BAKI, 2 noyabr — Sputnik. Həyatında ölümünə sevəcəyi bir insan olmayan şəxs insan deyil. Canlı olanı cansızlardan fərqləndirən onun hisslərinin olmasıdır. Sevgi bəşəriyyətin bütün fiziki və bioloji qanunlarına tabe olan bir hissdir. Bu hiss canlıya məxsusdur. Yoxdur elə bir insan ki, dəlicəsinə, bütün tabuları, yasaqları, hər şeyi rədd edib ağılsızcasına sevməyi bacarmasın. Amma böyük əksəriyyət öz hisslərini cilovlamağı, özünü bu ülvi hissdən məhrum etməyi bacarır. Amma bir qisim insanlar da var ki, onlar üçün sevgi hər şeyin fövqündə dayanır.
Bu günlər ölkənin gündəmi Fədayə Laçındır. Onu gündəm edən ağır cinayətlər törətmiş bir məhbusun həbsdən qaçmasına yardım etdiyinə dair şübhəli şəxs qismində saxlanılmasıdır. Sonra media hadisələri bir az şişirdərək o məhbusun Fədayənin sevgilisi olduğunu bəyan etdi. İkilinin birgə şəkilləri, videoları sosial medianı bürüdü. Qınaqlar, ittihamlar, təhqirlər bir-birini əvəz etdi. Onu müşahidə etdim ki, ölkənin şou-biznes çevrəsi Fədayəyə sevgi və sayğı ilə yanaşdı. Kimi onun suç işlədiyinə inanmadığını, kimi də tezliklə azadlığa çıxacağına inandığını bildirdi. İndiyə qədər bəndənizdə hər hansı hörmət doğurmamış və münasibət formalaşdırmamış Nadir Qafarzadənin Fədayəyə ağı deməsi onun haqqında fikrimi dəyişdirdi. Ürəyi var imiş. Onun ağısına verilən əcaib-qəraib reaksiyalar olmasaydı, bəlkə də bunları yazmayacaqdım.
Fədayə "vor-zakon"u sevməklə və bunu bəlli etməklə oğlunu rəzil edirmiş. Sevmək, sevdiyinə öz hisslərini bəlli etmək niyə rəzalət olsun ki? Sevmək ancaq Azərbaycan kimi geridə qalmış, orta əsrlər təfəkkürü ilə yaşayan bir cəmiyyətdə "rəzalət", "rüsvayçılıq" sayıla bilər. Ancaq belə ölkələrdə qızı, qadını sevdiyinə görə qınaya, təhqir edə, alçalda, öldürə bilərlər. Yalnız bu ölkədə oğlu olan anaya sevməyi yasaq edə bilərlər.
Gənc yaşlarda həyat yoldaşından ayrılmış və tənha qalmış, övladını min müşkülatla böyüdüb ərsəyə çatdırmış, ona olan analıq borcunu yerinə yetirmiş qadının sevmək, ömrünün ikinci baharını yaşamaq haqqı yoxdur?! Kim onun bu doğal haqqını əlindən ala bilər?! Bəsit, dar düşüncəli, özü yaratdığı çərçivələrin köləsi olan adamlar?! O adamlar ki, başqasının malına göz dikməyi, oğurlamağı, atmağı, kələk gəlməyi, rüşvəti, yaltaqlığı, işverənliyi, üzə durmağı, ev yıxmağı həyatının qayəsinə çevirməyi rahatlıqla bacarır, amma səmimi qəlblə sevməyi cinayət hesab edir?! O adamlar ki, qadınlarla olan cinsi münasibətlərini böyük bir qəhrəmanlıq edibmiş kimi hər yerdə bağıra-bağıra, fəxrlə dolaşır və bunu "kişilik" hesab edir?!
Bəsdir, hamınız özünüzü qoymusuz artistliyə. Ağıllı-ağıllı yazırsız: "Oğlundan ayıb olsun, nəyinə yaraşır, soxdu oğlunun papağını yerə, oğlunun qeyrəti olsa elə ananın başını kəsər…!"
Ömrünü mahnılara, musiqiyə vermiş, həyatını mədəsi uğrunda deyil, hissləri uğrunda yaşayan bir insan sizin sevgiyə qısqanclığınızın, məsuliyyətsiz, qaramat, üfunət qoxuyan düşüncələrinizin əsirinə niyə çevrilməlidir?! Onun həyatı, hissləri ona aiddir. Onu şöhrət naminə, "gör filankəs toyuna kimi gətirib" deyilməsi üçün dəstə-dəstə pullarınızı səpərək toyunuza gətirəndə, toyxanalarda oxuduğu mahnılara qulaq asıb feyziyab olanda, qol qaldırıb oynayanda, könlünüzü əyləndirəndə yaxşı idı, amma o kimisə sevəndə, sevdiyi adama görə həbsxanaya düşməyi gözə alanda, sevgisi uğrunda qanunları pozmağa özündə cəsarət tapanda pisdir?! Sevdiyi insan, dost cinayət törədib deyə aferistlik edib onu tanımadığını bildirməli, onunla münasibətlərini danmalı idi?!
