BAKI, 27 dekabr — Sputnik. Bu günlərdə Amerikada yaşayan azərbaycanlı maneken, daha çox Stefano Suaros adı ilə məşhur olan Rəcəb Rəcəbov məşhur ümumdünya brendi olan Calvin Klein-in reklam çarxına çəkilib. Model özünün Amerikadakı həyatı barədə Sputnik Azərbaycan-a müsahibəsində danışıb.
— Necə oldu ki, siz model oldunuz və Amerikaya yaşamağa getdiniz?
— Çünki uşaqlıqdan taekvondo ilə məşğul olmuşam, ideal bədən quruluşuna malikəm ki, bu da model peşəsini seçən insan üçün çox vacibdir. Bununla yanaşı musiqi ilə məşğul olmuşam, hətta musiqi təhsilim var. Ona görə bu sahə də mənə çox yaxındır. Zamanla mən bu peşələrdən birini — ya musiqini, ya da model biznesini seçmək qarşısında qalmışam. Nəticədə öz seçimimi etmişəm və model biznesinin üzərində dayanmışam. Bir Türkiyə agentliyindən şəklimi görən Mustafa Ulsu 2002-ci ildə məni kastinqlərə dəvət edib və əməkdaşlıq təklif edib. Mən də razılaşmışam.
"Milan Fashion Week"də uzun müddət işləyəndən sonra qərara gəlmişəm ki, öz model sənətimdə nəsə dəyişiklik etməliyəm. Dünyanın 25 ölkəsində bütün dünyada məşhur olan "Chanel", "Emporiо Armani", "L-Home", "Zara" kimi brendlərlə işləmişəm. Bütün bunlara baxmayaraq, hiss etmişəm ki, mənə lazım olan yerdə deyiləm. Mənim planlarıma Hollivud ulduzu olmaq da daxildir ki, adım tarixdə qalsın. 2016-cı ildə "Calvin Klein" brendinin şirkətindən dəvət almışam. Bu, mənə təkan verən və arzularımın həyata keçməsi üçün şans verən hadisə oldu.
— Amerikalılarla yaşamaq çətin olmadı ki?
— Qətiyyən yox. ABŞ vətəndaşları onlar haqqında düşünüldüyü qədər də ideal deyillər. Mənim üçün onlarla ümumi dil tapmaq və birgə yaşamaq asan oldu. Mənim kimi insan üçün bu, həyatımın ən asan mərhələsi olub. Çətinliklər hələ qabaqdadır.
— Niyə adınızı tamamilə dəyişmək qərarına gəlmisiniz?
— Stefano Suaros mənim model dünyasında istifadə etdiyim təxəllüsdür. Adımı dəyişməyimin səbəbi odur ki, mən İtaliya vətəndaşıyam və gələcəkdə bunu brendə çevirmək niyyətindəyəm. Artıq beş ildir ki, məni hər kəs Stefano Suaros adı ilə tanıyır.
— Amerikada çoxlu modellər var. Onların arasında fərqlənməyə və tələb olunan modelə çevriləməyə necə nail oldunuz?
— Amerikada çox sayda brend var, amma əsl model o qədər də çox deyil. Mənim idmançı bədən quruluşum, kişi xarizmam bütün imkanları verir ki, digər həmkarlarımdam bir addım irəlidə olum. Daha orasını demək istəmirəm ki, mənim həm də bu peşədə böyük təcrübəm var.
— Deyilənə görə, model oğlanlar qızlardan fərqli olaraq çox da böyük qonorar almırlar. Model biznesində cinsi diskriminasiya var?
— Bəli, razıyam ki, qızlar daha çox qonorar alır. Amma qeyd etmək istəyirəm ki, kişi modellər də yaxşı qazanırlar. Misal üçün, mən Nyu-Yorkda 18 ay ərzində qazandığım pula Mayamidə özümə yaxşı ev almışam. Əgər hansısa dünya markası ilə müqavilə bağlaya bilsən, sənə hər il üçün 200 min dollar ödəyəcəklər. Bu, hər adama nəsib olmur, amma şükür Allaha ki, mənə nəsib olub.
— Hazırda hansı brendlərlə əməkdaşlıq edirsiniz?
