BAKI, 1 noyabr — Sputnik. Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində II dövrəyə start verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, “Qarabağ” səfərdə Madridin “Atletiko” klubu ilə görüşüb. Qarşılaşma yeni inşa olunan “Metroplitano” stadionunda keçirilib.
Birinci hissə qarşılıqlı hücumlar şəraitində keçib. 40-cı dəqiqədə Miçel künc zərbəsindən sonra baş zərbəsi ilə qonaqları irəli çıxarıb — 1:0. İlk yarı bu hesabla bitib.
İkinci hissədə meydan sahibləri hücumların kəsərini artırıblar. 56-cı dəqiqədə Tomas uzaqdan zərbə ilə hesabı bərabərləşdirib — 1:1.
59-cu dəqiqədə Pedro Enrike qırmızı vərəqə ilə meydançadan çıxarılıb və Ağdam təmsilçisi azlıqda qalıb. 88-ci dəqiqədə isə meydan sahiblərinin oyunçusu Saviç ikinci sarı vərəqə alaraq meydançanı tərk edib. Çoxsaylı hücumlara baxmayaraq, "Atletiko" "Qarabağ"ın qapısına yol tapa bilməyib. Oyun bu hesabla başa çatıb — 1:1.
Bu komandalar arasında Bakıda keçirilən görüş 0:0 hesabı ilə bitmişdi.