BAKI, 12 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Suriyaya və Türkiyəyə rəsmi səfər edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların əsas mövzusu Suriyadakı vəziyyət, Türkiyə ilə Rusiya arasında ticari-iqtisadi münasibətlərinin gələcəyi olub.
İki ölkə başçısının görüşü son zamanlar intensivləşib. Rusiya üçün Türkiyənin enerji baxımından strateji önəmi getdikcə artmaqdadır. Türkiyə Rusiya üçün həm böyük enerji bazarı, həm də tranzit ölkə kimi xarakterizə edilə bilər. Ölkələr arasında qaz razılaşması və "Mavi Axın" kəməri ilə yanaşı, Türkiyənin "Cənub Axını"na Qara dənizdə keçid icazəsi verməsi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Putinin səfəri bu əməkdaşlığı daha da gücləndirmə mesajları ilə yadda qala bilər.
Onu da unutmaq olmaz ki, Putinin Türkiyə və Suriya səfərləri ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə üst-üstə düşdü. Bölgədə, o cümlədən Türkiyədə Trampın Qüds qərarı anti-Vaşinqton əhvalını xeyli gücləndirib. Bu baxımdan, Türkiyə və Rusiyanın əməkdaşlığı qaçılmaz görünür.
Lakin tərəflərin bir-birindən istəyi fərqlidir. Türkiyə Cənubi Qafqazda real söz sahibi olmaq istəyən dövlətdir. İran və Rusiya isə Türkiyəni Cənubi Qafqaz problemlərinin həllinə dəvət etmək istəmir.
Ümumiyyətlə, Rusiya ilə İranın ənənəvi mövqeyi ondan ibarətdir ki, regionun problemlərini region dövlətləri həll etməlidir, region dövlətlərindən başqa heç kim hərbi-siyasi üstünlüyə malik olmamalıdır. Bu, ənənəvi bir mövqedir. Bu mənada yaxın zamanlarda İran və Rusiyanın bu mövqelərindən imtina edəcəyini gözləmək mümkün deyil.
Lakin ABŞ-ın Türkiyə və İrana qarşı apardığı sərt təzyiqlər siyasəti Ankaranı Moskva və Tehranla heç olmasa aralıq müddətə müttəfiqə çevirir. İran-Türkiyə-Rusiya əməkdaşlığı bölgənin problemlərinin həlli istiqamətində addımların uzlaşdırılması ilə müşayət edilir.
Söhbət uzunmüddətli strateji müttəfiqliklikdən deyil, yaranmış vəziyyətdən çıxış yollarının tapılmasından gedir. Lakin tərəflərin maraqları fərqlidir. Məsələ təkcə Suriya və yaxud Qarabağ problemindən getmir, əsas problem tərəflərin bir geosiyasi oyunçu kimi yerlərinin müəyyən edilməsindən ibarətdir.
İranla Rusiya ənənəvi olaraq Cənubi Qafqazda bir-biri ilə rəqabət aparır. Digər tərəfdən, bir-biri ilə bölüşməyə, razılaşmaya da meyllidir. Bunun bir çox səbəbi var. Səbəblərdən biri də budur ki, hər iki tərəf Cənubi Qafqazın regiondankənar qüvvələrin təsiri altına keçməsini istəmir.
Digər tərəfdən, İran bütün hallarda Azərbaycanın güclü, çiçəklənən, demokratik dövlətə çevrilməsini istəmir. Çünki bu, İranın özünün daxilində ciddi problemlər yarada bilər. İranda 30 milyon azərbaycanlı yaşayır və bu, onlar üçün ciddi bir nümunə ola bilər. Regionu çox ciddi nəzarət altında saxlamaq, Azərbaycanın təsir imkanlarının genişlənməsinə yol verməmək Tehranın maraqlarına cavab verir.
Lakin yaranmış vəziyyət Rusiya ilə Türkiyəni əməkdaşlığa vadar edir. Tərəflər Suriya və kürd problemlərində də ortaq məxrəcə gəlməlidir. İqtisadi maraqlar da onların əməkdaşlığının möhkəmləndirilməsini tələb edir.
Digər amili də nəzərə almaq lazım gəlir. Türkiyənin iqtisadiyyatı daha çox Qərbə inteqrasiya olunub və Qərbdən aldıqları Rusiyadan aldıqlarından dəfələrlə çoxdur. Yəni söhbət Avropa İttifaqı ilə gömrük və ticarət sazişindən gedir. Türkiyənin həmin sazişlərdən qazandıqları Rusiyadan ala biləcəklərindən dəfələrlə çoxdur.
Bu mənada, Türkiyənin Qərbdən aldığı iqtisadi üstünlüklərdən imtina edəcəyini ehtimal etmək sadəlövhlük olardı. Rusiya isə enerji daşıyıcılarını satmaqda maraqlıdır. Türkiyə bazarı da bundan imtina etsə, Rusiya ziyan çəkə bilər…