BAKI, 24 noyabr — Sputnik. Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanın "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçirilən matçın ilk 18 dəqiqəsi ağdamlıların ifasında fantastik idi. Amma sonra hər şey başqa istiqamətə yönəldi.
Matça hələ iki saat qalmış metrodan çıxarkən Bakı Olimpiya Stadionunda anşlaq olacağını təsəvvür etmək çətin deyildi. Ardı-arası kəsilməyən nəhəng izdiham arenaya tərəf gedirdi və müxtəlif sözlərin qışqırığından ibarət uğultu eşidilirdi. Və bu qarşılaşmada təhlükəsizlik tədbirləri artırılmışdı.
İlk fitə qədər bütün oturacaqlar dolu idi və tərəfdarların ifasındakı koreoqrafiya istisnasız olaraq hər kəsi valeh edirdi. Matçdan sonra onun haqqında heç də oyundan az danışmadılar. Təəssüf ki, oyunun hakimi barədə hələ çox danışılacaq. Lakin hər şey elə yaxşı başlamışdı ki…
"Qarabağ" rəqibinə top versə də, öz sahəsinin yarısında çox da yer vermədi. Londonlular ilk 18 dəqiqədə qapıya heç cür yol tapa bilmədilər. İlk real qol vəziyyəti "Qarabağ"ın oyunçusu Miçelin vurduğu zərbə nəticəsində top Tibo Kurtuanın qapısının dirəyinə dəyərkən yarandı. Riçard Almeydanın vurduğu təkrar zərbə də dəqiq alınmadı.
On doqquzunçu dəqiqədə baş verən bir epizod isə Qurban Qurbanovun yetirmələrinin həlledici uğuruna olan ümidləri alt-üst elədi. "Atlılar"ın kapitanı Rəşad Sadıqovla "aristokratlar"ın cinah oyunçusu Villian arasındakı mübarizəni matçın portuqaliyalı baş hakimi Manuel De Souza qayda pozuntusu kimi qeydə aldı və "Qarabağ"ın qapısına 11 metrlik penalti təyin etdi.
Əgər hakim əlavə olaraq Sadıqova qırmızı vərəqə göstərib onu oyundan çıxarmasaydı, penalti hələ heç nə demək deyildi. Oyuna tamaşa edənlərin təəccübünün həddi-hüdudu yox idi. Stadion uğuldadı, Qurbanov hirsindən başını tutdu. Bir anlıq elə göründü ki, etiraz əlaməti olaraq o, komandanı sahəni tərk etməyə çağırır. Lakin oyundan sonra məşqçinin verdiyi açıqlamaya görə, onun belə bir fikri olmayıb, sadəcə hamını motivasiya vermək üçün toplayıb ki, ruhdan düşməsinlər.
Bütün bunlara baxmayaraq, azlıqda qalan komandanın onsuz da bütün göstəricilərə görə ondan üstün olan rəqibə qalib gəlməsi mümkün deyildi. Əgər birinci hissədə "Qarabağ" nəsə eləməyə çalışırdısa, ikinci hissədə başa düşmək çətin deyildi ki, komandanın əsas tapşırığı mümkün qədər az top buraxmaq, darmadağından qaçmaq idi. Bu isə mümkün olmadı. Rəqib eynilə ilk oyunda olduğu kimi daha çox qol (0:6) vura bilərdi, əgər İbrahim Şehiç qapıda əminliklə dayanmasaydı.
"Qarabağ" hakimin özbaşınalığı ilə qarşılaşan ilk komanda deyil. Eyni şeylə bizim futbol xadimlərimiz də dəfələrlə üzləşib. Bakı "Neftçi"sinin, Ağdam "Qarabağ"ının və futbol üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Ağasəlim Mircavadov da analoji vəziyyətlə üzləşmiş şəxslərdəndir.
