BAKI, 19 noyabr — Sputnik. Gəncə İnzibati-İqtisadi Məhkəməsində Bərdə rayonu Mustafaağalı kəndində yaşayan şəhid anası Əsli Muradovanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bərdə rayon şöbəsinə qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə iclası keçirilib. Əsli Muradovanın ailəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bir sıra dövlət qurumlarının məhkəməyə tələb edilən sənədləri təqdim etməməsi səbəbindən proses uzanmalı olub.
Xatırladaq ki, Ə. Muradovanın oğlu Mübariz Muradov 1995-ci ilin 27 dekabrında ön cəbhədə — Murovdağ bölgəsində həlak olub. Hərbi hissənin verdiyi arayışda M. Mübarizin AR-in müdafiəsində Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olduğu bildirilib.
Bunun əsasında Mübariz Muradova şəhid, anası Əsli Muradovaya isə şəhid ailəsi statusu verilib. 2007-ci ildə Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi (ƏSMM) tərəfindən Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün təsis etdiyi 100 manat prezident təqaüdü Əsli Muradovaya da təyin edilib. 2008-ci ildə Bərdə rayon ƏSMM anadan oğlunun şəhid olduğunu təsdiq edən arayış təqdim etməsini tələb edib. Bərdə rayon Hərbi Komissarlığına müraciət edən anaya oğlunun hansı şəraitdə öldüyünə dair arayış verilməyib. Sadəcə bildirilib ki, onun oğlunun adı "Qaytarılmaz itkilərin adlı siyahısı"nda yoxdur.
Bundan sonra təqaüdün dayandırıldığını düşünən ana heç yerə müraciət etməyib. 2014-cü ildə anaya məlum olub ki, həmin ilin noyabr ayına qədər onun almalı olduğu təqaüdü başqaları alıb. Bərdə rayon ƏSMM-nin sədri Raquf Məmtiyev isə almadığı pulları dövlət büdcəsinə geri qaytarması üçün (səbəb kimi, Muradovun hansı şəraitdə öldüyünə dair hərbi komissarlıqdan arayışın gətirilməməsi göstərilib) Ə.Muradova ilə bağlı məhkəməyə müraciət edib.
11 noyabr 2016-cı il tarixində Bərdə rayon Məhkəməsi sübutlar əsasında pulların Əsli Muradova tərəfindən alınmadığı, dövlət vəsaitinin mənimsənilməsi kimi cinayət əməlinin törədildiyi, işin araşdırılmaq üçün Respublika Prokurorluğu yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə həvalə olunması barədə qətnamə çıxarıb.
Korrupsiya idarəsində isə məsələnin araşdırılması barədə indiyənə qədər də hər hansı tədbir görülməyib. Əsli Muradova problemin hüquqi yolla həlli üçün DSMF Bərdə rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldırıb. Noyabrın 14-də iş üzrə növbəti məhkəmə iclası keçirilib.
Məlum olub ki, məhkəmənin Bərdə rayon İcra Hakimiyyətinə göndərdiyi sorğuya müsbət cavab verilməyib. Məhkəməyə telefonla bildirilib ki, onlarda 1996-cı ilin qeydiyyat kitabı yoxdur. Hakim bu məzmunda məktub göndərildiyini, lakin hələ məhkəməyə daxil olmadığını bildirib.
İddiaçı tərəfin səlahiyyətli nümayəndəsi Xaqani Məmməd hakim Svetlana İsmayılovanın bundan sonra məhkəməyə sədrliyinə yazılı etiraz təqdim edib. O, hakimi cavabdeh tərəfin maraqlarını müdafiə etməkdə günahlandırıb. Məmməd öz etirazını hakimin iddia predmetindən kənara çıxması, tez-tez fasilələr yaratmaqla məhkəmə vaxtını aylarla uzatması, məhkəməyə göstərilən təzyiqin altında qərar qəbul etməyə meylli olması ilə əsaslandırıb.