— Hazırda "Calvin Klein" brendinin modeliyəm, həmçinin "Style Fashion Week", "Couture Fashion Week", "New York Fashion Week", "Miami Fashion Week", "World Fashion Parade"nin baş modeli və münsiflər heyətinin üzvüyəm. Eyni zamanda müxtəlif layihələrin təşkilatçısıyam. Bütün bunlarla yanaşı "S&D fashion academy"nin və ilk buraxılışı 2018-ci ilin yanvarında çapdan çıxacaq "S&D fashion" jurnalının sahibiyəm.
— Çəkilişlərdə özünüzə hansısa məhdudiyyətlər qoyursunuz, yoxsa istənilən çəkilişə, hətta tamamilə açıq-saçıq olmağa hazırsınız?
— İşdən ötrü hər şeyə hazıram və bunu etmək mənim üçün asandır. Düşünürəm ki, mənim yerimdə olan istənilən adam bunu edərdi. Hətta gələcəkdə erotik və seksual səhnələri olan filmlərə belə çəkilməyə hazıram. Mənim üçün bütün bunlar problem deyil.
— Tənqidə münasibətiniz necədir?
— Normal. Hər şey məni tənqid edən adamdan asılıdır. Əsasən Azərbaycan və Türkiyədən olan adamların dediklərinə fikir vermirəm. Hesab edirəm ki, tənqid etmək hüququna yalnız təhsilli və müxtəlif sahələrdə istedadı olan adamlar malikdir. Məni tənqid edən şəxs populyarlıq və statusuna görə məndən bir qədər yuxarı olmalıdır.
— Azərbaycanda model biznesinin inkişafını və modelləri necə qiymətləndirirsiniz?
— Əminliklə deyə bilərəm ki, Azərbaycanda moda, model və modelyer yoxdur. Əgər kiminsə mənim dediyim bu sözə iradı varsa və bunun əksini sübut edə bilsə, ona moda dərsi keçməyə hazıram.
— Axırıncı dəfə Azərbaycanda nə vaxt olmusunuz və nə zamansa geri qayıtmaq fikiriniz var?
— İki il əvvəl Azərbaycanda olmuşam. Hazırda mənə kliplərə və reklam çarxlarına çəkilmək üçün Bakıdan çox sayda təkliflər gəlir. Allah qoysa, 2018-ci ilin ortalarında Bakıya gələcəyəm, amma səfərim qısamüddətli olacaq.
— Bildiyim qədər, siz həm də mahnı oxuyursunuz?
— Bəli, əvvəl də dediyim kimi, musiqini çox sevirəm, ona görə də bu sənətlə məşğul olmağı davam etdirirəm. 2016-cı ildə məşhur şirkətlərin biri ilə müqavilə bağlamışdım. Sonra aramızda problemlər yarandı və onlarla bağlı məhkəməyə müraciət edərək 500 min dollar məbləğində kompensasiya tələb etdim. Hazırda məhkəmə prosesi davam edir və mən öz hüquqşünasımla birlikdə artıq həmin agentliyin yalanını sübut etmişəm. Bununla əlaqədar olaraq, müqavilənin ləğvinə qədər mənim digər musiqi şirkətləri ilə əməkdaşlıq etmək hüququm yoxdur. Amma musiqi fəaliyyətimi klublarda, restoranlarda, moda nümayişlərində və digər əyləncəli proqramlarda çıxış etməklə davam etdirirəm. 2018-ci ildə mənim pərəstiskarlarım üçün böyük sürprizim olacaq.
— Pərəstişkarlarınız təkcə ABŞ-da yox, Azərbaycanda da var və onları yalnız bir məsələ maraqlandırır — ürəyinizdə onlar üçün boş yer var, ya yox?
— Hələ elə bir insanla rastlaşmamışam ki, o, məni məndən çox sevsin. Hal-hazırda bütün gücümü Los Ancelesdə çəkilişləri gedən filmə yönəltmişəm. Bir neçə dəfə sevgi münasibətlərim olub, amma hər dəfə də qızlar işdə mənə problem yaradıblar. Ona görə də tədricən onları özümdən uzaqlaşdırmışam. Heç kəsin mənə məhdudiyyətlər qoymaq ixtiyarı yoxdur. Mən elə bir dəlicəsinə sevgi istəyirəm ki, həmin qız öpüşməyi, sevişməyi, küçədə qucaqlaşmağı, eləcə də dalaşmağı, barışmağı bacarsın, hətta bu sevgi uğrunda ölməyə hazır olsun. Hazırda həyatımda elə bir insan yoxdur. Odur ki, hələ subayam.