"Bizim komandalar bu səviyyəli turnirlərə qədər gedib çıxanda hakimlər necə gəldi işləyə bilirlər. Bu, artıq ənənəyə çevrilib. Hətta rusiyalı şərhçi belə etiraf etdi ki, əgər belə bir epizod "Çelsi", "Atletiko" və "Roma"nın qapısı qarşısında baş versəydi, onda belə penaltidən sonra hakim çətin ki, rəqibin oyunçusunu meydançadan çıxarardı. Hakim bütün matçın mübarizə ruhunu öldürdü. Əgər onun zərrə qədər də olsun insanlığı olsaydı, uzağı sarı kart göstərərdi. İkinci cəriməyə gəlincə, Qara Qarayev qaydanı cərimə meydançasından kənarda pozmuşdu. Emosiyalarım mənə güc gəlir və daha artığını deyəcəm: mən bu portuqaliyalını adam hesab etmirəm. Əgər sən komandanı belə ağır cəzalandırmısansa, belə mübahisəli vəziyyətdə ikinci cəriməni niyə tətbiq edirsən?! "Çelsi"yə belə kömək lazım deyildi" — deyə Mircavadov bildirib.
Təcrübəli mütəxəssis hakimlərlə bağlı özünün acı təcrübəsini də bölüşüb: "1987-ci ildə SSRİ çempionatında biz Ukrayna "Dnepr"i ilə Bakıda qarşılaşdıq. İrəli gedərək deyim ki, onlar çempion oldu. Biz çempion qrafiki ilə gedirdik. Stadiona 40 min tamaşaçı toplaşmışdı. Hakimlər briqadası isə bizi az qala "boğurdu". İki açıq-aydın penalti vəziyyəti yaranır, amma təyin edilmir. Bizim oyunçu qapıçı ilə təkbətək qalanda durumu oyundankənar vəziyyət kimi qeyd edirlər. Böyük üstünlüklə oynamağımıza baxmayaraq, biz 0:1 hesabı ilə uduzduq. Mən hələ indiyə qədər o görüşü unuda bilmirəm. Oyundan sonra ağlamışdım. Yeri gəlmişkən, o hakim hələ də yaşayır".
Azərbaycan yığmasının və Moskva "Dinamo"sunun keçmiş qapıçısı Dmitri Kramarenko da şokdadır və hesab edir ki, əgər "Qarabağ" oyunçularının yerində olsaydı, hakimin təxribatına dözməzdi və öz emosiyalarını biruzə verərdi.
"Meydançada baş verən fəlakət idi. Bizim o cür bayramımızı məhv elədilər. Mən oyunun başlanğıcında o cür vətənpərvər koreoqrafiyanı görəndə göz yaşlarımı saxlaya bilmədim. Oyundan sonra o qənaətə gəldim ki, Portuqaliya briqadasının işi planlaşdırılmış senari idi. Əgər Rəşad Sadıqov epizodu olmasaydı belə, onlar nəsə fikirləşəcəkdilər. "Atletiko" ilə iki bərabər oyundan sonra Azərbaycan çempionu üçüncü yerə yüksəlmişdi. "Avropaya "Qarabağ"ın qrupdan çıxması sərf etmirdi" — deyə təcrübəli mütəxəssis bildirib.
Öz karyerasında buna oxşar nümunə ilə rastlaşıb-rastlaşmadığı barədə suala Kramarenko cavab verməyə çətinlik çəkib. "Kiçik epizodlar olub, amma belə açıq-aşkar və bu səviyyədə, xatırlamıram. Mən bunu heç nə ilə müqayisə edə bilmirəm" — deyə Kramarenko bildirib.
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan futbol komandasıdır.
Azərbaycan çempionu İngiltərənin "Çelsi", İspaniyanın "Atletiko" və İtaliyanın "Roma" klubları ilə birlikdə Çempionlar Liqasının C qrupuna düşüb. Çempionlar Liqasının qrup mərhələsi 12 sentyabrda başlayıb və 6 dekabra qədər davam edəcək.
Dörd oyunun nəticəsinə əsasən Ağdam klubu iki xalla dördüncü yerdə qərarlaşıb. "Çelsi" və "Roma" ilə keçirilən 3 oyunda "Atlılar" uduzublar, ispanlarla keçirdiyi hər iki görüş isə heç-heçə başa çatıb.