Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Cəzamız yüngülləşdirilir

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidАнтидопинговая лаборатория, фото из архива
Антидопинговая лаборатория, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Baş katib: "Səkkiz ay ərzində beynəlxalq yarışlarda iştirak edə bilmərik"

BAKI, 20 noyabr — Sputnik. Noyabr ayının 13-də Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan Ağır Atletika Federasiyasının (QAAF) təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) Anti-Dopinq Konfransı keçirilib. Sputnik Azərbaycan federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə IWF prezidenti Tamaş Ayan, baş katib Mohammad Calud, IWF Anti-Dopinq Komissiyasının sədri Patrik Şamaş, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin tələbi ilə 2008-ci il Pekin və 2012-ci il Londonda keçirilən Olimpiya Oyunlarında mübarizə aparan idmançıların analizlərinin yenidən yoxlanılması nəticəsində ağır atletlərindən 3 və daha çox dopinq-testi müsbət çıxan və buna görə 1 (bir) illik diskvalifikasiyaya məruz qalan 9 federasiyanın (Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Çin, Moldova, Rusiya, Türkiyə və Ukrayna) idarə heyətlərinin üzvləri iştirak ediblər.

Ölkəmizi Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov təmsil edib. Konfrans, orada müzakirə olunan məsələlər və perspektivlər barədə baş katib Rizvan Rəsulovla danışıb. Sputnik Azərbaycan baş katibin müsahibəsini təqdim edirik:

- Konfransın təşkilində məqsəd nə idi?

– Məqsəd dopinqə qarşı mübarizənin ən yüksək səviyyədə aparılmasının təmini, bunun üçün lazım olan bütün tədbirlərin görülməsi və müvafiq addımların atılması yollarının müzakirə edilməsi idi. Təşəbbüs QAAF tərəfindən gəlmiş, IWF tərəfindən müsbət qarşılanmışdı. İştirakçılar bir illik diskvalifikasiyaya məruz qalmış 9 ölkə idi. Əsas müzakirə mövzusu verilən cəzanın bir ildən 8 aya endirilməsi, bunun üçün meyarların təyini, bu müddət ərzində yerli federasiyalar və anti-dopinq agentlikləri vasitəsilə ciddi mübarizə sistemlərinin yaradılması, belə halların bir də təkrarlanmaması üçün işlərin görülməsi oldu.

- Xüsusilə fərqləndirə biləcəyiniz məqamlar hansılar idi?

– Hazırda Beynəlxalq Olimpiya Komitəsi (BOK) başda olmaqla müvafiq qurumlar yalnız bizim yox, digər idman növlərində də yaranan böyük dopinq problemlərinin həllinə çalışır. Ağır atletika dopinq sayı baxımından "öncül" növlərdən biri olduğundan IWF çox narahatdır. Prezident Tamaş Ayan Astanadakı çıxışı zamanı bu narahatlığını dəfələrlə ifadə etdi. O, qeyd etdi ki, belə hallar davam edəcəyi təqdirdə, ağır atletika idman növünün Olimpiya ailəsində qalıb-qalmama məsələsi ciddi gündəmə səbəb ola bilər.

İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova və Şəfəq Hüseynli - Sputnik Azərbaycan
İDMAN
AMADA: Dopinqə düşən idmançılarımızın Rusiya ilə əlaqəsi yoxdur

AAAF olaraq biz də narahatıq, çünki ilk Olimpiya Oyunlarından bu yana ağır atletika həmişə böyük idmanın ayrılmaz hissi olub, kökləri dərinə gedir və Azərbaycanda da böyük ənənələri var. Olimpiadadan təcrid olunma qərarı minlərlə, on, yüzminlərlə adamın idmandan getməsi ilə nəticələnə bilər ki, bunu da heç kim istəməz, çox üzücü məqam olar.

