BAKI, 29 sentyabr — Sputnik. Anası və anasının qeyri-rəsmi yaşadığı kişi tərəfindən dəfələrlə fiziki zorakılığa məruz qalmış, baxımsız şəkildə küçədə atılmış 5 yaşlı Mikayıl, sentyabrın 26-da Nərimanov RPİ-nin, 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən, Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdi. Uşaq qəbul edildikdə, üzərində müxtəlif dərəcəli bədən xəsarətləri müşahidə edilmiş, məhkəmə tibbi ekspertizasından keçirilmişdi.
Faktla bağlı istintaq davam etdirilir. Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin koordiantoru Vasif Akiflinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Mikayıl sığınacaqda qaldığı müddətdə geyim, qida, tibbi müayinə və müalicə ilə təmin edilib. Bununla yanaşı, sığınacağın yönləndirdiyi asudə vaxtın təşkili, dərs və musiqi qruplarında iştirak edib.
"Reabilitasiyası başa çatan Mikayıl, rəsmi aktlar və öhdəlik imzaları əsasında öz xalasına təhvil verilib. Uşağın sosial və psixoloji vəziyyətini daim nəzarətdə saxlayacaq və hər hansı bir neqativ hal müşahidə edilərsə, dərhal hüquq-mühafizə orqanlarına və hazırda istintaqı aparan müstəntiqə məlumat veriləcək" — Akifli bildirib.