BAKI, 4 noyabr — Sputnik. Ötən gün AFFA –da Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi keçirilib. Aparılan müzakirələrdən sonra "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Sputnik Azərbaycan bu təyinatla bağlı idman mütəxəssislərinin fikrini öyrənib.
İdman yazarı Kənan Məstəliyev hələ 3 il əvvəl — Berti Foqts milli komandanın baş məşqçiliyindən gedəndən sonra yazdığı yazıda bu posta əsas namizəd kimi məhz Qurban Qurbanovu göstərdiyini deyib. "İndi də fikrimdə qalıram və bu mütəxəssisin təyinatına sevinirəm. Qurban Qurbanov Azərbaycan millisinin, Azərbaycan millisi də Qurban Qurbanovun başına gələcək ən yaxşı hadisədir" — deyən Məstəliyevə görə, Qurbanov həm işi, həm də sözü ilə bu posta layiq olduğunu sübut edib.
Məstəliyev "Qurban milliyə getsə, onu "itirəcəyik", "Qarabağ" məhv olacaq" tipli təlaşı da qəbul etmədiyini deyib. Onun fikrincə, Qurban Qurbanov uşaq deyil, sözün hər mənasında böyük adamdır. Hər şeyi çox yaxşı bilir, anlayır və soyuq başla addım atır.
"Milli komandamızın təsir altında qalmayacaq, öz sözünü deyə biləcək və üstündə duracaq bir adama ehtiyacı var. Qurbanov da məhz belələrindəndir. Onun rəhbərliyi altında yığmamızın əvvəlki dövrlərdən daha yaxşı çıxış edəcəyinə, tarixi uğur qazanacağına kiçik şübhəm belə yoxdur. Hər şey qaydasında getsə, yəni mane olmasalar, Qurbanov Azərbaycanı AÇ-2020-yə çıxaracaq. "Qarabağ"a da heç nə olan deyil. Məncə, Qurbanov layiqli davamçısı ortaya çıxana qədər iki işi paralel apara bilər və bunda hansısa çətinlik olacağını düşünmürəm. Bu təyinata nikbin yanaşmalı, Qurbanova sonuna qədər dəstək olmalıyıq." — deyə K.Məstəliyev əlavə edib.
İdman şərhçisi, "Kaspi" qəzetinin redaktoru Natiq Muxtarlı isə hesab edir ki, Qurban Qurbanovun yığmaya baş məşqçi gətirilməsi, təyinat yox, tələdir:
"Bu, AFFA-nın ən böyük hiylələrindən biridir. AFFA rəhbərliyi bu addımla özlərini sığortalamış oldu. İndiyə qədər qurum yığmaya yerli baş məşqçi təyin olunmasına qarşı çıxırdı. İctimaiyyətin tələbləri həmişə qulaq ardına vurulurdu, əcnəbi mütəxəssisə güvənirdilər. Ancaq əcnəbilərlə birlikdə qarşılarına qoyduqları tapşırığı icra edə bilmədilər".
Muxtarlının sözlərinə görə, Rövnəq Abdullayevin AFFA prezidenti seçilməsindən sonra futbola təxminən yarım milyard yatırım edilib. Nəticə isə yoxdur. Klub futbolunda "Qarabağ" uğur qazanıb, milli komandalar isə bütün yaş qrupları üzrə biabırçı nəticələr göstəriblər. Bakının da ev sahibliyi edəcəyi Avro-2020-yə vəsiqə əldə edə bilməsək, AFFA rəhbərliyi təkcə ictimaiyyətin qınağına tuş gəlməyəcək, həm də ölkə rəhbərliyi qarşısında hesabat verməli olacaq. Məhz bu hesabatdan can qurtarmaq üçün Qurban Qurbanov yığma komandaya gətirildi.
"Bu, Qurbana sevgi deyil, sabahkı sorğu-sualdan qurtulmaq üçün atılan addımdır. İşdir, yığma komanda Qurban Qurbanovla da nəticə əldə edə bilməsə, AFFA rəhbərliyi özünü sığortalayacaq ki, "Quran da bacarmadı". Belə olan təqdirdə isə tənqidlər məhz Qurbana yönələcək" — deyə Muxtarlı bildirib.
İdman yazarı bu təyinatın onu qorxutduğunu da dilə gətirib:
"Sözün düzü, bu təyinat məni çox qorxudur. Azərbaycan futbolunda cəmi 2-3 mütəxəssis var. Onlardan birini itirmək təhlükəsi ilə üz-üzəyik. Qurban Qurbanov çətin xilas olacağı tələyə salınıb. Hazırda bizim onu xilas etmək şansımız yoxdur. Sabah isə nəticə olmasa, hamımız Qurbanı döyəcəyik. Yenə də ümid edək ki, Qurban bilə-bilə bu tələyə düşməyib, yığmanın potensialının tapşırığı yerinə yetirməyə çatdığına əmin olduğu üçün bu addımı atıb. Hər halda, çalışmalıyıq ki, bu mütəxəssisi təzyiq altında saxlamayaq".
"Komanda" on-line nəşrinin baş redaktoru Rəşad Ergün Qurbanovun milliyə hansı şərtlərlə keçməsinin detallarının hələ açıqlanmadığına diqqət çəkib. "Çox güman, o, həm "Qarabağ"da, həm də millidə işləyəcək. Düzü, mən Qurbanovun millidə işləməsindənsə, onun hansısa tanınmış xarici kluba yollanmasını istərdim. Azərbaycan millisində "Qarabağ"da olan futbolçu potensialı yoxdur və zaman-zaman bu, Qurbanovun da reputasiyasına təsir edəcək. Amma bir şey də var ki, bizim başqa çıxış yolumuz yoxdur. Ölkənin ən yaxşı futbol mütəxəssisi Qurban Qurbanovdursa, futbolda zirvə olan komandaya — milliyə keçmək onun haqqıdır" — deyə Ergün bildirib.
O hesab edir ki, istənilən halda, bu təyinatdan qazanan milli, Azərbaycan futbolu olacaq. "Qarabağ" isə ciddi nəsə itirməyəcək.
Qeyd edək ki, Qurban Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.