Əslində Fədayə hisslərinə görə alçaldılmış, təhqir olunmuş, məhv edilmiş bütün qadınların simvoludur. Bəlkə onun oğlunu anasını "namus üstündə" öldürməyə, ana qatili olmağa təhrik edəsiz, hə!? Axı siz əsrlərdir buna alışıqsız.
Bu dünyada gördüyü işin adamlara "vedrə qoşmaq", son dərəcə ciddi olan məsələləri lağlağıya çevirmək, hər fürsətdə atmaq, kələk gəlmək, badalaq vurmaq olan azərbaycanlılar, söhbət qadının üzərinə gəlincə dərhal namus, qeyrət mücəssəməsinə çevrilirlər. Namus anlayışını qadının bədənindən o yanda dərk edə bilmirlər. Oysa, namus fiziki anlayış deyil, mənəvi anlayışdır. Əməyində, yaşayış tərzində, başqalarına münasibətdə namuslu olmayan, hər fürsətdə başqalarının haqqına girən, əxlaq anlayışını yalnız cinsi münasibətlər müstəvisində dərk edən nəfərlər yığnağı, axı haradan bilsin ki, başqalarının özəl, privat, intim həyatına bu qədər müdaxilə etmək olmaz?!
Sonucda Fədayə Laçın bir sənət adamıdır. Siyasət adamı, dövlət xadimi deyil. Seçki kampaniyalarda iştirak etmir, ölkəni və dövləti yönəltmir. Onun həssas qəlbi sevməyə, musiqidən zövq almağa, yaratmağa, yaşatmağa hədəflənib. Həssas, müdafiəsiz qalmış bir qadına qarşı bu qədər nifrət haradan doğur!? Lev Tolstoy "Anna Karenina"sında göstərirdi ki, gizlində sevgililəri, oynaşları olan zadəgan silkinin nümayəndələri Anna Karenina kimi şan-şöhrətdən, aristokrat həyatından, nüfuzlu bir dövlət məmurunun arvadı olmaqdan öz sevgisini etiraf edərək əl çəkəcək qədər səmimi ola bilmədiklərinə görə ona nifrət edirdilər. Bəlkə siz də Tolstoyun qəhrəmanları kimi gizlində etdikləriniz gün üzünə çıxmadıqca "qəhrəman" olduğunuzu, xəlvətdə hər oyundan çıxıb aşkarda mələk kimi göründüyünüzü düşünürsüz?! Bəlkə ona görə Fədayəni həzm edə bilmirsiz ki, o, sizdən fərqli olaraq sevdiyi insan uğrunda həbslərə düşməyi gözə almışdı?!
Başa düşürəm ki, bir qatilin, cinayətkarın cəzadan qaçmasına yardım etmək cinayətdir. Amma Fədayə hələ sadəcə şübhəli şəxsdir. Onun cinayət törətdiyi sübuta yetirilməyib, məhkəmə onun haqqında qərar çıxarmayıb. Niyə hamı xorla onu cinayətkara yardım etməkdə suçlayır?! Ey özünə sərf edəndə qayda-qanun tərəfdarı olduğunu, adət-törələrin, ənənələrin keşiyində durduğunu hayqıran namus keşikçiləri? Bəs ana qanunumuz olan Konstitusiyada əksini tapmış təqsirsizlik prezumpsiyası sizə heç nə demir?! Bəs hər addımda istinad etməyi sevdiyiniz müqəddəs kitabınız, dininiz günahı şahidlərin şəhadəti ilə sübuta yetirilməmiş bir insanın günahkar sayılmasının suç olduğunu sizə öyrətməyib?!
Artıq Fədayənin "sevgilisi", "cinayət ortağı" sayılan adam öldü. Fədayə bu ağrını, bu yükü bir ömür içində gəzdirməli olacaq. Aman verin bu yükü daşıya bilsin! İmkan varsa, Fədayəni rahat buraxın! Hamı sizin qədər ağıllı, namuslu, əxlaqlı ola bilməz ki. Qoyun başqaları "axmaq", "namussuz", "əxlaqsız" olsun. Bəlkə də bu dünyanı, bu ölkəni ayaqda tutan sizin ağlınız, namus, əxlaq anlayışlarınız deyil, onların "axmaqlığı", "namussuzluğu" və "əxlaqsızlığı"dır!