BAKI, 3 noyabr — Sputnik. "Qurban Qurbanovu təbrik edirəm. Uzun fasilədən sonra millimiz yerli mütəxəssisə tapşırıldı. Bununla da Foqtsa, Prosineçkiyə xərclənəm milyonlar, itirilmiş illər, yalançı uğurların təbliğinin fiaskosu təsdiq edildi. Bu illər ərzində ictimaiyyətin fikirləri nəzərə alınmadı. Federasiyanı zəbt edən "italyan", "alman", "ingilis", ümumilikdə əcnəbi sevgisi olan vəzifə sahiblərinin də məğlubiyyətidir". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında sabiq FİFA referisi, tanınmış hakim Tahir Süleymanov deyib. O, yarıtmaz idarəçiliyə baxmayaraq ölkə futbolunun yerli mütəxəssislərin sayəsində inkişaf elədiyini söyləyib:
"Dövlətin hərtərəfli qayğısının olmasına baxmayaraq Azərbaycan futbolu "yerli mütəxəssislər yoxdu", "Azərbaycanlılar futbol oynaya bilmir" adıyla naşı insanlar tərəfindən 10 illərlə geri salındı. Bu yarıtmaz idarəçiliyin fonunda isə klub futbolumuz Avropada irəliləməyi bacardı. Son beş ildə "Neftçi"dən başlayan qrup iddiasını davam etdirən "Qarabağ", "Qəbələ" uğurlar qazandı. Artıq "Qarabağ" Çempionlar Liqasının finallarında oynayan "Atletiko"dan xallar alır. Ən önəmlisi isə, bu uğurların 90%-i yerli mütəxəssislər tərəfindən qazanılıb. Baxmayaraq ki, Müşahidə Şuraları ideyası ilə klub futboluna çox böyük zərbə vuruldu. Yəni bu təyinat milliyə cavabdehlərin istəyilə deyil, qazanılan nəticələr, ictimaiyyətin dəstəyilə həyata keçib".
Bəzi mütəxəssislər Qurbanovun "Qarabağ"la yanaşı millini çalışdırmasının iki cinahdan birinə çətinlik yaradacağını düşünür. Tahir Süleymanov bu barədə də danışıb:
"Dünya praktikasında iki vəzifəni yerinə yetirən baş məşqçilərin çətinliyi çox olub. SSRİ dönəmindən Lobanovski, Beskovdan tutmuş Türkiyədə Fatih Terimə qədər. Mənfi, müsbət tərəfləri olacaq. İlk öncə son 10 ildəki kimi mətbuatda müzakirə olunan — baş məşqçi nə vaxt Azərbaycana dönüb çempionat oyunlarını izləyəcək suallarına son qoyulacaq. Qurban Qurbanov hər tur tribunadan yox, texniki zonadan futbolçuları izləyəcək. Çempionat son illər çox zəifləyib. Onlarla klub dağılıb, rəqabət yoxdur. Belə durumda bütün iddialı futbolçular "Qarabağ"a, millinin baş məşqçisinin yanına can atacaqlar. Hansısa futbolçunun risk edib "Qarabağ"ın təklifinə yox deməsi mümkün olmayacaq. Bu amil "Qarabağ"ın daxili çempionatda iddiasını daha da artıra bilər. Digər tərəfdən "Qarabağ"a qarşı rəqib yerli futbolçular hər tur daha böyük motivasiya ilə oynayaraq millinin baş məşqçisinin gözü qarşısında özlərini yaxşı tərəfdən göstərməyə çalışacaq. Açıqlamalarda da qeyd olunub ki, "Qarabağ" millinin baza komandası rolunu təşkil edəcək. Qurban Qurbanovun klubda işi o baxımdan çətin olacaq ki, yığmaya namizəd futbolçuların oynamasını daha çox təmin etməlidir. Klubda rəqabəti nə qədər yaratsan da artıq milliyə cavabdeh şəxs kimi yerlilərin oynamaması məsuliyyətini Quban Qurbanov daşıyacaq. Bunun fəsadları həm milli, həm də klub üçün mənfi ola bilər. Legionerlərsiz "Qarabağ"ın Avropada uğur qazanması çətin olar. Bu təzadları onlarla saymaq olar. İndiki durumda isə əsas vəzifə istər millidə, istərsə də yaş qrupları üzrə yığmalarda daha uyğun sistemin yaradılmasıdır. Ən çətin proses bu olacaq".
"Federasiyada uzun illərdir "menecer" qrupu var. Onları bölgə futbolu, yerli istedadlar maraqlandırmır. Onlarla əcnəbini milliləşdirmək, şəxsi qazanc əldə etməkdir. Bunun qarşısını Qurban Qurbanov almalıdır və yolda klanlaşmış futbol sistemində çox böyük çətinliklərlə üzləşəcək" — təcrübəli mütəxəssis qeyd edib.
Tahir Süleymanov sonda əlavə edib ki, Zaqatala futbol məktəbinin yetirməsi olan Qurban Qurbanov bölgə futbolunun nə durumda olmasından çox gözəl xəbərdardı: "Millinin gələcəkdə uğurlu çıxışı üçün uşaq-gənclər futbolunda yeni sistem yaradılmalıdır. Əks halda qazanılan uğurları davam etdirmək çətin olacaq və nüfuza böyük zərbə dəyəcək. İnanıram ki, Qurban Qurbanov ən doğru yolu seçəcək. Bu yolda hər birimiz ona dəstək olmalıyıq".