CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yalvarıram, əl saxlayın!

© pixabay / CounsellingƏlləri ilə qulaqlarını tutmuş uşaq
Əlləri ilə qulaqlarını tutmuş uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Siz yaşa(t)maq istərmisiniz, axı biz istəyirik

BAKI, 25 dekabr — Sputnik. İnsan faktorunu, ruh halından tutmuş fiziki keyfiyyətlərinə, sosial-maddi durumuna qədər araşdırmış mütəxəssislərin yekdil rəyi ondan ibarətdir ki, kim günə hansı ovqatla başlayarsa, o cür də başa vurar. Üstəlik bu hal onun sağlıq durumuna və maddi gəlirinə də təsir edər.

Горожане на одной из центральных улиц Баку - Sputnik Azərbaycan
SƏHİYYƏ
Əgər əhvalınız pisdirsə...

Araşdırmaçılar tövsiyyə edirlər ki, səhər yuxudan həzin musiqi ilə oyanmaq, sevindirici xəbər eşitmək (oxumaq) vacibdir. Yuxudan oyanar-oyanmaz ilk gördüyünüz şəxs(lər)in sevdiyiniz biri(lər)inin olması isə, həmin xoş ovqatın bir neçə qata vurulması deməkdir.

Beləcə, günün sonunadək rastlaşdığınız hər kəsə müsbət enerji ötürər və eyni qarşılığı alarsınız. Hüzurlu hal vücudunuzun ən xırda hüceyrələrinədək yayılıb səhhətinizdəki nasazlıqları aradan qaldırır. Nəhayət, iş qabiliyyətiniz güclənər, daha əzmlə çalışıb, daha çox qazanarsınız.

Bunların əksinə, üst qonşudakı dava-qırğın səsinə oyansanız, deyinə-deyinə sosial şəbəkələrə, yaxud saytlara göz gəzdirərkən, "bu onu doğradı", "o bunun malını oğurladı", "filankəs intihar etdi" kimi neqativ xəbərlərlə üzləşsəniz, bu bərbad əhval ta günün sonunadək sizi təqib edəcək.

Mənfi enerjinin içərisində boğulacaqsınız, ətrafdakıları boş yerə iynələyəcəksiniz, baş-gözünüz ağrıyacaq, əliniz işə yatmayacaq. Və üzünü görməyə sevdiyiniz biri(ləri) də yoxdursa, vay sizin halınıza.

Bu belə. Bəs yaxşı, məşhur lətifədə deyildiyi kimi, "zınqırovu pişiyin boynundan kim asacaq?". Yəni ətrafımızı bürümüş giley-güzardan, dava-dalaşdan, qanqaraldıcı proseslərdən hara qaçaq? Evin içini bayırdan gətirdiyimiz neqativlərlə doldurduğumuz halda, qonşunun əlindən başqa yerə köçmək bir fayda verərmi?

Bunları da bir kənara qoysaq, təkcə Azərbaycanın informasiya məkanına nəzər yetirmək, öncədən yığmış olduğun bütün pozitiv enerjinin təpəsinə daş salmağa kifayətdir. İnternet media resurslarımız başdan ayağa matəmdir.

İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda məmur övladı intihar etdi

Sanki bilərəkdən əksər saytlar "sabahınız xeyir"ə şərlə başlayır. Səhər tezdən, ölkədə və dünyada nə baş verdiyini öyrənmək üçün göz atdığın informasiya agentliklərində kriminal, ölüm-itim xəbərləri, batdı-dağıldı məlumatları gözünü deşir.

Dünyanı "bürümüş" qlobal bəlalar (aclıq, səfalət, təbii fəlakət, terror, iqtisadi böhran, sosial partlayış və s.) və ölkəmizdə baş verən məişət cinayətləri (özünəqəsd, qonşusunu bıçaqlamaq, arvadını baltalamaq, onun cibini soymaq, bunun toyuğunu oğurlamaq və s.) milli mətbuatımızın strategiyasını formalaşdırıb.

Artıq bu qara xəbərlərin içərisində Röya Ayxan ilə Nigar Camalın bir-birilərinin gündəyməzinə sataşmalarından bəhs edən məlumat insanın sinəsinə yağ kimi yayılır. Ya da məşhur reperə aid olduğu iddia edilən (özü təkzib edir) qalmaqallı videoya həsr olunmuş meyxanaya gülməkdən başqa çarən qalmır.

Siz də əziz həmvətənlər, etməyin-eləməyin. Özünüzü və bir-birinizi öldürməyin. Özünüzə yazığınız gəlsin. Özünüzə yazığınız gəlmirsə, özünüzdən geridə buraxıb getdiklərinizə, onlara da yazığınız gəlmirsə, barı bizə yazığınız gəlsin. Törətdiyiniz bu əməllər onu törətməyinizi intizarla gözləyən və tələm-tələsik ictimailəşdirənlərin sayəsində bizim evimizin içinə, ruhumuza, vücudumuza girir.

Rəhm edin, mərhəmət göstərin. Siz yaşa(t)maq istərmisiniz, axı biz istəyirik. Sizin vasitənizlə həmin intihar (və qətl) xəbərçiləri bizim günümüzü, ilimizi, ömrümüzü oğurlayırlar, halımıza, canımıza, malımıza qəsd edirlər.

Yaşa(t)maq istəyən hər kəsin adından sizə yalvarıram: Əl saxlayın!

Xəbər lenti
0