BAKI, 7 noyabr — Sputnik. "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin yaradılmasında məqsəd odur ki, sənayeləşmənin dəstəklənməsi mümkün olsun. Ümumiyyətlə, beynəlxalq təcrübədə bu istiqamətdə həm dövlət, həm də publik-hüquqi şəxs formasında qurumlar fəaliyyət göstərir. Bu tip qurumların da məqsədi konkret olaraq seçilmiş sektorlarda islahatı dəstəkləmək və həmin sektorların inkişafına nail olmaqdır”.
Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Onun sözlərinə görə, xüsusilə də post-neft dövründə 2014-cü ildən ötən müddətin təhlili göstərir ki, məhz konkret olaraq sənaye sektorunun dəstəklənməsinə ehtiyac var: "Çünki bu gün Azərbaycanın qeyri-neft ixracında aqrar sektor aparıcı olaraq qalmaqdadır. Bu baxımdan iqtisadiyyatın şaxələndirilməsinə nail olmaq istəyiriksə, birmənalı şəkildə sənaye sektorunun inkişafının dəstəklənməsinə və sənayenin həm ÜDM-in formalaşmasında, həm də ixracatda payının artırılmasına ehtiyac var. Çünki sənayeləşmə ixracatın daha innovativ şaxələndirilməsi baxımından vacibdir".
Ekspertin fikrincə, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin yaradılması nəticə etibarı ilə sənaye sektorunun inkişafına təkan vermiş ola bilər: "Xüsusilə də dövlət mülkiyyətinin tənzimlənməsi və nəzarətin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Qurumun fəaliyyətinin yaxşı təşkil edilməsi nəticədə sənayenin iqtisadiyyatda payının artırılmasına gətirib çıxarda bilər".
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, milli iqtisadiyyatın inkişafı ilə bağlı olan Yol Xəritəsində "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin yaradılması məsələsi öz əksini tapıb: "Bunun mahiyyətində ölkədə həyata keçirilən sənayeləşmə siyasəti istiqamətində dövlətin rolunu artırmaq dayanır. "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin əsas səhm paketi dövlətə məxsusdur. Bu, Azərbaycan iqtisadiyyatına əlavə investisiyaların cəlb edilməsi deməkdir".
Noyabrın 7-də büdcə müzakirəsi ilə bağlı Milli Məclisin 5 komitəsinin keçirilən birgə iclasında parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də bildirib ki, Azərbaycanda sənayenin dinamik inkişafını təmin etmək məqsədilə "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti yaradılır: "Bununla bağlı noyabrın 6-da cənab prezident fərman imzalayıb. Bu korporasiya tam dövlətin nəzarətində olacaq. Bu, Azərbaycanın emal sənayesinin inkişafında yeni bir mərhələ olacaq. Əsasnamə təsdiqlənəcək və işə başlanılacaq. Bu, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üçün çox cəsarətli bir addımdır".
Qeyd edək ki, noyabrın 6-da prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin ("ASK" ASC) yaradılması haqqında fərman imzalayıb. Səhmləri dövlətə məxsus olan ASC dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb.
Fərmana əsasən, ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. "ASK" ASC-nin strukturunun təsdiqini, işçilərinin əməkhaqlarının müəyyənləşdirilməsini və nizamnaməsi ilə Müşahidə Şurasına həvalə edilmiş digər səlahiyyətləri "ASK" ASC-nin Müşahidə Şurası həyata keçirəcək.
Azərbaycan Prezidentinin imzaladığı sərəncamla Natiq Ərziman oğlu Əmirov "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib.
Prezidentin digər Sərəncamı ilə Kamran Telman oğlu Nəbizadə "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru təyin olunub.