Aleksey Sinitsın, Amerika-Azərbaycan Tərəqqiyə Yardım Fondunun baş eksperti
BAKI, 14 yanvar — Sputnik. ABŞ Dövlət Departamenti tərəfindən Amerika vətəndaşlarına təklif olunan yeni turizm tövsiyəsi sistemi sözsüz ki, çaşqınlıq doğurur. Amerikalı səyyahın səyahət edə biləcəyi bütün ölkələr təhlükəlilik dərəcəsinə görə dörd yerə bölünür.
Birinci kateqoriya ölkələrə qayğısız bir şəkildə öz doğma Amerika məkanlarına olduğu kimi səyahət edə bilərlər. Sonuncu kateqoriya ölkələrdə isə (Liviya, Somali, Əfqanıstan, Suriya və s.) artıq birinci il deyil ki, fasiləsiz hərbi əməliyyatlar gedir.
Bununla belə, bu seçimdə "təmiz" və "qeyri-təmiz" prinsipi mənə aydın deyil. Özü də təkcə mənə yox. The Washington Post Dövlət Departamentinin sözçüsü Mişel Bernier-Tonun əvvəlki və cari tövsiyələri arasındakı fərqləri izah etməkdən yorulduğunu bildirib: "Mən bu tövsiyə və xəbərdarlıqlar arasındakı fərqi hətta öz həmkarlarıma izah etməkdən yorulmuşam".
Həqiqətən də, ölkələrin mümkün risk dərəcəsi baxımından qiymətləndirilməsi prinsipi təəccüb doğurur. Ermənistan "Normal Precautions" ("Normal tədbirlər") adlandırılan birinci kateqoriya ölkələrə aid edilib.
Azərbaycan isə risklərin səviyyəsinə görə, ikinci kateqoriya ölkələrə aid edilib. Bu kateqoriya "Increased Caution" ("Gücləndirilmiş ehtiyat tədbirləri") adlanır. Bu kateqoriyaya artıq çoxdan başının üstündən terrorizmin və kriminal müharibələrin Damokl qılıncının asıldığı Misir, Konqo, Meksika, Efiopiya və digərləri də daxildir.
Amerikalı diplomatlar öz həmvətənlərinə məsləhət görürlər ki, Azərbaycana səfər edərkən Dağlıq Qarabağ və onun ətraf regionlarına səyahətdən çəkinsinlər. Dövlət Departamenti xəbərdarlıq edir ki, həmin ərazidə atışma gedir, insanları yaralayır, hətta öldürürlər. Yeri gəlmişkən, ABŞ-ın baş diplomatik idarəsi bununla Azərbaycanın ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləyib — Dağlıq Qarabağ hansısa ekstra-ordinar qrupun nəzarətindəki ərazi kimi qeyd olunmayıb.
Yeri gəlmişkən, elə amerikalı turistlər tapılır ki, onlar nəyin bahasına olursa olsun, həzz almaq üçün ekstremal şərtləri olan müharibə bölgələrinə getməyə hazırdırlar. Budur, Azərbaycan hökuməti özünün vəzifə öhdəliyindən irəli gəldiyi üçün cəbhə bölgəsini ziyarət etmək istəyən jurnalist və siyasi xadimlərin təhlükəsizliyinə imkan daxilində maksimum zəmanət verir. Mənim yadımda qalıb ki, rəsmi Bakının razılığı ilə Qarabağı ABŞ Xarici Siyasət Şurasının eksperti, diplomat Ueyn Merri ziyarət etmişdi.
Aydındır ki, Dövlət Departamenti öz vətəndaşlarına özünü "DQR" elan edən yerə səfər etməyi, özü də Yerevandan keçməklə, məsləhət görməyə tələsməməlidir. Necə ki, bu payızda ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədrləri Ceki Spir və Frenk Pelloun, eləcə də konqresmenlər Devid Valadao, Anna Eşu, Tulsi Qabbard və Ceyms Sensenbrenner belə etmişdilər. Necə olub ki, onların təhlükəsizliyi Reks Tillersonu (ABŞ dövlət katibi) və onun komandasını ümumiyyətlə narahat eləməyib?
