundda nokdauna düşən Əli sonrakı üç raundda rəqibinə çoxlu zərbə endirərək qalib gəlir.

Amerikalı boksçu Məhəmməd Əlinin dəfn mərasimi - Sputnik Azərbaycan
Məhəmməd Əli dəfn edilib

1975-ci ilin sentyabrında Məhəmməd Əli ilə Co Freyzer arasında üçüncü döyüş keçirilir. Görüş Filippinin Manila şəhərində 30 dərəcədən artıq isti havada keçirilir. Bu sonadək aqressiya dolu döyüş idi. Görüşün 14-cü raundunda Freyzerin küncü döyüşü davam etdirməkdən imtina edir və Əli qələbə qazanır. Bu döyüş "Manilada Triller" adını qazanır və hələ də dünyada bu gunə qədər keçirilmiş ən böyük boks qarşılaşması olaraq qəbul edilməktədir. Döyüşdən sonra Əli Freyzeri özündən sonra bütün dövrlərin ən yaxşı boksçu adlandırır.

1978-ci ildə Əli Leon Spinksə məğlub olur. Bu, onun üçüncü məğlubiyyəti idi. Ancaq Əli onu revanşa dəvət edərək, bu məğlubiyyətin əvəzini elə həmin ilin sentyabr ayında çıxır və tarixdə ilk dəfə olaraq bir boksçu 3-cü dəfə dünya çempionu adı qazanır.

1980-ci ildə Əli Larry Holmesə məğlub olur, 10 raunddan sonra döyüşü davam etdirmək istəmiyən Əli hakimlərin qərarı ilə texniki nokautla məğlub olur. 1981-ci ildə Trev6or Berbikə məğlub olan Əli boksu tərk etdiyini elan edir. O, parkinson olduğu üçün son döyüşlərində məğlub olur.

Əli nüfuzlu boks jurnalı "Ring"in ən çox ilin boksçusu elan edilən boksçudur.

1978-ci ildə Əlinin doğma rayonu Luisvildə Valnut küçəsinin adı Məhəmməd Əli Bulvarı kimi dəyişdirilir.

Bir neçə il sonra tanınmış boksçuda parkinson xəstəliyinin əlamətləri görünməyə başlayır. Əli boksu tərk etsə də, onun danışığı və refleksləri pisləşməkdə davam edir. O, parkinson xəstəliyindən əziyət çəkirdi. Fiziki çatışmazlığa baxmayaraq, Əli bütün dünyada hər kəsin gözündə güc, qürur və yenilməzlik abidəsi olaraq qalırdı.

1991-ci ildə Tomas Hauzerin "Məhəmməd Əli: Onun həyatı və zamanlar" adlı kitab işıq üzü görür. Əliyə dünyada ən çox tanınan şəxsiyyət olduğuna görə, "Amerikanın ruhu" mükafatı təqdim olunur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya şöhrətli boksçu Məhəmməd Əlinin cənazə namazında - Sputnik Azərbaycan
Məhəmməd Əlinin cənazə mərasimində Ərdoğana qarşı böyük hörmətsizlik

1999-cu ildə atasının etirazlarına baxmayaraq, Əlinin qızı Leyla Əli də boksçu karyerasına başlayır. Ancaq Əli zərif cinsin nümayəndələrinin boksla məşğul olmasına mənfi münasibət bəsləyirdi.

2001-ci ildə Əlinin həyatı ekranlaşdırılır. "Əli" filmində əsas rolu məşhur Hollivud ulduzu Uil Smit ifa edirdi. Uil Smit əvvəlcə rolu ifa etməkdən imtina edir. O, ancaq Əlinin razılığını aldıqdan sonra rolu qəbul edir. Smitin dediyinə görə, Əlinin onun haqqında dediyi ilk söz "Sən məni canlandırmaq üçün kifayət qədər gözəl deyilsən" olub.

2002-ci ilin noyabr ayının 17-də Əli BMT-nın sülh elçisi kimi Əfqanıstana səfər edir. O, BMT-nin xüsusi qonağı kimi üç gün ərzində xoşməramlı səfir sifəti ilə Kabildə qalır.

2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə Əli prezident Corc Buş tərəfindən Azadlıq Medalı ilə təltif edilir. Həmin ilin dekabrın 17-də o, Almaniyanın Ottohan Sülh Qızıl Medalı ilə təltif edilir. Buna səbəb Əlinin ictimai fəaliyyəti idi.
Ömrünün son illəri xəstəliklə mübarizəyə həsr olunur. O, ömrünün son bir ilini demək olar ki, bütövlükdə xəstəxanada keçirmişdi.

Xəbər lenti
0