BAKI, 6 dekabr — Sputnik. İrana məxsus “Badkubeh” saytında Şuşada erməni işğalında olan Yuxarı Gövhər ağa məscidi və Aşağı Gövhər ağa məscidi barədə material dərc edilib. Sayt ciddi-cəhdlə iddia edir ki, bu məscidlərin tikilməsi İranın nüfuzlu ailələrinin xidmətidir. Guya ki, elit kütlələrin ailələri bu şəhər və onun ətrafında yaşayırmışlar. Şuşa incəsənəti və memarlığının bir hissəsi də elə bu iranlıların orada yaşaması ilə əlaqədardır. İddianın davamı olaraq yazı müəllifləri məscidləri "iranlı Sufla məscidi" və "iranlı Yuxarı məscid" adlandırırlar.
İddialarla bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib ki, sözügedən materialda çox uğursuz halda qədim türk şəhəri olan Şuşanın farslaşdırıldığını görmək olar.
"İlk olaraq Şuşa şəhəri haqqında qısa bir məlumat verim ki, eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat verib. Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Bəzən "Şişə" (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir. Türklərin məskunlaşdığı ən müxtəlif yerlərdə Şuşa, Şoşu, Şuşi formalarında yaşayış məntəqələri, yer adları olub. Bir çox tədqiqatçılar Şuşa sözünü türk dilində "uc", "yüksək" mənalarını verən "şiş" komponenti ilə izah edirlər. Bir sözlə, Şuşanın farslarla heç bir bağlığı yoxdur" – deyə Zaur Əliyev bildirib.
O qeyd edib ki, Şuşada hər iki məscid İbrahim Xəlil xan Cavanşirin qızı Gövhər ağanın adı ilə bağlıdır. İbrahim Xəlil xan da türk boyu olan cavanşirlərdəndir ki, onların da farslarla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur: "Tarixi mənbələrə nəzər salanda, qarşımıza çıxan məlumatlarda yazılır: indiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarqu və qamışdan bir məscid tikilmişdi. Pənah хanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz etdirilib. Həmin məscid də minarəsiz, kasıb görünüşə malik olub. Görünür ki, elə məscidin bu görünüşü Gövhər ağanı qane etməyib və buna görə həmin məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirib. Lakin bu məscid də Gövhər ağanın göstərişi ilə sökülüb və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhər ağa məscidi kimi tanınan həmin bina inşa edilib. Daha sonra Gövhər ağa XIX əsrin 3-cü rübündə Şuşada məscid inşa etdirib ki, bu, indi "Aşağı Gövhər ağa məscidi" adlanır və xarabalığı hal-hazırda Şuşada durur".
Alimin sözlərinə görə, Şuşa qalasında Gövhər ağanın adını daşıyan iki məscidin tikilməsi eyni məzhəbin fərqli cərəyanlarına mənsub insanlara ibadət üçün şərait yaratmaq məqsədi güdüb. Bu məscidlər arasında məsafə 100-200 metrdir. Hər iki məscid Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.
Zaur Əliyev Şuşa başda olmaqla Qarabağın işğalından sonra Ermənistan tərəfindən digər rayonların məscidləri ilə bağlı atılan addımları da sadalayıb:
1. Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən azərbaycanlıların ibadət yeri olan məscidlərin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verilib;
2. Məscidin minarələri daxildən tamamilə sökülüb, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri və yardımçı otaqları uçurdulub, kommunal və kommunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınıb;
3. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılıb;
4. Məscidin daxili və xarici divarları üzərində erməni və rus dilində Azərbaycan xalqına və türk millətinə qarşı alçaldıcı, təhqiredici ifadələr, sözlər yazılıb;
5. Ermənilər hal-hazırda məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması üçün, yəni tövlə kimi istifadə edirlər.
Alim hesab edir ki, İran tərəfinin məscidləri bərpa, yaxud təmir etmək istəyi təqdirəlayiqdir. Lakin qədim türk yurdu olan Qarabağın ərazilərinin və mədəni-dini abidlərinin farslaşdırılması heç bir ölçüyə sığmır.
"Bununla İrandakı bəzi dairələr sadəcə bir daha Azərbaycana qarşı öz çirkin siyasətini biruzə verir" – deyə Z.Əliyev əlavə edib.