BAKI, 24 dekabr — Sputnik. Hamiləlik xəstəlik deyil, təbii fizioloji prosesdir
Bu səbəbdən həkimlər hamiləlik zamanı qadınlara özünü həddindən artıq qorumağı, bütün gün ərzində uzanmağı, pəhriz saxlamağı və s. tövsiyə etmirlər. Əksinə, sağlam hamilə qadın aktiv olmalı, havada gəzməli, yüngül fiziki hərəkətlər etməlidir və s. Yəni adi həyat sürməlidir.
Lakin hamiləlik zamanı bəzi qadağalar mövcuddur. Sputnik Azərbaycan sağlamolun.az-a istinadən sizi bu qadağalarla tanış edir:
1. Spirtli içkilər və siqaret qəti şəkildə qadağandır!
Bunlar hamiləliyin erkən pozulmasına, uşaqda qüsurların əmələ gəlməsinə, ciftin qopmasına, hamiləliyin donmasına və s. kimi ağır pozulmalara səbəb ola bilər.
2. Qəhvə içmək olmaz!
Qəhvə ürək-damar sistemini yükləyir ki, bu da hamiləlik zamanı təhlükəlidir.
3. Həkimin təyini olmadan hər hansı dərman içmək qadağandır!
Bir çox dərmanlar hamiləlik zamanı qadağandır. Bu səbəbdən istənilən dərmanı qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.
4. Müalicəvi bitkilərdən istifadə etməyin!
Bəzi müalicəvi bitkilərin (məs., adaçayı, kəklikotu, kalendula, jenşen və s.) qəbulu hamiləlik zaman dölsalmaya səbəb ola bilər. Hətta cəfəri kimi tez-tez istifadə etdiyimiz göyərtinin çoxlu miqdarda istehlakı hamiləlik zamanı ziyanlıdır ki, cəfəri uşaqlığın tonusunu artırır.
5. Ağır şeylər qaldırmaq və daşımaq qadağandır!
Hamiləlik zamanı 2 kq artıq çəki qaldırmaq olmaz. Ağır əşyaların qaldırılması dölsalmaya səbəb ola bilər və həmçinin gələcək ananın onurğa sütunu üçün çox ziyanlıdır.
6. Rentgen müayinəsindən keçmək olmaz!
Hamiləlik zamanı rentgen müayinəsi keçirilmir ki, bu müayinə uşaqda sinir sisteminin zədələnməsinə gətirib çıxara bilər.
7. Ağır və ya xroniki stresslərə məruz qalmayın!
Stress həyatımızın ayrılmaz hissəsidir. Qısamüddətli, ağır olmayan stresslər hamilə qadına ziyan vurmaz. Lakin ağır və ya xroniki stresslər hamiləlik zamanı yolverilməzdir. Məsələn, araşdırmalar göstərib ki, hamiləlik zamanı stresslərə məruz qalan qadınların uşaqlarında hiperaktivlik sindromuna daha tez-tez təsadüf edilir.