BAKI, 4 dekabr — Sputnik. Milli Məclisin dekabrın 1-də keçirilən plenar iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Qanunun 10-cu maddəsi "Tütün çəkilməsinə icazə verilməyən yerlər" adlanır.
Beləliklə, Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanda tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağan edilib:
— Təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində, sanatoriya-kurort müəssisələrində və onların ərazilərində (açıq məkanlar istisna olmaqla), idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə xüsusi ayrılmış yerlər istisna olmaqla onların ərazilərində, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
— Ticarət obyektlərində, məişət obyektlərində, sosial xidmət müəssisələrində, yerləşdirmə vasitələrində (tütün çəkənlər üçün otaqlar və xüsusi ayrılmış yerlər təşkil oluna bilər), teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla), su nəqliyyatı vasitələrində (xüsusi ayrılmış yerləri istisna olmaqla);
— Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksafonlarda, yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində (xüsusi ayrılmış yerlər istisna olmaqla).
Qanuna görə, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasının təmin etməlidirlər. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir.