BAKI, 26 yan-Sputnik. ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Türkiyəyə səfərlərini nəzərdən keçirmələri ilə bağlı xəbərdarlıq edib.
Sputnik Azərbaycan “Doğan” agentliyinə istinadla xəbər verir ki, Dövlət Departamentinin saytında yayımlanan xəbərdarlıq yazısında ABŞ vətəndaşlarına artan terror hadisələri ilə bağlı Türkiyənin cənub-şərq bölgəsinə getməkdən çəkinmələri tövsiyə edilib.
Departament ayrıca, ABŞ dövlət işçilərinin İstanbul və Türkiyənin cənub-şərq bölgəsinə gedəcəkləri rəsmi səfərlərə məhdudiyyət qoyub.
ABŞ Dövlət Departamenti Türkiyədəki terror hücumlarının böyük tədbirlərdə, turistlərin sıx olduğu yerlərdə, restoranlarda, gecə klublarında, ibadət evlərində və müxtəlif nəqliyyat mərkəzlərində baş verdiyini bildirib. Və xüsusilə xaricilərin hədəf alındığı qeyd edilib.
Xəbərdarlıqda ABŞ vətəndaşlarına təhlükəsizlik tədbirlərini nəzərdən keçirmələri, yerli xəbər qaynaqlarını təqib etmələri və hər an diqqətli olmaları tövsiyə edilib.