Aleksandr Perenciyev, hərbi politoloq, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti
BAKI, 12 dekabr — Sputnik. KXDR ətrafında baş verənlər bu gün hər kəsin dilindədir. Təəssüf ki, tez-tez "dünya müharibəyə doğru gedir" sözlərini eşidirik və Şimali Koreyanın sərt mövqeyi səbəbindən gərginliyin artması təhlükəsi mövcuddur. Lakin nədənsə bu gərginləşmə təhlükəsinin səbəbləri barədə nadir hallarda danışırlar.
Təlimlər təzyiq üsulu kimi
Burada bir neçə vacib məqama diqqət yetirmək lazımdır. Məsələn, ABŞ Cənubi Koreya ilə birlikdə Şimali Koreyanın "təxribatçı hərəkətləri"nə cavab olaraq ildə azı iki dəfə irimiqyaslı təlimlər keçirir. KXDR isə heç bir dəfə də olsun Cənubi Koreya sahillərində, yaxud ondan xeyli uzaq məsafədə yerləşən ABŞ yaxınlığında təlimlər keçməyib.
Şimali Koreya digər bütün normal dövlətlər kimi bu təlimləri özünə qarşı təhdid kimi qiymətləndirir. Eynilə, əgər Rusiya misal üçün Fransa sahillərində təlimlərə başlasa, rəsmi Paris bunu özünə qarşı hədə kimi qəbul edər. Bu baxımdan KXDR-ni başa düşmək olar. O, təxribat xarakterli fəaliyyət göstərmir, sadəcə sərhədləri yaxınlığındakı təlimləri görüb, bunun öz təhlükəsizliyinə təhlükə olduğunu hiss edir.
ABŞ və digər ölkələrin KXDR sərhədlərində keçirdiyi bütün bu təlimlər son nəticədə ona gətirib çıxarır ki, Şimali Koreya rəhbərliyi daim öz hərbi gücünü möhkəmlətmək və əlbəttə ki, özünün nüvə və raket proqramlarını inkişaf etdirmək məcburiyyətində qalır.
ABŞ daim Şimali Koreyaya təzyiq edir. Nə vaxt ki, KXDR bu təzyiqlərə cavab olaraq öz hərbi qüdrətini artırır, amerikalılar nə üçünsə dərhal qıcıqlanırlar və hərbi təlimlər keçirməyə başlayırlar. Baxmayaraq ki, məhz onlar Şimali Koreyanı öz raketlərini buraxmağa təhrik edirlər.
ABŞ-ın əlində oyuncaq olmaq
Bir sözlə, ABŞ-ın cızdığı dairədə gəzişməklə təbii ki, heç yerə yol tapmaq olmaz. Əlbəttə ki, bu, heç vaxt sülh gətirməyəcək. Özü də ABŞ bu gərgin vəziyyətin aradan qaldırılmasına ümumiyyətlə heç bir cəhd göstərmir. Bundan əlavə, Amerikanın müxtəlif maliyyə-sənaye qrupları bu vəziyyətin kəskinləşməsindən və mövcud qarşıdurmadan böyük divident əldə edirlər.
KXDR-lə bağlı belə gərgin vəziyyət daha böyük büdcə formalaşdırmağı, silahların istehsalını, nəhəng ordunun yaradılmasını, Asiyadakı dövlətləri, xüsusilə də Cənubi Koreya və Yaponiyanı özünə tabe etdirməyi ehtiva edir.
Şimali Koreya probleminin nizamlanması ilə bağlı aparılan bütün danışıqlar istisnasız olaraq KXDR-i danışıqlar masasına oturtmaq üçün aparılır. Və burada belə bir sual meydana çıxır: o, hansı formatda bunu etməlidir? O, kiminlə danışıq aparmalıdır? ABŞ-la?
Mənim fikrimcə, əgər bu danışıqlar başlasa belə, heç bir nəticə verməyəcək. Çünki KXDR hər zaman belə bir sualla müraciət edə bilər: "Əgər siz, ABŞ, rəsmən nüvə dövləti statusu olmayan Pakistan və Hindistan kimi ölkələrin nüvə silahı əldə etməsinə imkan verirsizsə, bəs niyə bizim bu hüququmuzu tanımırsız?"
Belə danışıqlar nüvə silahlarının yayılmaması ilə bağlı müqavilələr planına birmənalı olaraq heç nə vermir. Çünki məhz Şimali Koreya hadisəsi göstərir ki, ABŞ-ın beynəlxalq arenada həyata keçirdiyi siyasət bu məsələyə xeyir vermir.
Qeyri-rəsmi nüvə dövlətləri ilə danışıqlar masası arxasında
Hazırkı məqamda hamının seçdiyi və KXDR-lə danışıqlarda tutulmuş yol düzgün deyil. Bu vəziyyətdə, mənə elə gəlir ki, dünyada iki klub var — rəsmi nüvə dövlətləri klubu (nüvə beşliyi — ABŞ, Rusiya, Fransa, Çin və Böyük Britaniya) və ikinci, nüvə silahı olub rəsmi nüvə dövləti statusu olmayanlar. İkincilər Hindistan, Pakistan, İsrail və Şimali Koreyadır.
Rəsmi nüvə beşliyi toplaşanda və bu görüşə nüvə silahı olan digər dövlətləri də çağıranda, orada nüvə silahlarının daha da yayılmaması və Şimali Koreya probleminin həlli üçün bir sıra planlar hazırlanacaq və hazırlanmalıdır.
Əks halda, KXDR həmişə nüvə dövləti statusu olmayan, ancaq nüvə silahı olan dövlətlərin varlığına etiraz edəcək və həmişə bu ölkələrlə danışıqların aparılmadığını vurğulayacaq.
Hesab edirəm ki, bu problemin həlli belə bir çətin yoldan keçir və bu yolu keçmək lazımdır. Və mənə elə gəlir ki, KXDR yalnız bu formatda danışıqlar masasına oturmağa və müəyyən şərtlərlə danışıqlar aparmağa razılıq verəcək.
Görüş üçün meydança — Bakı
Yuxarıda qeyd olunan kontekstdə mən Azərbaycanın qeyri-rəsmi nüvə güclərindən biri olan Pakistanla əməkdaşlığına diqqət çəkmək istəyirəm. Mənə elə gəlir ki, rəsmi və qeyri-rəsmi nüvə gücləri arasında sözügedən danışıqlar məhz Bakıda keçirilməlidir.
Azərbaycanın paytaxtı neytrallıq baxımından ən məqbul platforma ola bilər. Bundan əlavə, baxmayaraq ki, Bakı bütün bu ölkələrlə eyni məsafədə dayanır, o, bu dövlətlər arasında yaxşı ünsiyyət qura biləcək geosiyasi və geoiqtisadi mövqeyə malikdir. Bundan başqa, Azərbaycan həm də coğrafi cəhətdən nüvə silahına malik olmaq istiqamətində addım atan İranın yanındadır.
Bir sözlə, bu danışıqların aparılması və danışıqlara getmə zərurəti şübhəsizdir. Və bunu təkcə Şimali Koreya problemini həll etmək üçün deyil, həm də qeyri-rəsmi nüvə dövlətləri klubunun genişlənməməsi üçün etmək lazımdır. Bu gün heç kəs zəmanət verə bilməz ki, sabah nüvə silahına malik daha bir Şimali Koreya meydana çıxmayacaq.