BAKI, 2 noyabr — Sputnik. Bir çox analar körpə dünyaya gələn kimi onu əmziyə öyrədirlər. Çünki pediatorların bir qismi iddia edir ki, əmzik uşağı sakitləşməsi üçün ideal vasitədir. Son araşdırmalar isə bunun tam əksini sübut edir.
Bir neçə gün öncə Səhiyyə Nazirliyi və UNİCEF-in təşəbbüsü ilə keçirilən tədbirdə mütəxəssislər bildiriblər ki, valideynlər körpələrini əmziklərdən uzaq tutmalıdırlar. Süni vasitə uşaqların səhhəti üçün ziyanlıdır. Bəs əmziklər uşaq orqanizmi üçün doğrudanmı təhlükə yaradır?
Pediator Günay Rəsulova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşağa əmzik verilməsinin tərəfdarı deyil: "Lakin vaxtından tez doğulmuş uşaqlar olur ki, onlarda əmmə reseptorunu formalaşdırmaq üçün əmziklərdən istifadə edirik. Çünki uşaq əmməyə alışmalıdır ki, şüşədən süni qidanı yeyə bilsin".
"Amma bəzi analar rahatlıqları üçün normal körpələrə də əmzik verirlər. Bu, doğru deyil. Çünki həm uşaqlarda çənə aparatının düzgün formalaşmasına mane olur, həm də əmzik əmən uşaqlarda nitqin inkişafı ləngiyir" — həkim bildirib.
Onun sözlərinə görə, eyni zamanda, əmzik gigiyenik cəhətdən çox zərərlidir: "Çünki uşaq yerə düşən əmziyi yerdən götürərək yenidən ağzına aparır və bu zaman da müxtəlif bakteriyalarla da təmas olur. Bu da bir çox xəstəliklərə səbəb olur. Xüsusilə, uşaqlarda mədə-bağırsaq pozğunluğu müşahidə olunur. Həm də əmzik çox istifadə edilib dəyişdirilməyəndə, bir qədər böyük uşaqlarda vaxtından tez diş çürüməsi baş verir".
Pediator Vaqif Qarayev da əmziyin qəti əleyhinə olduğunu deyib: "Əgər uşaq ana südü ilə qidalanırsa, çənəsinin işləməsi üçün ana döşü ən ideal vasitədir. Uşaq ana südü əmərək yatır. Bu zaman valideynlər yatan uşağa əmzik verir. Uşaq da refleks hesabına yata-yata əmziyi əmir. Bu zaman körpənin çənəsi yorulur və ana növbəti dəfə uşağı əmizdirəndə körpə yorulmuş çənəsi ilə döşü əmə bilmir. Nəticədə körpə ac qalır və narahat olur".
"Əmzik gigiyenik cəhətdən düz deyil. Əmzik yerə düşür və uşaq çirkli əmziyi yerdən götürüb yenidən əmir. Uşaq əmzik əmərkən daha çox mədə şirəsi ifraz edir. Bu da körpədə diskomfort yaradır. Bir sözlə, heç bir əmzik ana döşünü əvəz edə bilməz. Əmziyi nə tibbi baxımdan, nə mənəvi-psixoloji baxımdan qəbul etmirəm" – deyə pediator əlavə edib.
Uşaq psixoloqu Aynur Bünyadovanın sözlərinə görə, əmziklərdən yaranan psixoloji problemlərlə ona müraciət edən xəstələr olur: "İldə ən azı 3-4 belə xəstə müraciət edir. 2 yaşa kimi uşağın əmzik əmməsi normaldır. 2 yaşdan sonra uşaq əmzik əmirsə, deməli psixoloji problemləri var. Bu da ana ilə düzgün təmasın qurulmaması ilə bağlıdır".
"Belə uşaqlar əmzikdən bərk yapışır və saatlarla əmziyi əmir. Analara məsləhət görürük ki, uşaqlara diqqət və qayğı ayırsınlar, can rahatlıqları üçün uşaqlara əmzik verməsinlər. Uşaq narahat olarsa, körpəni sinəsinə basıb sakitləşdirsinlər. Körpə diqqət, qayğı tələb edir. Buna diqqət yetirmələri lazımdır" — o bildirib.