BAKI, 31 oktyabr — Sputnik. "Qarabağ" "Atletiko" ilə burda necə oynayıbsa, orda da elə oynamalıdır. Müdafiəyə otursa, heç nə alınmayacaq". Bunu Sputnik Azərbaycan-a açıqlamasında millimizin keçmiş baş məşqçisi Ağasəlim Mircavadov deyib.
"Əgər "Atletiko", "Qarabağ"ı müdafiəyə keçməyə məcbur eləsə, bunu anlamaq olar. Amma "Qarabağ" özü müdafiə oyununa üstünlük versə, o zaman müsbət heç nə alınmayacaq. Bakıdakı oyunda "Qarabağ" ciddi pressinq elədiyinə görə, rəqib topsuz qalırdı. "Qarabağ" gözə xoş, başa-baş mübarizə apardı və nəticəsi də müsbət oldu" — təcrübəli mütəxəssis bildirib.
Mircavadov, xüsusilə cərimə meydançası yaxınlığında diqqətli olmağın əhəmiyyətinə toxunub:
"Cərimə meydançalarının yan-yörəsində diqqətli olmaq lazımdır. Çünki rəqibin orta xətt oyunçuları həddən artıq hiyləgərdir. Gözlənilməz ötürmələrlə ani qol epizodu yarada bilirlər".
Hər zaman əsas heyətdə oynayan bəzi güclü futbolçuların zədə və cərimə səbəbilə "Atletiko" ilə matçda oynaya bilməməsi barədə Mircavadov deyib:
"Çox ciddi itkilər var. Amma "Qarabağ" kollektiv oynayan komandadır. Çətin də olsa, çalışacaqlar ki, itkilər meydanda hiss olunmasın".
Keçmiş məşqçi, "Qarabağ"ın qrupdakı şansını da dəyərləndirib.
"Qrupda üçüncü olub Avroliqaya getmək üçün "Qarabağ"a mütləq qələbə lazımdır. Ancaq bu çox çətin məsələdir. Çünki "Atletiko" axşamkı oyunda xal itirsə, Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyəcək. Ona görə də, madridlilər çalışacaq ki, meydandan maksimum nəticə ilə ayrılsınlar" — Mircavadov yekunlaşdırıb.