BAKI, 6 sentyabr — Sputnik. "Şimali koreyalılar ac qalmamaq üçün ot yeyərlər, ancaq nüvə proqramından imtina etməzlər". Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya prezidenti Vladimir Putin "BRİKS" ölkələrinin Çinin Şiamin şəhərində keçirilən liderlər zirvəsindəki çıxışı zamanı deyib.
Kreml rəhbəri qeyd edib ki, Pxenyanı nüvə proqramından imtina etdirmək mümkünsüzdür. Putin, həmçinin Koreya Xalq Demokratik Respublikasının son ballistik raket sınaqlarını da pisləyib.
Lakin prezident qeyd edib ki, Pxenyana qarşı hərbi güc tətbiq etmək qlobal fəlakətə gətirib çıxaracaq: "Biz KXDR-yə qarşı sanksiyaları faydasız və səmərəsiz hesab edirik. Dostlarımız hərbi isteriya yaratmaqdansa, problemin həlli ilə məşğul olmalıdırlar".