IWF çalışır ki, ənənələri qorusun, buna mane olmaq istəyənlərə isə ciddi sanksiyalar tətbiq etsin. Cənab Ayan hətta belə bir fikir səsləndirdi ki, "hazırda IWF özündə 192 ölkənin federasiyasını ehtiva edir. Bundan sonra da hər hansı federasiya dopinqə qarşı lazımi mübarizə aparmasa, bu problemin böyüməsinə rəvac versə, tələb olunan qayda-qanunlara riayət etməsə, həmin ölkəni IWF-dən birdəfəlik uzaqlaşdırılması haqda da düşünə bilərik. Olmasın 192, olsun 150 ölkə üzv federasiya".

- Konfransda Azərbaycanla bağlı nə danışıldı?

– Ölkə fərqi qoyulmadı. Hamıya eyni münasibət oldu, hamımıza cəzanın yüngülləşdirməsi üçün bir şans yaradıldığı bildirdildi. Qeyd edildi ki, işimizə daha ciddi yanaşmaq, dopinqlə mübarizəni davam etdirmək, bu halların bir daha baş verməməsi üçün bütün mexanizmlərin – istər federasiya, istərsə də dövlət səviyyəsində – həyata keçirilməsi vacibdir.

- Necə düşünürsünüz, dopinqlə bağlı mübarizə işləri hansı formatda aparılmalıdır?

– Bilirsiniz, bu işləri biz AMADA ilə birgə aparırıq. Ölkəmizdə ağır atletika bölmələri Təhsil Nazirliyinin, Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN), AHİTA-nın nəzdində olan Uşaq Gənclər İdman məktəblərində fəaliyyət göstərir. Bu məktəblərdə fəaliyyət göstərən bölmələrin rəhbər işçiləri mütəmadi olaraq məşqçi-müəllim heyəti ilə dopinqlə bağlı təbliğat və təşviqat işləri aparmalıdırlar. Çünki ölkədaxili yarışlarda iştirak edən idmançılar idman məktəblərinin yetirmələridir. Hansısa idmançıdan analiz nəticəsində qadağan olunmuş maddə aşkar edilərsə, bu hal qeyd olunan təşkilatların imicinə ciddi ziyan vurur. Federasiya isə bu hallar baş verdikdə həmin məktəblərin yuxarı təşkilatlarına rəsmi məlumat göndərəcək.

Düşünürəm ki, federasiya AMADA, GİN və MOK-la vahid bir sistemdə fəaliyyət göstərərək dopinqə qarşı birgə mübarizəni və əsasən də məşqçi-müəllimlər arasında təbliğat və təşviqat işlərini gücləndirməlidir. Bu işdə hazırda bədən tərbiyəsi və idman sahəsində ali bədən tərbiyəsi mütəxəssisləri hazırlayan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə qadağan edilmiş dərman preparatlarının rolu olmadan yüksək səviyyəli idmançıların hazırlanması istiqamətində yeni müasir metodların işlənib hazırlanması da vacib məsələlərdən biridir. Bir məsələni də bildirmək istəyirəm ki, bu preparatlarının qəbulu idmançının orqanizminə kifayət qədər ziyan vurmaqla bərabər, zehni inkişafını da kəskin şəkildə minimuma endirir.

Ağır atletika elə bir idman növüdür ki, burada idmançı əql ilə hərəkət etməlidir. Əks halda, heç bir nəticəyə gəlib çıxmaq olmaz. Bunu əvvəlki proseslər də göstərdi. Keçmişə baxsaq, görərik ki, ağır atletika ilə məşğul olanların əksəriyyəti dopinq vasitələrindən istifadə etməyiblər. Bunun nəticəsində onlar 25-35 yaş aralarında yüksək nəticələr əldə ediblər. Sonda isə ali təhsil müəssisələrində tədris aparan müəllimlər, professorlar, digər elmi dərəcələri olan kafedra müdirləri, nazirliklərdə işləyən vəzifəli şəxslər, həkim və mühəndis peşəsində işləyən insanlar yetişib. Bu baxımdan bugünkü statistika bizi narahat etməyə bilməz. Bu, psixoloji bir maneədir və bunu layiqli şəkildə arxada qoymalı, keçməliyik.

