Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hamilə qadınlar buna qarşı mütləq müayinədən keçəcəklər

© AFP 2024 / PHILIPPE HUGUEN Hamilə qadının müayinə edilməsi. Arxiv şəkli
Hamilə qadının müayinə edilməsi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nı təsdiq edilib.

BAKI, 6 mart — Sputnik. Nazirlər Kabineti “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nı təsdiq edib.

APA-nın məlumatına görə, BMT-nin İnsan İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun-çatışmazlığı Sindromu (İİV/QİÇS) üzrə Birləşmiş Proqramının (UNAİDS) məlumatına əsasən, dünyada hər il orta hesabla 2,5 milyon insan İİV infeksiyasına yoluxur və 2 milyona  yaxın  insan bu xəstəlikdən vəfat edir.

Bu səbəbdən İİV problemi dünya səhiyyə sisteminin qlobal problemlərindən biri olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. İİV-nin erkən aşkarlanmaması və profilaktik tədbirlərin vaxtında görülməməsi bu epidemiyanın sürətlə artmasına səbəb olur. Vaxtında tətbiq olunmuş müalicə İİV infeksiyasının QİÇS mərhələsinə keçməsinin qarşısını alır və yoluxmuş insanların ömürlərinin uzadılmasına imkan verir. Azərbaycan Respublikasında İİV infeksiyası ilə mübarizə məqsədi ilə bu infeksiyanın aşkarlanması, profilaktikası və İİV-li insanların müalicəsi sahəsində mühüm tədbirlər həyata keçirilir. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunun qəbul edilməsi bu infeksiyaya qarşı kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaradıb.  Hazırda respublikada İİV infeksiyası ilə mübarizə aparan tibb müəssisələri şəbəkəsi mövcuddur.

Son illər ərzində bu müəssisələrin maddi-texniki bazası gücləndirilmişdir. Respublikanın şəhər və rayonlarında 6 regional antiretrovirus terapiya mərkəzi yaradılıb və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin laboratoriya xidməti müasir avadanlıqlarla təchiz edilib. Azərbaycan İİV-yə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Buna baxmayaraq, respublikada İİV infeksiyası üzrə epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır.

Ümumilikdə Azərbaycan Respublikasında İİV-yə yoluxmuş 4 mindən artıq  şəxs qeydiyyatdadır.  İİV infeksiyasının ölkədə yayılması əsasən yüksək risk qrupuna aid olan inyeksion narkotik maddələrin istifadəçiləri hesabına baş verir. Ölkə üzrə İİV-yə yoluxmuş şəxslərin 57,8%-i inyeksion narkotik maddələrin istifadəçiləridir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq hazırlanmış “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı” bu xəstəliklə bağlı problemlərin köklü surətdə həlli məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsinə, xəstələrin davamlı müalicəsi üçün antiretrovirus dərman preparatları, qulluq və dəstəklə təmin edilməsinə, laboratoriya xidmətinin müasir avadanlıqlarla və reaktivlərlə təchizatına və bu sahə üçün kadrların hazırlanmasına yönəldilib.

Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Səhiyyə Nazirliyi həyata keçirir. Səhiyyə Nazirliyi Tədbirlər Proqramının icrasına aidiyyəti beynəlxalq və qeyri-hökumət təşkilatlarının cəlb olunmasını təmin edir. Tədbirlər Proqramının həyata keçirilməsi nəticəsində  əhali, ilk növbədə İİV-ə yoluxmaya  yüksək riskli qruplar (inyeksion narkotik istifadəçiləri, nizamsız cinsi əlaqədə olan şəxslər, cinsi azlıqlar, məhkumlar) arasında İİV-nin yayılma səviyyəsinin aşağı salınması,  İİV-nin anadan körpəyə ötürülməsi hallarının qarşısının alınması,  erkən aşkarlanma, müalicə, qulluq və yardım vasitəsilə İİV infeksiyası ilə bağlı ölüm hallarının azaldılması və İİV-lə yaşayan insanların ömürlərinin uzadılması gözlənilir.

Tədbirlər Proqramına əsasən  Səhiyyə və Ədliyyə nazirlikləri tərəfindən 2016-2017-ci illərdə S İİV-li şəxslərin  vahid elektron registri və məlumat bazasının yaradılması,  antiretrovirus dərmanlarına davamlılığı təyin etmək məqsədi ilə referens laboratoriyada müasir üsulların tətbiq edilməsi, mütəmadi olaraq  İİV-lə mübarizə  aparan  tibb müəssisələrinin qoruyucu vasitələrlə və steril tibbi ləvazimatlarla təmin edilməsi, İİV-nin diaqnostikası və müalicəsi üzrə normativ sənədlərin və təlimatların hazırlanması və yenilənməsi təmin edilməlidir.

Eyni zamanda Səhiyyə və Ədliyyə nazirlikləri tərəfindən 2016-2020-ci illərdə yüksək riskli əhali qrupları arasında İİV-nin profilaktikası məqsədi ilə zərərin azaldılması layihələrinin həyata keçirilməsi, Səhiyyə Nazirliyi tərəfindən 2016-2020-ci illərdə səhiyyə müəssisələri daxilində İİV-nin ötürülməsinin  qarşısının alınması məqsədi ilə kompleks   təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, profilaktik tədbirlərin həyata keçirilməsi ilə İİV-nin anadan uşağa ötürülməsi hallarının qarşısının alınması məqsədi ilə bütün hamilə qadınların müayinələrlə əhatə edilməsi və müvafiq profilaktik tədbirlərin həyata keçirilməsi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər  Nazirliyi tərəfindən 2016-2020-ci illərdə  cinsi istismara və  cinsi zorakılığa məruz qalmış şəxslərə İİV-nin profilaktikası və psixoloji yardımın göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi, Səhiyyə və Ədliyyə Nazirliyi tərəfindən 2016-2020-ci illərdə İİV-lə yaşayan insanlar arasında vərəmin və digər yanaşı  infeksiyaların profilaktikası, diaqnostikası və müalicəsinin təmin edilməsi həyata keçiriləcək.

Xəbər lenti
0