"Hakim Svetlana İsmayılova Əsli Muradovaya 1996-cı ildə oğlunun həlak olmağından sonra Bərdə rayon İcra Hakimiyyəti tərəfindən verilən "şəhid ailəsinin vəsiqəsi"nin hüquqi əsaslarını aydınlaşdırmaq məqsədilə Bərdə RİH-nə sorğu göndərmək barədə qaldırdığımız vəsatəti təmin etmək üçün adı çəkilən qurumdan lazımi sənədləri tələb etmək əvəzinə, iddia tələbinə dəxli olmayan dövlət təşkilatlarından sənədlər toplayıb. Burada da məqsəd əsas məsələnin mahiyyətini ört-basdır etməklə Bərdə RİH-nin vermək istəmədiyi sənədlərdən diqqəti yayındırmaq olub. Hakim iclaslarda lazımsız sözlər danışmaqla baş qatır, guya şəhid ailəsinin işinə hərtərəfli diqqət ayırdığını göstərməyə çalışır. Axırda da deyəcək ki, biz uzun araşdırmalardan sonra müəyyən etdik ki, iddia əsassızdır" – deyə Xaqani Məmməd Sputnik Azərbaycan-a bildirib.
Onun sözlərinə görə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri Natiq Abbasova hakimlə bağlı təqdim olunan etiraz ərizəsi bir saatdan sonra geri qaytarılıb və təmin edilməyib. Bundan sonra hakim Svetlana İsmayılova məhkəmə iclasına sədrliyi davam etdirib. Hakim iclas zalına qayıdarkən Bərdə RİH-nin başçısı Vidadi İsayevin məktubunun da elə bu saatda məhkəməyə yetişdiyini bildirib.
Bərdə RİH-dən daxil olan məktubda 1996-cı ilə aid qeydiyyat kitablarının olmadığı qeyd edilib. Həmin qeydiyyat kitablarının taleyinə isə, ümumiyyətlə aydınlıq gətirilməyib. Baxmayaraq ki, oktyabrın 31-də sözügedən iş üzrə keçirilən məhkəmədə RİH-nin Ümumi Şöbəsinin müdiri İsgəndər İsmayılov sözügedən qeydiyyat kitabının Yevlax Arxiv İdarəsinə təhvil verildiyini və ora müraciət etməyi məsləhət bilib. Yevlax Arxiv İdarəsindən isə onlarda bu barədə sənədin olmadığı bildirib.
Vətəndaş lazım olan sənədləri əldə edə bilmədiyinə görə məhkəmə tərəfindən Bərdə rayon İcra Hakimiyyətinə sorğu verilməsi və sənədlərin məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırılıb. Təmin edilən vəsatətdən sonra da Bərdə RİH məhkəməyə "yox" cavabı verib. Məhkəmə qarşısında Bərdə rayon İcra hakimiyyətinin 1996-cı il üzrə qeydiyyat kitablarının məhkəməyə gətirilməsi barədə yeni vəsatət qaldırılıb. Göründüyü kimi, Bərdə RİH məhkəmənin bu tələbini də qulaqardına vurub və prosesin vətəndaşın xeyrinə ədalətli qərarla yekunlaşmasına mane olmağa çalışıb.
Xaqani Məmməd məhkəmədə Bərdə RİH-də olmayan qeydiyyat kitablarının təhvil verildiyi yerin dəqiqləşdirilməsi və Əsli Muradovaya pensiya təyin etmək üçün əsas verən sənədlərin məhkəməyə təqdim edilməsi barədə vəsatətlər qaldırıb. Hakim 1-ci vəsatəti təmin etməyərək bu barədə icra başçısının məktubunda qeydiyyat kitablarının olmadığı barədə cavabı əsas gətirib. Xaqani Məmməd bu cavabla qane olmayıb və Bərdə RİH-nin qeydiyyat kitablarını hara təhvil verdiyini göstərməli olduğunu deyib.
İddia predmeti üzrə vəsatətin təmin edilməsinin vacib olduğu hakimin nəzərinə çatdırılsa da, müsbət qərar qəbul edilməyib. Hakim vəsatətləri qismən təmin edərək pensiya təyin etmək üçün əsas verən sənədlərin məhkəməyə təqdim edilməsini vacib sayıb. Məhkəmə iclasının dekabrın 5-də davam etdirilməsi qərara alınıb.