BAKI, 15 dekabr — Sputnik. Dünyada ediləcək hər hansı dəyişiklik, sadəcə bir dövlətin tək tərəfli iradəsi ilə yox, diplomatiya və demokratiyanı əsas götürərək, ədalətlə həyata keçirilə bilər. Lakin Amerika Birləşmiş Ştatları beynəlxalq siyasəti güc və iqtidar mübarizəsi meydanına çevirib. Güc onlar üçün keçmişdə də, indinin özündə də əsas meyar sayılır. Tarix boyunca gücün təsiri nə idisə, indi də o cür davam edir. Maraqlar zədələndiyi an şiddət və gücdən istifadə edilir. Sadəcə üsul və formaları bir az dəyişib.
ABŞ keçmişdə olduğu kimi, bu gün də suveren dövlətlərin maraqlarına hücum etməkdən başqa heç bir davranış sərgiləyə bilmir. Gücünü əməkdaşlıq üçün sərf etmir. Öz məqsədlərinə çatmaq üçün terror təşkilatları da daxil olmaqla, hər cür çirkin metoddan istifadə edir. ABŞ-ın olduğu yerdə güc mübarizəsindən başqa seçim qalmır. Əxlaqi və hüquqi çərçivələr belə Amerikanın davranış və siyasətini dəyişdirməyə yetmir.
Bilindiyi kimi, dünya uzun müddət tək qütbdən idarə olundu. Və bütün dünyanı tək bu qütbdən idarə etmək çətin olduğu üçün fərqli regionlarda müxtəlif problemlər üzə çıxdı. Beynəlxalq əlaqələrdə, məsələlərdə heç zaman ədaləti ilə gündəmə gəlməyən Amerika digər dövlətlərlə aslanların öz ovlarına yaxınlaşdıqları kimi rəftar etdi və bu metoduna hələ də davam edir.
Təməli ləkəli olan ABŞ söz verər, sözündə durmaz, əqrəb kimi nə zaman sancacağı bəlli olmaz, qayda və hüquq tanımaz, müəyyən bir nizam və sistem içində hərəkət etməz. Amerika hələ də özünü dünyanın jandarmı kimi görür. Qaydaları özü təyin edir, yoxlanışı özü aparır, hökmü də özü kəsir.
Vaşinqton indilərdə çox səbirsizdir. Çünki Türkiyə getdikcə nəzarətdən çıxır. Suriya və İraqın ərazi bütövlüyünün qorunması üçün varlığını ortaya qoyur. Rusiya, İran və İraq ilə bu istiqamətdə əməkdaşlıq aparır. Öz silahlarını istehsal edir və satır. Yerləşdiyi geostrateji mövqedən istifadə edərək enerji mərkəzinə çevrilir. İslam dünyasındakı ağırlığı ilə güc balansını dəyişdirir. Rusiya, Çin, İran kimi dövlətlərlə dollarla yanaşı yerli pul məzənnələri ilə ticari əlaqələr qurur. Bu isə Amerikanı daha da qəzəbləndirir. Çünki oxşar addımı digər dövlətlər də atsa, Vaşinqtonun dünya üzərindəki iqtisadi ağırlığı alt-üst olacaq.
Türkiyə İranla ticari əlaqələrini davam etdirərək ABŞ-ın bu ölkəyə qarşı sanksiyalarını pozmaqla qalmır, həm də Amerikanın beynəlxalq arenadakı xarizmasını da zədələyir. Sadaladığım faktorlar ABŞ-ın Ərdoğanı və AK Partiya hökumətini hədəf seçməsinə kifayət edir. Vaşinqton Ankaraya öz gücünü göstərmək və gedişata dur demək üçün əlindən gələni edir. Nyu-York məhkəməsində davam edən Rza Zərrab işini də bu çərçivədə dəyərləndirmək lazımdır. Amerika öz prestijini qorumaq və gücünü sübut eləmək üçün Zərrabla bağlı məhkəmə prosesinin yekununda Türkiyəni cəzalandıracaq. Ardınca iqtisadi və siyasi embarqolar tətbiq ediləcək.
Aydındır ki, Amerika bizə strateji müttəfiq olmayacaq. Torpaqlarımız üzərində gözləri olduğu üçün niyyətləri də yaxşı ola bilməz. Türkiyəni parçalayıb bölmədən rahat durmayacaqlar. 15 iyul çevrilişində Fətullah Gülənin əli olması sübut edildiyi halda, sözdə hüquqi bəhanələrlə onu Türkiyəyə verməyən Amerika Rza Zərrab işində isə tələskən davranır. Çünki niyyətləri Türkiyəni cəzalandırmaqdır.