BAKI, 5 dekabr — Sputnik. Şəxsiyyət vəsiqəsini, pasportunu itirənlər və ya qəsdən korlayanlar cərimə edilməyəcək. Sputnik Azərbaycan-ın məlumatına görə bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.
Məcəllənin 566-cı maddəsinə təklif olunan mətndə deyilir ki, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsinə və ya qəsdən korlanmasına görə 30 manat məbləğində cərimə edilir.
566-cı maddənin mövcud mətnində isə deyilirdi ki, şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsinə və ya qəsdən korlanmasına görə 30 manat məbləğində cərimə edilir.
Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 566-cı maddəsinin adında və dispozisiyasında "Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin" sözləri "Dənizçinin" sözü ilə əvəz edilib.
Məcəlləyə dəyişiklik Milli Məclisin dekabrın 1-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib. Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanunda Azərbaycan vətəndaşlarına xaricə getmək hüquq verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə, eləcə də Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsum dərəcələrinin müəyyən edilməsi nəzərdə tutulub. Müvafiq dəyişikliyin əsas məqsədi qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.
"Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə görə, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsum artırılır. Sənəd 10 iş günü müddətində verildikdə 5 manatdan 15 manata, 3 iş günü müddətində verildikdə 25 manatdan 35 manata və 1 iş günü müddətində verildikdə 35 manatdan 45 manata artırılır. Həmçinin, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə də yeni rüsumlar müəyyən edilib. Yəni, rüsumlar artırılıb. Dəyişikliyə əsasən, sənəd 10 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 20 manat (hazırda 10 manat), 1 yaşından 3 yaşadək uşaqlar üçün 30 manat (hazırda 20 manat), 3 yaşından 18 yaşadək uşaqlar üçün 40 manat (hazırda 30 manat), 18 yaşına çatmış vətəndaşlara 50 manat (hazırda 40 manat) ödəniləcək və s.
Hazırda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqələri itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə rüsumlar ümumi qaydada (qüvvədə olma müddətinin bitməsi, habelə qanunla müəyyən edilmiş hallarda dəyişdirilməsi nəzərə tutulan hallarda) tutulur. Qanun layihəsinə əsasən bu hallara görə tutulan rüsumların miqdarı ümumi qaydadan daha yüksək olacaq. Dəyişikliklər Milli Məclisin dekabrın 1-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.