BAKI, 23 noyabr — Sputnik. Bir müddət əvvəl verilişlərin birində əməkdar artist Kübra Əliyevanın aktrisa Pərvin Abıyevaya dediyi sözlər xeyli müzakirə olundu. Xəbər portallarının da tirajladığı bu qalmaqalı bir sıra sənət adamları paylaşıb Kübra xanıma dəstək oldular.
İki xanım arasındakı mübahisə Pərvin Abıyevanın "mən professional aktrisa olmaq, xaricdə təhsil almaq istəyirəm" deməsi ilə başlayır. Kübra xanım soruşur: "Sən İncəsənət Universitetini oxumamısan?". Pərvin Abıyeva "Xeyr" cavabını verincə, Kübra Əliyeva od püskürür,"Qızım, siz xoşbaxtsız!" deyir.
Əlbəttə, mənə maraqlı gəlir ki, Kübra xanım bu xoşbəxtliyi nədə görür? İncəsənət Universitetini oxumamaqda görürsə, bəli, Pərvin Abıyeva bu mənada xoşbəxtdir. Çünki Pərvin Abıyeva Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetini oxusaydı, ömrünün dörd ilini içində məhkum həyatı yaşayacağı, azad yaradıcı mühitdən, keyfiyyətli təhsildən milyon işıq ili uzaqda, sənətin də tərk edib getdiyi bir binada xərcləyəcəkdi.
Kübra Əliyeva Pərvin Abıyevaya deyir ki, "Sən Hökümə Qurbanovanın, Leyla Bədirbəylinin qabağından keçə bilməzdin, qızım!" Güya ona görə keçə bilməzmiş ki, İncəsənət Universitetini oxumayıb və teatr görməyib.
İkinci hissə ilə razıyam. Teatr barədə danışacağıq. Lakin İncəsənət Universitetinin aktyor, aktrisa olmağa heç bir dəxli yoxdur. Məgər Hökümə Qurbanova İncəsənət Universitetini oxumuşdu? Pedoqoji Texnikumu bitirmişdi, Konservatoriyada fortepiano təhsili almışdı, amma Azərbaycanın əfsanəvi aktrisasına çevrildi.
Ya Leyla Bədirbəyli bitirmişdi İncəsənət Universitetini? Mahnı və rəqs ansamblının solisti idi, Filarmoniyada çalışmışdı, ordan kinolara çəkdilər və daha sonra teatra dəvət etdilər.
Mərziyyə Davudova İncəsənət Universitetini oxumuşdu, yoxsa Münəvvər Kələntərli? Mərziyyə xanım Həştərxanda həvəskar aktrisa idi, Hüseyn Ərəblinski Bakıya gətirib birbaşa peşəkar səhnəyə çıxarmışdı. Münəvvər Kələntərli orta təhsilli idi, onu Yavər Kələntərli Opera Teatrına gətirmişdi, daha sonra da Musiqli Komediya Teatrında işləməyə başlamışdı.
İndi siz deyin, Kübra Əliyeva, İncəsənət Universiteti bu əfsanəvi aktrisalardan hansını yetirib?
Dünya mədəniyyətində də bu cür hallar saysız-hesabsızdır. Elə iyirminci əsrin ən böyük alman teatr rejissoru, dramaturq və teatr nəzəriyyəçisi Bertolt Brext də Lüdviq Maksimilian Universitetində tibb üzrə təhsil almışdı, onu da yarıda saxlamışdı. Fransız aktyor, rejissor, dramaturq və şair, avanqard teatrın banisi sayılan Antonin Artaud isə heç universitet təhsili almamışdı.
Məgər aktyoru, aktrisanı təhsil yetişdirir? Onda niyə heç bir universitet təhsili olmayan Hüseyn Ərəblinski Azərbaycanın peşəkar və professional aktyor sənətinin banisi hesab edilir?
Sovet dövrünün təhsilinə şübhə olmazdı. O dövrdə aktyorlara, aktrisalara, rejissorlara nəzəriyyənin öyrənilməsində, təcrübə toplamalarında bu universitetin böyük köməyi olmuşdu. Həmin dövrdə İncəsənət Universitetində çoxsaylı aktyorlar, aktrisalar, rejissorlar təhsil alıblar.
Lakin 21-ci əsrdə yetişən aktyor, aktrisa və rejissorlar nəslinə İncəsənət Universitetinin heç bir faydası olmayıb. Onların hamısı möhürlü sənəd xətrinə o binaya ayaq döyüb. Sənədi alandan sonra da özlərinin bilik və bacarıqları sayəsində çalışıb, təcrübə toplayıblar.
O ki qaldı teatra, bu məsələdə Kübra Əliyeva haqlıdır. Teatr özü aktyor üçün, aktrisa üçün məktəbdir. Bir teatr tamaşasını yüksək səviyyədə oynamaq, o yaradıcı prosesi keçmək, o tamaşaçı auditoriyasının alqışını qazanmaq dörd illik uğurlu təhsil həyatına bərabərdir.
Lakin bu da o demək deyil ki, bütün aktyorlar, bütün aktrisalar teatrdan çıxmalıdır. Dünya kinosunun tarixinə baxanda elə nəhəng aktyor və aktrisalar görərik ki, heç bir dəfə də teatr səhnəsinə çıxmayıblar.
Kübra Əliyeva gənc aktyor və aktrisaları xoşbəxt hesab edir. Bunu onunla əlaqələndirir ki, telekanalların sayı çoxdur və rahatlıqla tanına bilərlər.
Məgər sənət adamının xoşbəxtliyi təkcə şöhrətdir? Bəs onun görmək istədiyi diqqət və qayğı? Bəs onun qazanmaq istədiyi beynəlxalq uğurlar? Bəs onun dünya mədəniyyəti ilə ayaqlaşa bilmək arzusu? Bəs onun almaq istədiyi dövlət və xalq dəstəyi?
Gənc aktyorların, aktrisaların heç biri bunları görmür. Əksinə, bu mənada elə Kübra Əliyeva və onun timsalında bütün sovet dövrü aktyorları, aktrisaları xoşbəxt idilər ki, bir kinoya çəkilməklə neçə-neçə respublikalarda tanınır və sevilirdilər. Onların teatr tamaşalarına kütləvi axınlar olurdu. Dövlət tərəfindən qastrollara göndərilir, həm gəzir, həm öyrənir, həm də tanınırdılar. Maddi yoxsulluq çəkimirdilər.
Bu gün həmin yaradıcı mühit, həmin sənətsevərlik, həmin böyük tamaşaçı auditoriyası olmasa da, həmin dövrdəkindən qat-qat çox və qat-qat istedadlı aktyorlar, aktrisalar var. Hansı ki, onlara azacıq dəstək olsa, bütün dünyada tanına bilərlər. Əlbəttə, 120 manat teatr maaşı, 5-10 manat kino məvacibi ilə bu istedadlar da məhv olub gedəcəklər.