Ancaq bu da ən əsas məsələ deyil. Dövlət Departamenti Amerika vətəndaşlarını gözlənilən terror təhlükəsi səbəbindən Azərbaycana səfər etməmək barədə xəbərdar edir. Amerikalı diplomatların fikrincə, "terrorçu qruplar Azərbaycanda mümkün terror hadisələrini planlaşdırmağa davam edir" və "heç bir xəbərdarlıq etmədən öz məqsədlərini həyata keçirmək üçün turistik yerləri, nəqliyyat vasitələrini, bazar və ticarət mərkəzlərini, iaşə obyektlərini, mehmanxanaları, klubları, restoranları, ibadət yerlərini, parkları, iri idman və mədəniyyət tədbirlərini, təhsil müəssisələrini, aeroportları və digər ictimai yerləri hədəf seçə bilərlər".
Əgər amerikalılar terrorçuların Azərbaycanla bağlı planları barədə bu qədər yaxşı bilirlərsə, səhih informasiyalara malikdirlərsə, onda həmin cinayətkar təşkilatların adlarını birbaşa çəkməlidirlər, necə ki, əfqan "Əl-Qaidə"sinin, Suriya "Ən-Nüsra"sının, yaxud bizim üçün ekzotik olan Somalinin "Hərəkat əş-Şəbab"ının adlarını çəkirlər. Yeri gəlmişkən, onlar Donald Trampı da amerikalılara hücumla təhdid edirlər. Yoxsa, "Azərbaycanda terrorçular" həddindən artıq emosional təxəyyülün məhsulu deyil ki?
Əsrin dörddə birində Azərbaycanda əhaliyə qarşı terror, yaxud da hər hansı başqa təhdid olmayıb. Hansısa kiçik terror qruplaşmaları ilə bağlı məsələləri isə asayiş keşikçiləri səssiz-səmirsiz həll ediblər, ölkə sakinləri isə bu barədə yalnız KİV-dən eşidiblər. Bəlkə, Dövlət Departamenti nəyisə qarışdırır? Bəlkə, Bakıya deyil, Yerevana gedən amerikalıları xəbərdar etmək lazımdır ki, "nümayişlərə getməkdən çəkinsinlər" və "öz planlarını yeni informasiyalarla uzlaşdırmaq üçün yerli KİV-də yer alan fövqəladə hadisələr barədə məlumatları izləsinlər".
Belədə, Yerevanı ziyarət edən sıravi amerikalı turistlər bilərlər ki, ötən ilin noyabrında universitet auditoriyalarını Qarabağdakı xəndəklərə dəyişmək istəməyən tələbələrin şiddətli etirazlarına məruz qalan Ermənistan Milli Məclisinin binasını ziyarət etməyə ehtiyac yoxdur. Çünki bu qəbildən olan nümayişlər Ermənistan paytaxtının mərkəzində nə birincidir, nə də axırıncı.
Həvəskar amerikalılara izah etmək pis olmazdı ki, Ermənistanda "erməni vətənpərvərləri" olan yerdə terrorçulara ehtiyac yoxdur. Hər halda, erməni cəmiyyətinin əksər hissəsini bu qüvvələr təşkil edir. Mən 2016-cı ildə "Sasna Tserer" silahlı qruplaşmasının Yerevanda Post Patrul Xidmətinin polkunun ərazisini zəbt etməsini nəzərdə tuturam. Qruplaşma iki həftə ərzində hüquq mühafizəçilərini mühasirədə saxladı və bu yerevanlı silahlıları minlərlə "vətənpərvər" alqışladı.
Maraqlıdır ki, hazırda həmin qruplaşma üzvlərinin məhkəmə prosesi gedir. Bu proses onların lideri, beynəlxalq terrorçu Jirayr Səfilyana həbsxanadan öz həmvətənlərinə "təşəbbüssüz mürgüləmədən çıxmağa" çağırış etməyə mane olmayıb. Birdən ermənilər onu dinləsə və "təşəbbüssüz mürgüləmədən" çıxsa? Axı, onların bunun üçün çoxlu səbəbləri var? Bütün bunlar amerikalı səyyahlar üçün əyləncə deyil, bəs nədir?