BAKI, 16 noyabr — Sputnik. Azərbaycanda yayılması qadağan edilən informasiyanı yerləşdirən provayderlər cərimələnəcək. Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasda məlumat verib.
O bildirib ki, "Telekommunikasiya haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi təklif edilir.
Onun sözlərinə görə, "Telekommunikasiya haqqında"a qanuna yeni bənd əlavə edilir. Bu əlavəyə görə, host provayder və internet provayderlər internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması üçün "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" nəzərdə tutulmuş tədbirlər həyata keçirməlidirlər.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyaların yerləşdirilməsinin qarşısının alınmamasına görə, fiziki şəxslər 500 manatdan 1000 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək cərimə ediləcəklər.
İnternet informasiya ehtiyatı "Yayılması qadağan edilən infromasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahı"sına daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmasına görə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 2000 manatdan 2500 manatadək cərimələnəcəklər.