- AAAF-ın fəaliyyətinə beynəlxalq münasibət necədir?

– Çox müsbətdir, bunu konfrans zamanı da hiss etdim. Paytaxtda IWF-in baş katibinin ofisinin açılışı oldu. Artıq deyə bilərik ki, dünyada ağır atletikanın iki mərkəzi var: Budapeştdə prezident, Astanada isə baş katibin oturduğu yer. Bu, həm Qazaxıstan, həm də yaxın ölkələrin inkişafına təkan verə biləcək bir məqamdır. Çünki məsafələr qısalacaq və ünsiyyət, çalışma daha rahat olacaq. Mənim üçün açılış zamanı qeyd edə biləcəyim əsas məqam, bu ofisdə Olimpiya çempionu, azərbaycanlı Nicat Rəhimovun rəngli boya ilə çəkilmiş rəsminin divardan asılması oldu. Bundan böyük fərəh hissi duydum. Nicat bizimdir, bizim çempionumuzdur, Qazaxıstanın adından çıxış etməsi isə çox şeyi dəyişmir. Onun əldə etdiyi nəticə bizim bütün atletlərimiz üçün nümunədir.

Соревнований по тяжелой атлетике среди мужчин в весовых категориях до 77, до 85 и до 94 кг IV Игр Исламской солидарности - Sputnik Azərbaycan
İDMAN
İslam Oyunlarının ən yaxşı ağır atletləri seçilib

O, özü də hazırda Bakıda, Vətənindədir. Nicat ilk addımlarını atdığı "Zirvə" Beynəlxalq İdman Klubunun prezidenti, eyni zamanda AAAF-ın vitse-prezidenti olan Tofiq Heydərovla görüşdü. Uğurlarındakı roluna görə ona, kluba, onun bütün üzvlərinə, həmçinin bütün ağır atletika ailəsinə öz minnətdarlığını bildirdi. Biz həmişə onun uğurlarına sevinmişik, bundan sonra da sevinəcəyik. O, Olimpiya çempionu kimi Azərbaycan ağır atletikasının tarixinə adını qızıl hərflərlə yazmış idmançıdır. Nicat hansı ölkədə çıxış etməyindən asılı olmayaraq, azərbaycanlıdır. Onun böyük şəklini orada divarda görəndə çox qürurlandım.

- Necə düşünürsünüz, AAAF-ın gördüyü işlər bir illik cəzanın 8 aya endirilməsinə şans verirmi?

– Təbii ki. Gələn il üçün əsas beynəlxalq yarışlarımız Yeniyetmələrin Olimpiya Oyunları,gənclər arasında Avropa və böyüklər arasında Dünya çempionatıdır. Dövlətin anti-dopinq siyasətinin fəaliyyət mexanizmi də get-gedə bərkiyir, möhkəmlənir. AGİN tərəfindən vacib amillər təmin edilir. Federasiya isə fəaliyyətini yaranmış bu imkanlar üzərində quraraq çalışır ki, düzgün addımlarla idmançılarımızın fiziki, psixoloji, texniki hazırlığını ən yüksək səviyyəyə çatdırsın. İnsanlar bizə inanmalı, kömək etməlidirlər. Azərbaycan güclü insanların vətənidir. Regionlarmızdakı təbiət ağır atletlərin yetişməsi üçün çox münbitdir. Biz də təbii güclü insanları bu idmana cəlb edir, əsl çempionlar yetişdirməyə çalışırıq. Bunun üçün bütün maddi-texniki bazamız, mütəxəssis ehtiyatımız var. Əminəm ki, cəzamız da 8 aya endiriləcək və biz beynəlxalq yarışlarda iştiraka vaxtından əvvəl başlaya biləcəyik.

Xəbər lenti
0